“Yenə də çaşdırdı nağıllar məni” - TƏRANƏ DƏMİRİN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalı sizlərəTəranə Dəmirin şeirlərindən daha iki yarpaq yəqdim edir. 

 

 

BU ŞƏHƏR

 

Bu şəhərin adamların don vurub,

Bu şəhərin küçələri yel çəkir.

Bu şəhərin ayaqları yorulub,

Bu şəhərin baxışları yol çəkir.

 

Qapısında növbədədi maşınlar,

Qonaqlıdı, qaralıdı bu şəhər.

Həsrəti var, hicranı var, dərdi var,

Ayrılığa sevdalıdı bu şəhər.

 

Başı üstə əksik olmur qovğalar,

Bu şəhəri hərə bir cür şərləyir.

Göyərçinlər, sığırçınlar, qarğalar

Bu şəhərin göz yaşını dənləyir.

 

Bina-bina betonlaşır bu şəhər,

Hər çiynində bir göydələn ucalır.

Keçmişiylə vidalaşır bu şəhər,

Dükan-dükan, kafe-kafe qocalır.

 

Sümürürlər torpağını, daşını,

Bu şəhərin qəsdinəmi durublar?

Qəpik-qəpik tovlayıblar başını,

Bu şəhəri manat-manat yorublar.

 

Bu şəhərin adamların don vurub,

Bu şəhərin sevgiləri yalavac.

Bu şəhərin köpəkləri qudurub,

Bu şəhərin pişikləri acdı, ac.

 

 

BİR YARPAQ DA DÜŞDÜ…

 

Bir  il də aldatdım ömrün başını,

Bir il də oynadım zaman atıyla.

Bir il də yubatdım qişı beləcə,

Bir il də sevildim payız adıyla.

 

Arzudan arzular doğdu yenə də,

Gah borana düşdüm, gah qara düşdüm.

Gah xəzan oynadı payız saçımda,

Gah da allı-güllü bahara düşdüm.

 

Sarıldım ağ-qara tənhalığıma,

Yordu bu suallar, cavablar məni.

Keçdim ayrılığın neçə üzündən, 

Sındıra bilmədi əzablar məni.

 

Məni qorxutmadı payız küləyi, 

Könlümdən təptəzə sevgilər keçdi.

Başımın üstündən qara buludlar,

Yolumun üstündən kölgələr keçdi.

 

Bir il də böyüdüm öz təkliyimdə,

Bir il də böyütdü ağrılar məni.

Yenə gizlətdilər həqiqətləri, 

Yenə də çaşdırdı nağıllar məni.

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.