Unudulmaz sevgi şeirləri - Nəriman Həsənzadə, “Elə dayanırsan, elə baxırsan” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu gün rubrikamda Xalq şairi, çağdaş poeziyamızın ən ağsaqqalı Nəriman Həsənzadə yaradıcılığına müraciət edəcəyəm. 

 

Elə dayanırsan, elə baxırsan

 

Elə dayanırsan, elə baxırsan,


Elə bil qarşında quru bir daşam.


İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam.

 

Səni dostlarımla, tanışlarımla,


Mən tanış edərdim nə vaxtsa bir-bir.


İndi özgələri yad ehtiramla,

Deyirlər tanış ol...
Nə qəribədir?!

 

Yuxuda görərdin nə vaxtsa hər dəm,


Yolumu gözlərdin yollardan uzaq.

Mən sənin yuxundan çıxıb gəlmişəm,


Bu da bir yuxudur, gəl tanış olaq.

 

Qoluna girərdim... bu, yadındadır,


gedərdik... yolumuz, arzumuz şərik.


Qolum qollarının lap yanındadır,


toxunsa biz indi üzr istəyirik.

 

Hayanda oldumsa səhər, ya axşam,


Aradın sən məni, gördün sən məni.


İndi gözlərinin qabağındayam,


Hayanda durum ki, görəsən məni?

 

“Ədəbiyyat və incəsənət”

(12.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.