Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”
Azərbaycan nəsrinin sayılan-seçilən və ən qocaman təmsilçisi Vidadi Babanlı iki gün öncə 97-sini tamamladı və 100-ün cəmi üç addımlığına çatdı.
Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, “Şərəf” ordenli yazıçı Vidadi Babanlı Böyük insandır. Böyük Şəxsiyyətdir. Qürur duyduğumuz Ziyalıdır. Sovetlər dönəmində o, əl-əl gəzən “Vucdan susanda” romanını yazdı. Bu romana görə Yazıçılar Birliyində Mərkəzi Komitənin tapşırığı ilə ona istintaq qurdular. “Sovet insanının vicdanı niyə sussun axı” sualını verib, “Sən niyə Kommunist Partiyasına üzv olmursan?” ittihamını tuşlayıb da onu xalq düşməni çıxarmaq istədilər. İmperiya nökərləri imperiyaya imperiya ağalarından da sayıq xidmət edirlərmiş. Amma romanı oxuyan Kremldəki başbilənlər onun qadağan edilməsini deyil, əksinə, təbliğini lazım bildilər və “Vicdan susanda” rus dilinə çevrilib 100000 tirajla çap olundu. Ən qəddar rejimlər belə böyük ədəbiyyatın qarşısında acizdirlər.
Bax belə bir əhvalat!
“Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Vidadi Babanlını yeni il münasibətilə və anadan olmasının 97-ci ildönümü ilə əlaqədar olaraq evində ziyarət etdilər.
Vidadi Babanlı ziyarətə gələn hər kəsə, xüsusilə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri İlham Pirməmmədova və İctimai Birliyin üzvü Sultanxanım Nəsibovaya ona göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirdi.
Aşıq Şahin Süleymanov Vidadi Babanlının ən çox sevdiyi “Baş Sarıtel” və “Ruhani” havalarını ifa etdi.
Ədəbiyyat Fondunun Baş direktoru, yazıçı Varis öz kitablarını Vidadi Babanlıya hədiyyə etdi.
Şair Rafail İncəyurd Vidadi Babanlıya həsr etdiyi şeiri söylədi.
Sonda ənənəvi olaraq Səməd Vurğunun "Azərbaycan" şeiri saz sədalarının müşaiyəti ilə kollektiv şəkildə ifa olundu.
Qonaqları Vidadi Babanlının oğlu Vüqar Babanlı və qızları çox səmimi qarşıladılar. Görüş xoş təəssüratlarla yadda qaldı.
Biz də Vidadi müəllimi ad günü münasibətilə təbrik edirik. Ona ürəyi istədiyi ömrü yaşamağı Allahdan arzu edirik.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)