Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Çağdaş Azərbaycan nəsrinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan ədəbiyyatının Qızıl Fonduna “Fətəli fəthi” kimi monumental bir roman bəxş etmiş, həyatının son dönəmlərini mühacirətdə keçirən sözün həqiqi mənasında Böyük yazıçını itirdik.
Bəli, əməkdar incəsənət xadimi, professor, 1959-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü Çingiz Hüseynov vəfat etdi. Bu barədə onun oğlu Həsən Hüseynov sosial mediada məlumat verərək bizləri dərin kədərə qərq etdi.
Qeyd edək ki, Çingiz Həsən oğlu Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub.
Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. O, “Adını demədi”, “Məhəmməd, Məmməd, Məmiş”, “Fətəli fəthi”, “Ailə sirləri” və s. əsərlərin müəllifidir. Həyat yoldaşı milliyyətcə yəhudi idi, son illər İsraildə yaşayırdı. Elə yaşadığı Qüds şəhərində - müqəddəs bir yerdə də cənnətə qovuşdu.
Gəlin bu uzun ömrə qısaca da olsa nəzər yetirək.
Çingiz Hüseynov Bakıda orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə daxil olmuş, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilmiş, oranı bitirmişdir (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almış, burada namizədlik dissertasiyası müdafiə etmişdir. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olmuşdur (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləmişdir. İlk mətbu əsəri "Bakinski raboçi" qəzetində (16 oktyabr 1955) işıq üzü görmüşdür. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olmuşdur. Əsərlərini iki - ana dilində, həm də rusca yazmışdır.
Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir. Bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. Türkiyə, Belçika, İngiltərə, Fransa və digər ölkələrdə səfərlərdə olmuşdur.
Çingiz Hüseynov heç bir qəlibə, çərçivəyə sığmayan, azadfikirli bir insan idi, ona görə də hakimiyyətlərə, saraylara əsla xidmət etməzdi.
Təəssüf ki, Azərbaycanda bu dahi yazıçı qədərincə tanınmadı, azərbaycanlılar öz görkəmli yazıçıları ilə qürrələnə bilmədilər.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(09.01.2024)