QİRAƏT SAATInda “Eşq mələyi”

  “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

25-ci hissə

 

Yenə də tək

 

Həyatında kişilərdən aldığı zərbələrin davamı gəlmişdi yenə. Atası Qələndərovla qardaşı Xəyal, sonra əri Madar, sonra sevib aldandığı Rasim, sonra da it köpək oğlu Namiqlə kəbinlisi Rəşid onun axırını gətirmişdilər. Kişi tayfasına bilmərrə nifrət edərək həyatını duran yerdən davam etdirməliydi. Bir də heç bir kişi ilə yaxınlaşmayacağı barədə qərar vermişdi, bundan sonra yalnız qızı üçün yaşamalı, onun əlini çörəyə çatdırmalı idi.

İş onda idi ki, Rəşid müəllimlə izdivac qurma ərəfəsində Nazəndə xanım Ülkərin növbəti dəfə aldanmasından qorxub öz təşəbbüsü ilə gedib “Ülkərin xalasıyam” adı altında Rəşid müəllimlə görüşmüş, onun məqsədini öyrənmək istəmişdi. Və bu olaydan sonra Rəşid müəllim gedib Nazəndə xanıma qəhərli səslə demişdi:

-- Mən sizin bacınız qızı üçün hər şeyimdən keçdim, onu dünya malına qərq elədim, hətta ailəmin dağılması riskini də göz önünə aldım. Amma o, fahişəliyindən keçə bilmədi. Mənimlə kəbinli ər-arvad kimi yaşaya-yaşaya əlli manatın müqabilində gündə gizlində birinin altına yıxılırmış. İnanmırsız, hə? Budur, baxın bu şəklə, sürücümün qabağına bu cür uzanıb ki, gəl olaq.

Ülkər göz yaşları içində hər şeyi Nazəndə xanıma danışsa belə, hiss etdi ki, qadının ona qarşı münasibətində əvvəlki hərarət qeyb olub.Ülkərin “ər evi”ndən bu cür şərəfsizcəsinə qovulması anasını tam dərdə saldı, qadın yatağa düşdü, Ülkərlə küsülü oldu, kəlmə belə kəsmədi. Bacısı və qardaşı da onunla münasibəti pozdular. Bütün dünya sanki onun düşməninə çevrildi.

Məsələ belə qoyulmuşdu: Ülkəri atası yaşda varlı-hallı bir kişi saxlayırmış, o isə şadlığına şitlik edib saatı əlli manata kiminlə gəldi yatırmış. Bir gün də kişi onu öz cavan sürücüsü ilə tutanda döyüb, saçlarını da kəsib evdən qovub.

Hər kəs məsələni bu cür bilirdi, Ülkər ha özünə bəraət qazandırmağa çalışsa da, ona inanan bir kəs qalmamışdı.

Bəzən insan təmiz ola-ola heç cür bunu sübut edə bilmir, onu çirkabın içinə elə atırlar ki, güc tapıb çıxa bilmir. Belə məqamda kənardakılar mərhəmət göstərməli, anlayış nümayiş etdirməli, binəvaya kömək etməlidirlər. Onlarsa acımasız olurlar, əl uzatmırlar. Nədənsə deyilənlərə inanır, güclü olan haqsızın yanında olaraq zəif olan haqlıya həqarət göstərirlər.

Növbəti -- 2016-cı ili --otuzuncu baharını Ülkər göz yaşları içində qarşıladı. Bu qəddar dünyada yeganə tutalqası Aylin idi, Aylin olmasaydı, çoxdan həyata əlvida deyərdi.

İnsanlardan qaçırdı, kişi xeylaqlarından ikrah duyurdu. Bir çarpayı xəstəsi olan yaşlı qadına xidmətçilik edib cüzi məvacib alırdı, bununla da birtəhər dolanırdı. Həyatının ən pis dönəminə qədəm qoymuşdu. Yaşlı qadının yiyəsi Naza adlı bir qadın idi, Naza ona daha pullu iş təklif etdi, dedi:

-- Yağ-bal içində yaşamaq istəyirsən? Girirsən feysbuka, instaqrama, harda gözəgəlimli qız görürsənsə, tor atırsan, tanış olub yaxınlıq edirsən, sonra da təklif edirsən ki, gəl səni Dubaya aparaq, aya beş min dollar maaş verəcəyik. Neçə qızı tora salsan, hər qız üçün yüz manat məvacib alassan.

-- Qızları Dubaya nə iş görməyə aparacaqsız ki?

-- Necə yəni nə səbəbə? Ərəblərə satmağa. Fahişəliyə. Qəşəng, hələ bədənləri lırtlaşmamış qızların bir gecəsi üç-dörd min dollardır Dubayda.

Təbii ki, bu tanışlıq Ülkəri qorxutdu, qəti “Yox, bu iş mənlik deyil” deyib Nazadan kənarlaşdı.

Həyatında müdhiş bir boşluq yaranmışdı, bilmirdi bu boşluqda qərq olmaqdan necə yaxa qurtarsın. Bir gün YouTube-dan namaz qılmağı öyrəndi, başladı namaz qılmağa. Başını bağladı, dini ayinləri öyrənib onlara riayət etməyə başladı. İslam dini dinlərin ən gözəlidir. İnsanın ümidlərini almaz, əksinə, onu ümidləndirər.

Quranı tam oxudu, hədisləri əzbərlədi. Dini məclislərə getməyə başladı, cümə günləri cümə namazlarını gedib məsciddə qıldı. Bir dəfə məsciddə Banu adlı bir imanlı qadınla tanış oldu. Banu da həyatdan küskün idi. O da ərdə olub çıxmışdı, ərini başqa qadınla tutmuşdu. Çox yaxınlaşdılar, bir-birinin evinə get-gəlləri yarandı. Banunun özü kimi imanlı qardaşı da vardı, Tural adında. Ülkər kişilərə nifrət etsə də, Turaldan nədisə əsla çəkinmirdi, bəzən saatlarca üçlükdə söhbət edirdilər. Söhbətlərin bir mövzusu var idi, o da din idi, Quran idi.

 

 “Ədəbiyyat və incəsənət”

(07.01.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.