Poetik Qiraətdə bu gün sizlərə Qərbi Azərbaycan kökənli gözəl şairimiz Tahir Talıblının şeirini təqdim edirik.
*
Çevir ki, içini astar üzünə
İçində gizlənən için talansın.
Haraya gedirsən bu kəm ağılnan
Karvanın basılsın, köçün talansın.
Nə gördük götürək düzdən-əyridən
Yüyən önnən gəldi, yəhər böyürdən
Özünnən qabaqda yalan səyirdən
Ağıllın görk olsun, bicin talansın.
Ələyin fırransın, külün ələnsin
Bir torba götürüb, dağlar dilənsin
Dişi qannı qurdun qana bələnsin
Qoyunun qırılsın, keçin talansın.
Bəxt harda cırnadı, tale kəc oldu
Ölüm də deyəsən, bir az gec oldu
Bir müdrik dedi ki, gəldik heç olduq
Ay Tahir, heç olan heçin talansın.
“Ədəbiyyat və incəsənət”
(09.01.2024)