Qafar Cəfərli, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Yazıçılar Birliyi Lənkəran Bölməsində "2023-cü ildə bölgənin ədəbi həyatı: görülən işlər və vəzifələr" mövzusunda tədbir keçirilib.
Bölgə yazarlarının iştirakları ilə keçirilən və ötən ilin son tədbiri olan tədbiri giriş sözü ilə bölmənin sədri, yazıçı-publisist Qafar Cəfərli açaraq iştirakçıları salamlayıb. Ölkəmizin 2023-cü ildə siyasi və ədəbi həyatda qazandığı uğurlardan danışaraq o, iştirakçıları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.
Bölgənin ədəbi həyatında görülən işlərdən danışan bölmənin ədəbi məsləhətçisi Ağamir Cavad 2023-cü ildə AYB Lənkəran Bölməsinin təşkilatçılığı ilə görülən işlərdən, həyata keçirdiyi layihələrdən danışıb.
Sonra Bölmə sədri Qafar Cəfərli 2023-cü ildə Bölmənin tədbirlərində fəal iştirak edən və yaradıcılıq uğurlarına görə bir qrup yazara Bölmənin Fəxri Fərmanını təqdim edib.
Şair və yazıçılardan Ziyafət Yəhya, Hafiz Mirzə, Səyavuş Süleymanlı, Əlizadə Əsədov, Şəfahət Şəfi, Eldar İlqaroğlu, Vilayət Məmmədov, Əməkdar məşqçi İdrak Dadaşov çıxış edərək bölmənin 2023-cü ildə gördüyü işləri yüksək qiymətləndirib, bu fəaliyyətin daha da güclənməsi üçün arzu və təkliflərini bildiriblər.
Tədbirdə iştirak edən AMEA Ədəbiyyat İnstitutunun ədəbi-tənqid şöbəsinin müdiri, AYB idarə heyətinin üzvü, filologiya elmləri doktoru, tanınmış ədəbi tənqidçi Vaqif Yusifl Bölmənin Respublikanın ədəbi həyatındakı nüfuzlundan söz açıb, görülən işləri alqışlayıb. Vaqif Yusifli Lənkəran Bölməsinin tanınmış yazarlarının yaradıcılığı haqqında qələmə aldığı ədəbi-tənqidi məqalələrindən danışıb, yeni məqalələr yazmağı planlaşdırdığını söyləyib, hər kəsə yeni ildə yeni yaradıcılıq uğurları diləyib.
Bölmə sədri Qafar Cəfərli bütün təklifləri nəzərə alaraq 2024-cü ildə nəzərdə tutulan işlər haqqında məlumat verib, hamıya yaradıcılıq uğurları diləyib, tədbiri yekunlaşdırıb.
Sonda xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)