Könül, “Ədəbiyyat və incəsənət”
Xalq şairi Vahid Əziz! Lirikanın ən dərinliyini, fikir yükünün ən ağırlığını, poetik gözəlliyin ən təkrarsızını ortaya qoyan bir şairimizdir Vahid Əziz.
Onun bütün yaradıcılığı gözəldir, bizsə son illər yazdığı şeirlərindən seçmələr edəcəyik. Bu oxuyacağınlz şeir 2014-cü ildə yazılıb.
Gərəyi oldum ki...
Məqsədi nəyimiş – anladım indi,
nə üçün becərib, bitirib məni,
bu dünya heç mənə gərək deyildi;
gərəyi oldum ki, gətirib məni.
Oynadıb; hər dəfə bir hava çalıb,
gah dostu olmuşam, gah dava salıb,
inciyib – tufana-alova salıb,
əfv edib çiyninə götürüb məni.
Köhnəydi – yaratdı duyub dəyişəm,
zirvələr dolaşam, köksünü eşəm,
nərdivan bəxş edib; qalxıb-enmişəm,
hərdən ulduzlara yetirib məni.
Bir səmum yeli var, adı – “Əcəldi”,
gülüb qaş-göz edir: “zamanı gəldi”,
dünyaya sayımız artıqmı gəldi,
yoxsa ki, özümə çox görüb məni.
Bilirəm, alacaq verdiyi canı,
həyat –tale dərsi, bəxt imtahanı,
vüsal sarayıyam, hicran zindanı;
dünya özü bilmir – nə hörüb məni...
“Ədəbiyyat və incəsənət”
(30.12.2023)