“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, Təbrizdə yaşayıb yaradan Əli Çağla bu gün də sizləri Əmin Əhəryarın yaradıcılığı ilə tanış edəcək.
Əmin Əhəryar
Əmin Əhəryar 1991-ci ildə Əhər şəhərində anadan olmuşdur. İlk təhsilatını və orta məktəb təhsilatını Əhərdə bitirdikdən sonra, Təbriz Universitetində Bədən tərbiyəsi və idman fakültəsini magistr dərəcəsinə qədər təhsil etmişdir. Daha sonra yenidən Təhsilə başlamış, Təbriz PəyamNur Universitetinin Hüquq fakültəsindən Bakalavr dərəcəsinə qədər təhsil etmişdir. Jurnalistliyə və yazmağa marağı olduğu üçün öyrəncilik dərgilərində çalışmışdır və bir neçə dərgidə əməkdaşlıq etmişdir. O, PəyamNur Universitetində olduğu zaman baş yazar və sorumlu müdir olaraq “Güzgü” dərgisini yayımlamağa başlamışdır.
Bizim məhəllədə bir küçə var
O küçənin dib qapısı bizim evdir.
Gün altında yaşlı-yaşlı
Saçlarını yelə vermiş qoca evdir...
Paslı divar
Kərpicləri sökük-sökük
Pəncərəsi quş yuvası...
Şərit kimi simlərindən tor aslanıb,
Tor atanlar yuvasıdır...
Toz qonubdur bu evimizin taxçasına.
Arıq siçan deşib evin bünövrəsini
Evin damın şeh basıbdır.
Nəm iysidir, qoxuyur hey bizim evdə.
Bir lampa var,
Aslanıbdır ayaq üstə
Yanır, sönür,
Bəxtsiz qızın az ömrü tək,
O uzaqdan, xalçamızın güllərinə qaş-göz atır...
Bir mebel var, bir də masa
Ağ divara söykənərək bir saat var
Əqrəbələr qaçaqaçda
Saat dəqiq gecə onda
Ev yenə də qaranlıqda.
Televiziya kənarında, kitabxana ucadadır
Səkkiz kitab bir rəngdə,
Bir boydadır
Bir kitab var qabığında nə adı var, nə kimliyi, nə yazısı.
Yapışıbdır vərəqləri bir-birinə
Elə bil ki, çay calanıb ətəyinə.
İki uşaq nənnisi var bir otaqda
Yəni elə iki uşaq var bizim evdə
Tələsik hey yırğalanır nənniləri
Bu uşaqlar doğulandan bu otaqda.
Kərdimizdə bir sarmaşıq gül bitibdir
Bu uşaqlar doğulandan bu otaqda.
Bir quş gəlir sarmaşığa qonur hər gün
Bu uşaqlar doğulandan bu otaqda
Elə bil ki, ev də gülür,
Dünən bunu güzgüdəki səs deyirdi.
Sındırıblar bu uşaqlar
Qoca evin səssizliyin
Soyuq evin hərarətin
Bu uşaqlar alışdıran.
Yenə günəş göydən baxır
Yenə işıq gəlib evə.
Dib qapıda qoca evi
Bu küçədə gördünüzmü?
Bura bizim məhəllədir
Bura bizim evimizdir.
Yenə sabah oyadacaq uşaqları bizim evdə
Və sarmaşıq yapışarkən qollarından
Qovzayacaq ucalara evimizi...
— — —
Mənim sonucum
Mənsizliyimin rəsmi
Ümidsiz bəxtim
Qapalı taxtım
Bizi oxuyursunuzsa
Didilmiş buludları dərin
Bizdən oxuyursunuzsa...
Hansı saatları necə atlamışıq
Nə ilə sovmuşuq
Dədələrimizlə birgə
Gahdan sayğac gecələrdə
Gahdan günəşli səhərlərdə
Çoxlu çağlarda
Qışlarda, yazlarda
Yarpaqların yaşamdan əli üzülən zaman
Nələrdən keçmişik
Dağları addım-addım enmişik
Düzləri qalxmışıq.
Xəzərdən Urmuya cummuşuq
Arazdan, Acıya.
Şəhər çaylarında boğulmadan
Şəhərləri gəzmişik.
Yel tək doğulduq ağdan
Yəni bizi Xəzər doğdu.
Savalan əmdirdi
Yanar odlar bürüdü.
Sümüklərimiz alışıb, beynimiz diskindi
Ağlımız keçmişin nə olduğunu
Varaq-varaq daş yazılarında vərəqləri
İtkin savaşçının paslı
Qılıncında
Güc göyərir gizli sandıqlarda.
Sabaha danışdıq,
Sabaha atıldıq dünəndən.
Dağları danışdırsansa
Daşları sökülən sapand qayalıqlarından
Danışarlar
Quşları danışdırsansa
Yuvaların sovurub aparan yeldən danışarlar.
Kənd daşını atıb şəhərə gələnlər
Qucaq-qucaq sevgini özləri ilə dəfn edənlər
Pinar coşaraq boğazı buz bağlayanlar
Yarpaqları solmuş quşlar
Qızıl almanı quylayanlar
Biz haradan haraya gəldik?
Mənim bəxtsiz işığım
Yasaqlara batmış bəyaz dəftərləri oxudunuzmu?
Yazılmamış sevdanı,
Sürü tək eşqin dalısınca sürünənlər
Harda özlərini arpa çayına atmışlar...
Buğdalıqları dən-dən aparan sərçəyə nə demək?
Qatarla beyinlərini əzən yağış altında yuva saldılar.
Əynimizi siçanlar deşik-deşik dəlmiş
Yuva qurmadan yuvaları çalmışlar.
Ərk sinəsinə fəxr ödülü asılmış
Bu görünən top yarası deyil
Vüqarını sındırmasa da
Dik dayanmadan beli bükülmüş birisi.
Göz-gözə yatmışıq gündüzlər
Çiyin-çiyinə qalxmışıq gecələr.
Uzun dərələri Qıratla uçmuşuq
Yoxuşları dabanımızla sürümüşük.
Bizi pozublar,
Biz pozulmuşuq.
Bizim halımız adamsız güzgüyə oxşayır
Kimsəsizlik yolları.
Minlər dönə özlüyümüzdən qaçaq salmış dığalar
Bir-birimizi ayrılıq mahnısına bəsləyiblər
Amma yenə dinməməzlikdən usanıb
Bağıran boğaz oldu düşüncəmiz...
Əlimizdən kəsərimiz düşsə də
Qələmimizlə mərmi yaratdıq
Könlünü qızılgülə bəzədik
Ağı desə də
Torpaq bizi alqışladı.
Mənsizliyimin son ümidi
Vərəqləsən məni
Özlüyündən görünən dünənlə sabah yaşayacaq
Al məndən qızılgülləri...
Al məndən ağ lələkləri...
Al məndən qızıl almanı...
“Ədəbiyyat və incəsənət”
(11.01.2024)