Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bu dəfə " Cümə günü Əbülfəzqızının 10 sualı ilə" rubrikasının qonağı AYB-nin üzvü, Prezident təqaüdçüsü, şeirlərindəki poetik funksiya daşıyan sözlərin dərinliyi, gözəlliyi ilə qəlbləri riqqətə gətirən, xanım saçlarından ayrı düşüb daraqda ağlayan tellərin dərdini duyan və duyduran şair Əlizadə Nuridir.
-Xoş gördük, əziz şairimiz.
Yaradıcılığınızı görən suallarımızın ürəyi doludur, mən o sualları ağlatmaq istəmirəm və 1- ci sualımızı Sizlə qovuşdururam.
1) Şeytan qoşa- qoşadı,
Mən hansına daş atım?!
... Səhra ömrü yaşadım-
Qoy, indi qum-qum ölüm...
(Əlizadə Nuri)
Əziz Şairimiz, " Şeytana" qalib gəlməyin birinci şərti nədir?
-Adamlar çox vaxt ona görə yıxılırlar ki, ayağlarına etibar etmirlər.
Birinci şərt, yəqin ki, o şeytanı içində öldürmək, Allaha hər gün daha yaxın olmaq, necə deyərlər, Allahın qonşuluğunda yaşamaq, sonda onun "Böyük Evi"nə köçməkdir
Qalan bütün şərtlər sadəcə, təfərrüatdır. Hətta ona daş atmaq belə...
2) "Eşqin hekayəsini dayanmadan fəryad edən bülbüldən deyil, səssiz-sədasız can verən pərvanədən soruş." ( Mövlanə)
Dəyərli Əlizadə bəy, bəs, Siz, eşqə necə tərif verərdiniz?
- Eşqin tərifini bu dünyada heç kim bilmir, bəlkə də. Tərifini bilməsəm də, məncə, o, ən böyük TƏRİFƏ layiqdir.
Qarışqadan soruşmuşlar:
-Hara gedirsən?
-Sevdama doğru.
-Bu ləng yerişlə ona çata biləcəksənmi?
-Çata bilməsəm də, yolunda ölərəm!
Məncə, eşq budur!
Eşq yanmaqdır. Ostrovski deyirdi ki: "Kim ki, yanmır, o, his verir"
3) Meşə yıxılıbdı balta səsinə,
kəsməyə bir balta sapı qalmayıb.
Ağaclar meşədən qaçmaq istəyib,
ancaq yeriməyə tabı qalmayıb.
(Əlizadə Nuri)
Dəyərli Şairimiz, niyə "sapı özümüzdən olan baltaların" vurduğu zərbənin ağrısı unudulmur? Unudulsa belə, zərbənin izləri
qalır...
- Ağac necə deyib?- mənə zərbə vuranın bədəni məndəndir. Bu yaraların şəfası varmı?- bilmirik. Qrasian " Unutmaq ən böyük qisasdır" deyirdi. Amma yox, bu qaysaq verən yaralar qiyamətəcən unudulmur...
4) " Həyat cavanların gözündə sonsuz gələcək, yaşlıların gözündə qısa keçmişdir." ( Artur Şopenhaur)
Əlizadə bəyin keçmişə boylananda: "Kaş ki, bunu edərdim" - söylədiyi məqam varsa, oxucuları ilə bölüşə bilərmi?
- Şopenhauerin fəlsəfi frazalarını mən də sevirəm...
Söhbət şair kontekstinə gəlirsə, şairi danışdıqlarına görə yox, susduqlarına görə mühakimə edərlər. Necə deyərlər, ya sus, ya da susmaqdan üstün bir şey danış.
Şair demişkən, etmədiklərim hərdən məni elə yandırır ki...
İnsanlar bu həyat nərdivanında tez-tez yıxılırlar. Niyə? Bəlkə ayaqlarına etibar etmirlər- ona görə?!
Həyat amansızdır. Eko demişkən: "bu zalım dünyanın hələ bir cəhənnəmi də varmış...
5) Kim toxunub bu sözlərin könlünə,
Bir şairin varağında ağlayır?
O qadın da gözlərini gizləyib...
Göz yaşları yanağında ağlayır.
Sevgi sönüb tüstülənir xatirəm,
Közü də yox, kirpiyimdə gətirəm...
... Saçlarını ovundurub yatıram.
Haçan görsəm, darağında ağlayır. (Əlizadə Nuri)
" Qadınlar nə istəyir?" sualına dəyərli şairimiz Əlizadə Nuri cavab tapıbmı?
- Qadınlar nə istəyir?- ən sadə biçimdə sevgi, nəvaziş, diqqət...
Kim deyibsə, yaxşı deyib: “Kişilər qadınlarda yaxşı bir keçmiş, qadınlar kişilərdə yaxşı bir gələcək arayır"
Karyerist maraqları qoyuruq bir yana...
Mən bir dəfə yazmışdım: bəlkə də, bir qadın təbəssümüymüş, Sonradan böyüdüb günəş ediblər...
Bu dünyanın isinməsi həm də qadınların hesabına olur...
Qadınlar haqda bəzi kişilər tələsik qərar verir. Pələngi öldürməmiş dərisinə qiymət qoymaq trend olub sanki. Bu, yolverilməzdir!
6) " Qəlbə zərər verən iki şey var: qəm və qayğı. Qəm yuxu gətirir, qayğı isə yuxu qaçırır." ( Hippokrat)
Əziz şairimiz, pərişan halınızda qələminiz ruhunuza sığal çəkə bilirmi?
- Yağışdan sonra göy üzü necə toxtayırsa, şeirdən sonra da şairin ruhsal halı eynən olur. Hərçənd, burda qələmin yox, sözün gücündən danışmaq gərək. Qələm, sadəcə, bir alətdir. Durna lələyiylə də dünyanın ən yaxşı şeirini yazmaq olar.
Əsas o ki, "Şair gərək tanrı qədər gözəl olsun bu dünyada" (Puşkin) Və... Yazdığın şeir sənə yox, sən yazdığın şeirə məxsus olmalısan...
7) Ölüm,
heç insafdan deyil ha
bütün ömrü boyu durub səni gözləmək... ( Əlizadə Nuri)
Əziz şairimiz üçün ölümdən sonra nə var?
-Öldüm-ölümün də Sirrini açdım,
Daha bu dünyada heçnə sirr deyil...
Ölmək-ölümün sirrinə agah olmaqdır, məncə...
Zen-buddist fəlsəfəsində deyilir: "Həyat uzun ölümümüzdə qısa fasilədir" Bu "fasilə" bitəndən sonra insan ölümü ilə oturub-durmağa, sevişməyə başlayır.
Bəzən ölmək - yox olmaqdır deyirlər. Məncə, yox. Ölüm- əbədi ömürdür. Mistik, ruhani ölüm. İnsan ölümün ayaq izinə düşüb, öz Allahına qovuşur. Vəssalam...
8) " Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyür." ( Martin Lüter)
Şairimiz yalan danışan insanın yalanını biləndə obrazlı cümlələrindən istifadə edirmi, yoxsa susmağa üstünlük verir?
-Yalan qartopu kimi ola bilər, amma ən əvvəl qardır, soyuqdur, üzünə dəyən kimi üşüyürsən. Yalan danışan adama yazığım gəlir- həqiqətə badalağ atdığına görə...
Dil təkcə danışmaq üçün deyil ki, həm də susmaq üçündür. Yalan danışmaqdansa, susmaq daha gözəl.
Elə mən də yalan önündə susmağa üstünlük verirəm, yalançı adamın taleyini obrazlarla danışıb onu saxlamağa çalışmaq da xilas eləmir.
Yalan həm həyat tərzi, həm də xəstəlikdir, hər iki halda tanrı kömək olsun!
Yalanın ömrü az olur. Axı, çaqqalların hökmü qurd ulayana qədərdir.
Gələcəyimiz üçün ən yaxşı sərmayə danışdıqımız həqiqətlər və etdiyimiz yaxşılıqlardır.
9) İp ucu gəzirəm,
Tapa bilmirəm,
Bu ömrün dolaşıq kələfində mən.
Qapının açılan
Üzündə sənsən,
Qapının bağlanan tərəfində mən... ( Əlizadə Nuri)
Dəyərli Əlizadə bəy, məchulluq məluma keçərsə, məchulluq gücünü itirərmi?
-Məchulluq pərdədir, şirma kimidir. Bir gün onu "aralayıb" görünən dünyaya baxmaq istəyirsən. Dünyanın başını sirli yalanlarla aldatmaq olmaz. Hər məchulun açılacağı bir günə ehtiyacı var.
Qaranlıq məchullar, illuziyalar Günəş doğana qədərdir. İlluziyaların da qürub edəcəyi bir gün olur. Və sən aqressiv-depresiv halardan xilas olmuş olursan.
"Mən Yer kürəsini çeçələ barmağımda gəzdirirəm" kimi obraz cildinə girmiş məchullardan uzaq olmaq gərəkir. Femidanın gözləri əbədi bağlı qala bilməz, məchul katakilizmlər bir gün məluma çevrilib öz ağ libasını geyinəcəkdir.
10) " Kişinin nifrətindən çox, qadının məhəbbətindən qorxmaq lazımdır". ( Sokrat)
Bu fikrə münasibətinizi bölüşə bilərikmi?
-Sokrat müəllimin bu "xəbərdarlığı" ilə razı deyiləm. Nifrətin qorxduğu, çəkindiyi elə sevgidir. Qadın sevgisinə sarılmaq gərək, axı o, isdi qucaqdır.
Qadın sevgisindən o vaxt qorx ki, sən özünü o sevgiyə layiq bilmirsən.
Sevgi müharibəyə bənzəyir, onu başlamaq asandır, qurtarmaq çətin.
Qoy sevgi qurtarmasın!
-Dəyərli şairimiz, vaxtınızdan bizə pay ayırıb rubrikamızda qonağımız olduğunuz üçün Sizə minnətdarıq.
Sonda "Əbülfəzqızının 10 sualı" - ndan hansı daha çox xoşunuza gəldi?-soruşmaq istərdik.
-“10 sualın" hamısını bəyəndim desəm, səmimiyyətimə inanın. Sonda yazıçı dostum Varis bəyə və Ülviyyə xanım, sizə təşəkkürümü bildirirəm!
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)