“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
27-ci hissə
Bu qədər mütilik?
Süleyman əlini masanın üstünə vurub qışqırdı. Bu qədər mütilikmi olar, taleyin qarşısında bu qədər təslimçilikmi olar? Ülkər Turalı o yoldan çəkindirmək üçün cəhdlər etməli idi. Turalın bacısı ilə birlikdə. Nəticə olmayacağı təqdirdə məsələni ictimailəşdirməli, tək Turalın deyil, bu yola sürüklənən bütün gənclərin imdadına yetməli idi. O zamanlar radikal müsəlmanların necə dərin psixoloji metodlar tətbiq edərək gənclərimizi yollarından sapındırması mütləq ictimai qınağa səbəb olacaqdı. Nədən bizim cəmiyyətdə o radikalların belə imkanlarının olması təhlil edilməliydi. Xüsusilə cəmiyyət istedadlı gənclərə qarşı etinasız olanda radikalların bundan istifadə edərək gəncləri öz tərəflərinə çəkməsi geniş vüsət alır. Ülkər niyə heç nəyə əl atmır, niyə müticəsinə taleyi ilə barışır?
Yaxşı, bəs bunu yazan şəxs niyə hadisələrin içinə girmir, prosesə müdaxilə etmir?
Yazıçının seyrçi mövqe sərgiləməsi nə dərəcədə məqsədəuyğundur?
Süleyman onu gördü ki, qızlar qapının arxasında dayanıb onun çıxmasını gözləyirlər. O çıxmalıydı ki, qızlar da çıxsınlar. İş saatı çoxdan bitmişdi. Romana necə aludə olmuşdusa, saatdan xəbərsiz idi.
Tələsik yır-yığış edib, romanı da qoltuğuna vurub çıxanda dilli-dilavər qızlardan biri ona sual etdi ki, Süleyman müəllim, nə baş verir?
O da özünü eşitməzliyə vurub tələsik addımlarla yola düzəldi.
Fəvvarələr meydanında yenə qələbəlik idi. Hamı asudəydi, gəzişirdi, harasa tələsən bir şəxs gözünə dəymədi. Düşüncələrində yalnız Ülkər idi. Filmlərin də, bədii əsərlərin də sonunu görmək istedadı var idi onda. İndi də duyurdu ki, sonu əxlaqsızlığa gedib çıxıbsa, demək, Ülkərin Turalla münasibətləri də uğursuzluqla nəticələnib. Bu, aydın idi. Amma bu uğursuzluğun səbəbi kimi o, Turalın qabalığını, yaxud Ülkəri kiməsə dəyişməsini mövcud variantlar kimi saya almırdı, duyurdu ki, hər şeyə nöqtəni Turalın radikal islamçılara qoşulması qoyacaq.
Evə xeyli süst gedib çıxdı.
Dərhal Zərrin də ona irad bildirdi ki, halın əvvəlki kimi deyil, çox dəyişik və pərişansan. Bəhanə etdi ki, başı ağrıyır, hətta həyat yoldaşını duyuq salmamaq üçün onun verdiyi baralgin həbini də başı ağrımaya-ağrımaya içəsi oldu.
Bilirdi ki, Zərrin bu gün ona tək qalmağa imkan verməyəcək.
Elə də oldu. Kabinetinə çəkilib “Fahişə”ni əlinə götürmək istəyirdi ki, Zərrin özünü içəri salıb “Başı ağrıyan çalışmaz, çıx kabinetdən” dedi.
Əlacı nə idi. Çıxdı. Və romanın davamını oxumağı yalnız gecəyə saxladı. Zərrin fısıltıyla yatdığını bəyan edəndə ehmalça yataqdan durub ta ki işıqlaşana qədər mütaliəyə baş vurdu.
“Ədəbiyyat və incəsənət”
(09.01.2024)