BİRİ İKİSİNDƏ - Xəyalə Sevilin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, sizlərə Xəyalə Sevilin şeirləri təqdim edilir.

 

 

SƏNƏ BİR SÖZ DEYƏCƏM

 

Sənə bir söz deyəcəm,

Amma sən qulaq asma.

Xatirəni şəkil kimi böyüdüb

Gözlərimdən asmışam.

Həm özümü qınayıram,

Həm də səni bu axşam.

Çərçivəyə salınmış

Şəkil azadlığıdı mənimki.

Eh! Qarayanız bir gecə

Və şeirdi qəminki.

Mən indi anlayıram,

Ayrılıqlar oxşardı.

Bizim də sevgimiz vardı,

Sevdik, sevdik qurtardı.

Hamı bir-birinin eyni,

Görən kimi tanıyıram –

Odu bu.

Başqa film,

Eyni ssenaridi bu.

Sənə bir söz deyəcəm,

Amma sən qulaq asma.

Sənsiz az darıxıram,

Lap az, çox az, lap çox az.

Unutmağı öyrənir

O vəfalı qızcığaz.

 

 

TA BİLMƏDİM MƏNDƏN SONRA NƏ OLDU

 

Ta bilmədim məndən sonra nə oldu,

O ki qoçaq idi, tez unutdumu?

Mənim ürəyimdən keçənlər belə,

Gözümdən oxunan sirrdi, tutdumu?

 

Yalnızlığın hər üzünü öyrəndim,

Öyrəndim, əməyi boşa getmədi.

...Sayılan, seçilən, bilinən adım

Onun ki adıyla qoşa getmədi.

 

Hər yandan azalan həvəsdi, nədi?

Mən niyə yarımam, hamı birdisə.

Bu dünyaya öz küncümdən baxıram,

O da belə – nə qədər görünürsə...

 

 

İÇİ CANDI, ÇÖLÜ RUH

 

İçi candı, çölü ruh,

İlahi, mən bu bədənin

Çölündəyəm, ya içində?

Öz yerimi tapammıram

Bu boyda dünya içində.

Dağılan fikirlərimi

Sahmana qoya bilmirəm.

Böyütdüm uşaqlığımı,

Bir yana qoya bilmirəm.

İndi ömrün bu yaşında

Nəyi qoyum, nə danışım?

İlahi, səndən başladı

Mənim ilk aldanışım

 

 

AND İÇİB... SƏRXOŞ OLDUM

 

Yadıma yadlığın düşdü,

Soyudum, lap qış oldum.

Sonra səni unutmağa

And içib... sərxoş oldum.

 

Çəkdim səndən baxışımı,

Gözümdəm yerə qoydum.

Xatirəni, həsrətini, ağrını

Həzin bir şeirə qoydum.

 

...Ürəyimin ağ yerinə

Yığdım, yığışdırdım səni...

Bağışla, vaxtını aldım,

Sevdim, sevdim... yordum səni.

 

 

AYRILIQ ƏZRAYILDI

 

Sənə bağlanmağın da

İpini kəsdim axır.

Deyənlər düz deyiblər:

Həvəsdi, bəsdi, axır.

 

Çətindi səni sevmək,

Mən nə ürəklə sevdim?

Ürəyimdən ağlıma

Səs gəldi, vəhylə sevdim.

 

Yanağımın üzünə

Su çilədim, ayıldım.

Gözlərim yas yeridi,

Ayrılıq Əzrayıldı.

 

 

HƏSRƏTİMİN ŞƏR VAXTI

 

Nə ürəyim, nə ağlım

Səndən əlini üzdü.

Təkliyə düşən kimi

Darıxdığım da düzdü.

 

Baxma səsim hüznlü,

Baxma gözlərim yaşdı.

Ah, səni xatırlamaq,

Bilirsən, necə xoşdu?

 

Hamı bir az təsəlli,

Hamı könül boşluğu.

Hamı zaman israfı,

Unutmaq sərxoşluğu.

 

Sən duyğumun sərsəri,

Ruhumun hürr vaxtısan.

Həsrətimin şər vaxtı,

Arzumun hər vaxtısan.

 

 

GÜNDƏLİK

 

Üstümdə

Müharibədən qalib çıxmış

Döyüşçü yorğunluğu.

İçimdə

Məzmunsuz bir boşluq.

Ağlımda

"Dəydimi bu müharibəyə?" sualı,

– Yox.

İnsanın ən təhlükəli vaxtı

Məsumiyyətini itirdiyi vaxtdı.

İndi durub düşünürəm,

Öldürməsəydim məhəbbətini,

Neçə yaşı olacaqdı?

Unutmaq da öyrənilən bir şeydi –

Zaman lazımmış.

Səni niyyət tutub

Döydüyüm qapıdan

Gələn bəd xəbər

Alın yazımmış...

Darıxıram, İlahi,

Yoxluqdu, təklikdi.

Bunun adı bir gün deyil,

Bunun adı gündəlikdi.

 

 

AXIRINCI YOL

 

İnsanın ən axırıncı yoludu

Kişi çiyninin üstü.

Bu ölümlü dünyada

Təkcə ölüm ölümsüzdü.

Hansı dünya qorxuludu?-

Bir can ki öz bədənindən

Qurxub əsə-əsə çıxır.

Torpağın qanına

Bulaşan ömürlər var orda-

Yaşanmamış, köhnəlməmiş,

Göy üzünə təzə çıxır.

Harda qaldı torpaq haqqı?

Andımızı, ahımızı

Cəsəd-cəsəd sərib torpaq.

...Kim bilir,

Bəlkə, elə xəcalətindən

Ölüb yerə girib torpaq.

 

“Ədəbiyyat və incəsənət”

(08.01.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.