Əli bəy Azəri və “Erməni Borisov” - ƏDƏBİ TƏNQİD

 

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Söz müqəddəsdi. Ona məhəbbətlə yanaşmağı sözə öz möhürünü vuranlardan , onların çeşid-çeşid söz və fikir xəzinlərindən  öyrənmişik. Öyrənmişik ki, sözə əliboş, ürəksiz toxunmaq olmaz. Toxundunsa səndən qaçacaq. Yazarlar (əsl yazarlar)  heç vaxt qələmi əlinə  könülsüz almaz. Əks halda qələm də, varaq da yiyəsindən küsər. 

 

Əsl söz də hər deyəndə qonmaz ruhuna. Axı yazarların ilham pəriləri də özləri kimi bir az dəli, bir az küsəyən, bir az nadinc, bir azca da tənbəl olur. Amma gəldisə də getmək bilmir. Yapışır yaxandan. Məcbur edir ki, onun dediyini eşidəsən. Onun kimi görəsən, onun kimi düşünəsən. Məqsədinə çatanacan sənə dinclik, rahatlıq vermir. Ona görə də ruhu göylərdə uçan yazarlar sözdən   möhkəm tutur. Söz ona, o da sözə arxa durur.

Bəzən gözümdə yazarları Tanrıya, yazıb yaratdıqlarınısa adama bənzədirəm. Axı yazarlar da Tanrı kimi  yoxdan var edəndi. Onlar da yaradırlar. Yaratdıqlarına nəfəs, can verirlər. Üstlərində titrəyirlər, əsirlər, soyuqdan, küləkdən, yağışdan qoruyurlar. Elə Tanrı kimi...

Qələminə söykənən, həyatın sərt üzünə sözüylə duran, düşüncələrinə sahib çıxan yazarlarımızı (yaradanlarımızı) bu baxımdan ən ali kürsüyə, Tanrılıq kürsüsünə qaldırıb qoymaqda yanılmıram məncə.

Yazılan hər şey yazarın övladıdı. Pisiylə, yaxşısıyla onundu. Yaxşı bilirlər ki, yaratdıqlarına  sahib çıxmasalar  itib batarlar ortalıqda. Sonra  zərrəsi də ələ gəlməz.

...Sözdən söz tutduq bir az. 

İndi isə vətənin keşiyində durduğu qədər də  sözün təəssübünü çəkən qələm dostumuz Əli bəy Azərinin yaradıcılığına nəzər salaq. Özü də dostcasına, ərkyana. 

Əli Azəri hələ kiçik yaşlarından sözə könül verənlərdəndi. Lap uşaqlıqdan  Azərbaycanın müxtəlif mətbu orqanlarında  məqalə və yazıları ilə oxucuların diqqətində olub. Meyli jurnalistikaya olsa da tale onu tamam başqa səmtə yönəldib. Ömrünü hərbiyə bağlayıb. Sözünü hərb meydanında dediyi vaxtlarda da qələmini yerə qoymayıb amma.

Bir- birindən məzmunlu nəsr əsərləri yazıb. Onun  "Yurd nisgili" ,"Şah bərəsi", "Generalın yefreytor vəkili" , " Məhəbbət  piyaləsində zəhər" və s kimi iri həcmli əsərləri, həmçinin çoxsaylı hekayə və publisistik yazıları oxuculara yaxşı tanışdı. Dəfələrlə yaradıcılığı  mükafatlandırılıb  və müxtəlif müsabiqələrdə qalib olub. Əsərləri müxtəlif dillərə tərcümə edilib. Həm də iyirmidən çox əsərin redaktorudu.  Sevdiyimiz "Xəzan" jurnalının yaradıcısı və təsisçisidi. AYB-nin ən şıltaq üzvüdü həm də.

Bir sözlə qələm əhlinə, elə geniş oxucu auditoriyasına yaxşı tanış olan bir imzadı Əli bəy Azəri. 

Sözünə söykənən, həqiqətin əlindən tutub işığa çıxaran, doğruları həyat amalına çevirən yazıçı üsyankar olduğu qədər də mülayim və səmimidi. Mübaliğəni sevmir və mümkün olduğu qədər də tərifdən qaçır. (Heç mən də yazarı tərifləməyi sevmirəm. Ayağı yer tutar deyib ayaqyeri qoyuram bir az) 

Vaxtım olduqca Əli bəyin yaradıcılığına da nəzər salıram. Ümumiyyətlə ruhumu tərpədən yazılara biganə qalmıram. Əli bəyin qəhrəmanlarını çox vaxt elə özünə bənzədirəm. Obrazlarında çox vaxt elə müəllifin özünü görürəm. Oxuduqca adama elə gəlir ki, yazıçı özünü, yaşadıqlarını yazır. Təsvir etdiyi səhnələr canlıdı. Pafosdan və dəbdəbədən uzaq yazır əsasən. Bəzəksiz, düzəksiz. Ümumiyyətlə Əli bəy sadəliyi sevən yaradıcıdı. Mümkün olduğu qədər reallığı əks etdirməyə çalışır. Fikirlərini sözlə boyamır. Konkretliyə və həqiqətlərdən   yapışan yazardı. Bəlkə bu xususiyyətidi onu oxucuya yaxınlaşdıran, sevdirən. Azəri hər yazısında özüdü. Sözünü uzaqdan tanıyırsan. Öz yolunu, dəst - xəttini tanıtmağı yaxşı  bacarır.  Zənnimcə bu da bir uğurdu. Heç kimə bənzəməmək, özü olmağa çalışmaq hər yazara nəsib olan xüsusiyyət deyil. Ümumiyyətlə Əli bəy Azəri maraqlı insandı. Bir az da sirli.

..Bu yaxınlarda elə tez-tez bizi sözünün ətrafına yığan,  işığına çağıran yazıçı  yenicə tamamladığı povestini --"Erməni Borisov"- u elektron ünvanıma  göndərdi. Oxumaq, müzakirə etmək, fikir bildirməkçün.(Tənqiddən də qaçan deyil) Düşüncəsinə, istedadına, qələminə bələd olduğumçun  bildim ki, bu əsər də maraqlı alınıb. Yubanmadan oxumağa başladım. (Həm də  bu boyda işin, gücün içində) Elə ilk səhifəsindən yanılmadığımı anladım. Əsəri oxuduqca özümü hadisələrin içində hiss etdim. Düşdüm ötən əsrin burulğanlarına, girdabına. Çıxa bilmədim. Oxuduqca əsər məni özünə çəkdi. Hadisələrin bir-birilə  zəncirvari bağlılığı məndə xususi maraq oyatdı həm də. Axı başdan-başa yaşadıqlarımızı, əzablarımızı qələmə almışdı. Bu gündən dünənə qayıtdım  səhifə-səhifə. Döndüm 80- ci illərə. Ya bəlkə  ondan da əvvələ. Əzablarımıza, qorxularımıza, iztirablarımıza, yaşamaq istəyib yaşaya bilmədiklərimizə səyahət etdim. Gəncliyimiz, buxovlanan arzularımız, çiliklənmiş ümidlərimiz--hamısı  təzədən varaqlandı gözümün önündə. Fikirləşdim ki, gör nə boyda çətinlikdən keçib gəlmişik . Həm də zamanı qurban verə-verə, daşdan, kəsəkdən keçə-keçə aşmışıq bu boyda dağı. Bu günümüzə şükr edə-edə fikirləşdim həm də. Əsərin qəhrəmanı Toğrulla elə ilk tanışlığımızdan saflığı, döyüşkənliyi, məğrurluğu, sadəliyi ilə Əli bəyi xatırladım. Mənə elə gəldi ki, bütün hadisələr elə yazıçının ətraflnda cərəyan edir. Bir tərəfdə təmiz, saf qəlbli  Azərbaycan xalqı, bir tərəfdə kreslo hərisi məmurlar, bir tərəfdə yenidənqurma və demokratiya adı altında gedən qorxunc ictimai-siyasi proseslər, hərc-mərclik, saxtakarlıq, xaos, bir tərəfdə ömür boyu bu xalqın çörəyini yeyib özünə qənim kəsilən erməni şovinizmi. Bəlli yaşımız olduğu üçün bu hadisələrin canlı şahidləri kimi təkrar yaşadım o illəri. Bir az da ağrıyla, bir az da müdrikcəsinə. Başımıza gələn bəlaların arxasında dayanan qüvvələrə söyə -söyə həm də. Əsərdəki hadisələr yerini dəyişdikcə yeni nüanslarla rastlaşdım. Yazıçı məni Bakıdan tutmuş İrəvanacan  müxtəlif hadisələrlə üz-üzə qoydu. Əsərin adı da maraqlıdı. “Erməni Borisov" . "Arxalı köpək qurd basar" misalı yadıma düşdü.

Əsəri  oxuduqca  təpədən dırnağacan milliyətçi olan  erməni xalqının (xalq demək olarsa) məqsədlərinə çatmaqçun hansı oyunlardan çıxmasının bir daha şahidi olursan. Özü də Əli bəyin öz üslubunda.  Əsərdə hadisələr elə ustalıqla və sadə dillə təsvir olunub ki, elə bilirsən ki, heç aradan 30 ildən çox zaman keçməyib. Bizim vəzifə hərislərimizin böyük rus sevgisi, bu "sevgi"dən doğan xəyanətlər, xəyanətlərdən yaranan faciələr bir-bir adamın gözünün önündə canlanır. Qurdla quzunun bir yerdə otladığı zamanlar olsa da, üzdə "sakitçilik"  hökm sürsə də, daxildə gedən çəkişmələr, hərc- mərclik, qonşuların bizə erməni münasibəti əsərdə açıq-aydın hiss olunur. Elə bil ki, nəyəsə hazırlıq gedir. Toğrul suallar girdabında batır. Sanki bizi irəlidə gözləyən böyük faciələri  öncədən görür.   Qonşularımızın düşmən mövqeyi, şimaldan əsən soyuq küləklərin ölkəmizə təsiri və qaraguruhçuların yalançı hay-küyü Toğrulda mübarizə əzmi yaratsa da, təkdi. Həyat yoldaşı belə onun yanında deyil. Hər vəchlə  Toğrulu  öz yolundan uzaqlaşdırmağa çalışır: "Bunlar sənin nəyinə lazımdı, ay Toğrul. Demokratiya aşını bişirən özü bilər necə yedirər. Sən axı kimsən? Adi bir kinomotoqrafçı". Bütün bunlara baxmayaraq  Toğrulu inadından döndərə bilmir. Əslində qadın da hər şeyi anlayır, amma mübarizənin sonunun da nə ilə nəticələnəcəyini yaxşı bildiyi üçün susmağı seçir. Bir tərəfdən o da haqlıdı. Bütün bunlara baxmayaraq Toğrulu sonda meydandan uzaqlaşdırırlar. Elə sapı özümüzdən olan baltalar. Amma adama elə gəlir ki, Toğrulun mübarizəsi də kortəbiidi, pərakəndədi. Yetərincə üsyankar deyil. Ona görə də tez uduzur. Bu isə oxucunu məyus edir. Axı oxucuyçun əsərin qəhrəmanı axıracan qəhrəman qalmalıdı. Bu isə yetərincə çətindi. Ən ideal qəhrəmanın da bir zəif cəhəti olur. Toğrulun da zəif cəhəti yolu axiracan gedə bilməməsidi. Amma mənə elə gəlir ki, bu məğlubiyyətin özü də bir qalibiyyətdi. Qarşıda Toğrulu bütöv qələbə gözləyir. Mənim fikrimcə əsər natamamdı. Yazıçı  onu bu günəcən gətirməlidi. Oxucunu intizarda qoymaq olmaz. Toğrulun sonrakı taleyi müəmmalı qaldı. Onu mübarizə meydanından uzaqlaşdırmaq növbəti mübarizənin başlanması deməkdi məncə. Axı hər şeyə üsyan edən adam belə asanlıqla məğlub ola bilməz. Əsərin qəhrəmanının mütərəqqi ideyaları bu günəcən gəlib çıxmalıdı. 80-ci ildən üzübəri hadisələri təsvir edə-edə,  başımıza gələnləri yazıçı təxəyyülünün  süzgəcindən keçirə-keçirə həm də. Zənnimcə povesti böyüdüb irihəcmli roman səviyyəsinə çatdırmaq  lazımdı. Bu mənim fikrimdi əlbəttə. Bütün bunlara çatmaqçun  Əli bəyin yetərincə potensialı və sözü var. Onsuz da son söz yazarındı. Mənə isə  yazıçıya bolluca oxucu sevgisi arzulamaq qalır. Uğura gedən yol məhz sevgidən başlayır axı. Bu sevgini qazanmaqsa elə də  asan deyil. İnanıram ki, hər şeyə rəğmən   bu əsər də seviləcək. Bütün əyər-əksiyi ilə  "Erməni Borisov” da bir uğurdu. Sonrasını zamanın  ixtiyarına buraxaq.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.