QİRAƏT SAATInda “Eşq mələyi” Featured

        “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

29-cu hissə

“Ömrümə xoş gəldin”

 

Bəzən insanlar öz aralarında kəlmə kəsmədən belə baxışların danışmasının şahidi olurlar. Turalla da belə idi. Ülkər hər dəfəsində görürdü ki, özünün və Turalın utancaq baxışlarıani olaraq bir-birinə dikilir, cəld də aralanır, amma bu bir anlıq qığılcım iç dünyasını yandırıb-yaxmağa bəs edir.

Tural Ülkərdən bir yaş böyük idi, bir dəfə ailə qurmuşdu, amma həyat yoldaşı ilə xasiyyətləri tutmamışdı, ayrılmışdılar. Tural evlilik həyatlarının birinci ilində -- 2006-cı ildə təsadüfən bir nəfər imanlı ilə tanış olmuş, dinə meyil etmişdi, namaza başlamış, tezliklə vəhhabi təriqətini qəbul etmişdi.Balağı yerə dəyməyən şalvar geymiş, saqqal saxlamağa başlamışdı. Az sonra həyat yoldaşını müsəlman adət-ənənələrinə riayət etməyə çağırmış, demişdi, namaz qılmalısan və başını bağlamalısan. Amma həyat yoldaşı nəinki bunu qəbul etmişdi, üstəlik, Turalın özünün dinə meyil etməsinə qarşı çıxmışdı. Beləcə ailədə ixtilaf başlamış, tezliklə ayrılmışdılar.

Tural qıza-gəlinə meyil etməzdi, fikri-zikri yalnız ibadətdəydi, hətta pul-para qazana bilməməsi də eyninə olmazdı, halbuki müsəlman qardaşları özləri onun qeydinə qalmışdılar, topdan gətirilən dini ətirlərdən ona da verirdilər ki, satıb çörəkpulu qazansın. O da Banu üçün “Sahil” metrosu tərəfdə balaca bir köşk kirayələmişdi, xımır-xımır alver edirdilər. Banu da boşanmışdı, onun da ilk ailə həyatı uğursuz olmuşdu, əri narkoman imiş, nişanlı ikən xəbəri yox imiş Banunun bundan. Yaxşı ki, dərhal duyuq düşmüşdü, uşaqları olmamış ayrılmışdılar. Turalla Banu ikiotaqlı ata evlərində yaşayırdılar, Əhmədlidə. Valideynləri rəhmətə getmişdi.

Ülkərin onlara gəlib-getməsi sanki evlərinin buzunu əritmiş, ora yeni bir ab-hava gətirmişdi. Xüsusən iki qadın birləşib şirniyyat bişirəndə, çay süfrəsi arxasında əyləşəndə eyinləri açılırdı, deyib-gülürdülər də hətta. Tural deyirdi, ay Ülkərcik, sağ olasan səni, Banuyla mən axırıncı dəfə haçan güldüyümüzü, inan ki, unutmuşduq.

Ülkərin həyatının çox məşəqqətli dönəmini bu yeni tanışları xeyli yüngülləşdirmişdilər. Anası, bacısı, hətta Nazəndə xanım ondan soyumuş, üz çevirmişdilər. Rəşid müəllim olayından sonra qardaşı Xəyal bilmərrə onu bacılıqdan silmişdi. Doğmalarının onun dərdinə bu cür laqeyd və biganə olmaları, onu anlamaq istəməmələri Ülkəri üzürdü.

Madarla münasibətləri. Nəyi səhv etmişdi axı? Sevdiyi, sevdiyi nə sözdür, aşiq olduğu, canı-ciyəri Rüfətindən onu zorla ayırıb həmin o nadürüstə, vecsizə, üstəlik, əyyaşa, qumarbaza, narkomana vermişdilər, bununla belə, Ülkər uyğunlaşmağa çalışmış, bir dəfə səsini ucaltmamış, narazılıq bildirməmiş, dava-dalaş salmamışdı. Hətta o alçaq üçün dünyaya uşaq da gətirmişdi. Axırda da Ülkəri lazımsız əşya kimi atıb getmişdi.

Rasimlə münasibətləri. Rüfətdən sonra sevgi hissi korşalmışdı, nə edə bilərdi, qəlbinə, hisslərinə hakim ola bilməmişdi, Rasimin sevgisini sevgi ilə cavablandırmışdı. Rasim sonunacan, ölənəcən onunla olacağına sədaqət andı içmişdi, amma anasının bir həmləsi ilə əhdini pozdu, Ülkəri atdı. Kişilik budurmu? Kişi sözü beləsinə əsla yaraşmır axı.

Rəşid müəllimlə münasibətləri. Ülkər iki dəfə başı daşa dəymişdi deyə uzun müddət bu adamı yaxınına qoymamışdı, yalnız kəbin kəsdirib şəriətə uyğun olaraq onunla izdivaca girmişdi. Nə biləydi ki, mənfur Namiq qanqal kimi ortada bitəcək, Ülkərin həyatını məhv edəcək?! Belələrini Allah niyə yaradır axı? İnsanlığa ləkə deyilmi Namiq kimiləri? Gözəgəlimli qadınlara şikar gözü ilə baxan bu alçaqların öz ana-bacıları yoxdurmu? Niyə anlamırlar ki, həyat bumeranqdır,etdiyin pisliklər hərlənib-fırlanıb öz başına dəyəcək? Atalar necə də gözəl deyib: nə tökərsən aşına, o da çıxar qaşığına.

Atalar üçdən deyib. Daha bəsdir. Daha həyatımda kişi xeylağına yer olmayacaq.

Bu kimi təlimatlarla özünü silahlandıran Ülkər hiss edirdi ki, Tural bütün təlimatları bircə baxışıyla cırıb atır, bütün buzlaqları əridir.

Bəli, hərdən baxışları toqquşurdu. “Səni sevirəm”i Tural baxışıyla təkrarlamağa başlayanda Ülkər bir müddət buna cavab verə bilməmişdi, hər halda içində qorxu var idi, başına gələnlər onu o qədər qorxutmuşdu, ilan vuran ala çatıdan qorxan kimi yeni bir münasibətdən qorxurdu. Evə gedəndə dörd divar arasında xüsusən kişilərə qarşı aqressivləşirdi, növbəti bir büdrəmə ilə anasına, bacısına, Nazəndə xanıma özünün “nə yuvanın quşu olması”nı təsdiqləmiş olacaqdı, öz dürüstlüyünü sübut etmək üçün etdiyi cəhdlərdən zorən əl götürməli olacaqdı.

Qızını qucaqlayır, bağrına basır, içindəki tərəddüdləri, hisslər burulğanını heç kəsə izah edə bilmədiyi üçün kirimişcə ağlayırdı.

Günlərsə keçirdi.

Amma bir gün Turalın qarşısında tab gətirə bilmədi, baxışları oğrun-oğrun Turalın baxışlarına dikilib onun neçə gün öncədən dediyi “səni sevirəm” kəlmələrinə “mən də səni sevirəm” cavabını verdi.

Tural gülümsədi, xoşbəxtlik qondu simasına. Aralarında vasitəçiliyi Banu etdi, çünki onlar əsla bu mövzuda danışmağa hazır deyildilər. Banu bir cümə məsciddə ikən Ülkərə “Tural səni sevir, səninlə evlənmək istəyir”söylədi, Ülkər də ürəyi çırpına-çırpına “razıyam” dedi.

Belə razılaşdılar ki, Ülkər hələlik Aylini anasının yanında qoyub onların mənzilinə köçsün.

Anası Ülkərin yeni sevdaya düşməsini top-tüfənglə qarşıladı, qızını göz görə-görə uçuruma yuvarlanmaqda ittiham etdi. Yazıq arvad yenə ağladı, sızladı, “nəslimizin adını batırırsan” deyib imdad elədi. Dedi, bu dəfə də mənim qapıma it balası kimi döyülüb, saçı kəsilib qayıtsan, özümü nöyüt töküb yandıracam.

Amma heç nə Ülkəri fikrindən daşındıra bilməzdi. Xeyli pul yığmışdı, hamısını masanın üstünə qoyub, qızının də üzündən öpüb evdən çıxdı.

Tural həmişə dost kimi mənzillərinə gələn Ülkəri həyat yoldaşı kimi qarşılayanda bircə kəlmə söylədi, söylədi ki, “ömrümə xoş gəldin, Ülkərcik!”

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.