“Ədəbiyyat və incəsənət” portalının ”Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün yenidən şeir vaxtıdır, özü də Zöhrab Mehdinin müharibə şeirlərinin.
MÜHARİBƏ ŞEİRLƏRİ
Zöhrab MEHDİ
VƏTƏN
...Səni çeynədilər, səni diddilər,
Niyə dönmədilər daşına, Vətən?
Çiçək əvəzinə, gül əvəzinə
Elə daş atdılar başına, Vətən!
...Fitnədən, hiylədən, kələkdən keçdin,
Döndü cəhənnəmə cənnət qucağın.
Ələndin min kərə, ələkdən keçdin,
Yenə də sönmədi odun, ocağın!
...Səndən inciməyə, səndən küsməyə,
Səni sevməməyə – nə həddim axı?!
Min ildi hələ də qaysaq tutmayan
Qan sızan yaramdı sərhədin axı!
...Sən elə əzizsən, elə gözəlsən,
Qoymuşam hər şeydən ən başa, Vətən!
Sənə fəda olsun min könül, min can –
Olsun ki, sən var ol, sən yaşa, Vətən!
ŞƏHİD KÖYNƏYİ
Öpün üstündəki qan ləkəsindən,
O, qan yaddaşıma şahid köynəyin.
Asın ata yurdun ən təpəsindən
Asın bayraqla tən şəhid köynəyin!
O, adi deyil ki... O, adi deyil,
Onda şəhidimin ahı, göynəyi.
Əyil, qarşısında səcdəyə əyil,
O, ulu bir xalqın şərəf köynəyi!
O köynək torpaqdı, vətəndi axı,
O köynək alınmaz qalamdı, dostum.
O köynək min candı, bədəndi axı,
O köynək balandı, balamdı, dostum.
O, bir talismandı... yada göz dağı
Keçirin altından bu gün Vətəni.
Görsəniz üşüyür daşı, torpağı,
Şəhid köynəyinə bükün Vətəni!
***
... Dünənsən,
Bugünsən, Yarınsan!
Anamsan,..
Balamsan, "yarımsan"!
Haraydasan, ündəsən.
Sən hər şeydən
Öndəsən.
... Yoxumsan,.. Varımsan.
... Tanrı dərgahındasan,
Hər şeyin
Fövqündəsən...
Ulu Vətən,
azman Vətən...
Gün o gündür,
Gözlədiyin gündəsən.
... Bu, nə dönüş?!
Bu, nə görüş?!
... Salam,
Xoş gördük, sevdalı Vətən!
... Aç qollarını,
Qulac-qulac qollarını...
Basım bağrıma
Tozlu, kəsəkli yollarını...
... Gülündən,
Ağacından, yarpağından öpüm.
Düşüm ayaqlarına,..
Suyundan,
Daşından, torpağından öpüm!..
“Ədəbiyyat və incəsənət”
(11.01.2024)