Rəşad Faxralının “Gerçək nağıllar”ı Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün şeir vaxtıdır, şair Rəşid Faxralının “Gerçək nağıllar” mənzum hekayəsi ilə tanışlıqdır.

 

                                                                    GERÇƏK NAĞILLAR

                                                                      (mənzum hekayə)

 

 

                                                           Vətən müharibəsinin şəhidlərinə

 

"Nağıl dili yüyrək olur", – deyiblər,

"Nağılçılar kövrək olur", – deyiblər,

"Kövrəklərin yüyrəkliyi uşağın

Yuxusuna gərək olur", – deyiblər.

 

Min illərin o üzündən bu yana

"Biri vardı, biri yoxdu...", – deyilib,

Gecələri kirpik çalan uşağın

Yuxuları nazbalınca əyilib.

 

Zaman keçib, vaxt dəyişib...

Yenə də

Uşaqların nağılçısı – babalar,

Gerçəkliyin duaçısı – babalar

"Biri vardı, biri yoxdu...", – deyirdi,

"Müharibə başlayalı, ay bala,

Hüri yoxdu, pəri yoxdu...", – deyirdi...

"Məlikməmməd, Cırtdan yoxdu...", – deyirdi,

"Əlibaba, Əhməd, Məmməd, Ələddin, ...

Nağıllarda çoxdan yoxdu...", – deyirdi.

 

“Müharibə başlayalı nağılların

Əlifi var,

Yusifi var,

Vəziri var nağılların,

Etibarı, Təbrizi var,

Mübarizi, Çingizi var nağılların...", – deyirlər...

 

Acı çəkən gecələr

Acıyla ötüşürdü,

Gecələr uşaqların

Yorğun yuxularına,

Nağıl-nağıl daranmış

İpək yuxularına,

Narın yuxularına

Göydən üç alma deyil,

Üç-üç mərmi düşürdü...

 

Gündə bir buğda boyu

Böyüyürdü uşaqlar

Gerçək qəhrəmanları

Gerçək tanımaq üçün.

Ağ atlı oğlanların

Səngərlərinə sarı

Ağ atlar çapmaq üçün...

Bir işığa dönürdü

Gerçəkliyin nağılı –

Babanın danışdığı

İgidliyin nağılı,

Qaziliyin nağılı,

Şəhidliyin nağılı...

 

İşğal müddətində erməniliyin söndürdüyü ocaqların həsrəti ruhun can köynəyinə dönürdü. Nənələr Allahdan doğma yurduna qayıdınca ömür möhləti istəyirdi, babalar "Ev-eşiyimə dönməmiş ölümə can vermərəm!", – deyirdi. Uşaqlar yeniyetmələşmişdi, yeniyetmələr cavanlaşmışdı, cavanlar əsgərlikdəydi. Torpaqlarımızın işğalı onların da ürəyini sıxırdı, Ermənistan danışıqlardan yayındığına görə Azərbaycan əsgəri də xalq kimi müharibə arzulayırdı...

 

Əsgər nəfəsidi oyadan yeri,

Səngər, bizi döyüşlərə uğurla!

Oyanınca bizə baxır dan yeri,

Səngər, bizi döyüşlərə uğurla!

 

Yal-yamacda dolaşanda küləklər,

Dərə keçib yal aşanda küləklər,

Kola-kosa daraşanda küləklər,

Səngər, bizi döyüşlərə uğurla!

 

Göy üzündən uğur yaşı üzülsün,

Damla-damla yarpaqlara süzülsün.

Silahımın qundağına düzülsün,

Səngər, bizi döyüşlərə uğurla!

 

                            *** 

 

İki əsgər vardı – Ziyəddin, Kəramət. Hərbi xidmətə eyni gündə gəlmişdilər. İlk "salam-əleyk"dən bu yana bir yerdəydilər. Eyni taqımda xidmət edirdilər, çarpayıları yan-yanaydı. İkisi də torpaq mehirliydi, ikisi də tariximizi yaxşı bilirdi. İkisi də dürüst dostuydu. Yuxuları dolaşıq düşəndə pıçıltıyla Başlıbel faciəsindən danışırdılar, Qaradağlı faciəsindən danışırdılar, Meşəli, Ağdaban, Xocalı faciəsindən danışırdılar. İşğalı sonlandırmaq üçün, Şəri biryolluq yox eləmək üçün onlar da müharibə istəyirdilər...

Müharibə başladı. Müharibə xalqın müharibəsiydi. Bu iki dost Füzuli istiqamətində döyüşürdü. Komandirləri ikisinə və daha iki döyüşçüyə döyüşlə sol tərəfdən düşmənin diqqətini yayındırmaq əmri vermişdi. Həmin tərəfdə döyüşürdülər...

 

Sağda güllə səsləri

Axdı daşlığa sarı.

Oruc oğlu Ziyəddin

Ürəyinin gözüylə

Baxdı daşlığa sarı.

Ruhu candan ayırdı

Dar macalda gümanlar.

Bir çəkilməz yük oldu

Ürəyinə damanlar...

 

Kəramətin avtomatı kirimişdi. Ziyəddin ona sarı süründü. Sürünə-sürünə onu səslədi. Kəramətin səsimi gəlmədi, Kəramət onu eşidəmi bilmədi, hər nəyiydisə, Ziyəddinin qəlbini gümanlar didişdirirdi. Bir də səslədi. Güllə səsləri içində səssizlikdən ürəyi sıxıldı. Güllələr papağını sıyırdı. Dizi üstə sürünə-sürünə dostuna yetişmək, onun hoyuna çatmaq istədi...

 

Bir təntələk yel əsdi.

Yaralı döyüşçünün

Ömürünə tələsdi...

 

Dostunun gəlişini duyan Kəramət azca dikəldi. Elə bil gözlərinin işığı artdı. Dar macalda həzin-həzin əsən meh ümidinin köynəyinə döndü, göynəyinin məlhəminə. Dirsəklənmək istədi. Ağrılar imkan vermədi. Canını dişinə sıxıb döyüşlər gedən tərəfə baxdı. Sonra – Ziyəddinə sarı. Gözləri torlaşmışdı...   

 

"Qayıt, döyüşə qayıt,

Döyüş – ömürdən ötə..." –

Kəramətin səsindən

Bir döyüşçü istəyi

Dikəldi pərdə-pərdə...

Heç biri bilmədi ki,

Ömür tilsimə düşür

Ölüm gərnəşən yerdə...

 

"Kəramət!", – Ziyəddinin

Qəfil qırıldı səsi.

Sözünü bitirməyə

Çatmadı son nəfəsi.

Sinəsinə dəymişdi

Snayperin gülləsi.

 

Qaranlıqlar alınca

gözünün qarasını

Sinəsiylə sarıdı

Şəhidin yarasını...

 

                                       ***

 

Əli silah tutanlar döyüşlərə can atırdı, döyüşlərə can atanların ruhu döyüşənlərin sırasındaydı. Anaların dolaşıq yuxularını güllələr qanadırdı. Yeniyetmələrin yollar yoran xəyallarında güllələr didişirdi, ataların düşüncələrində mərmilər partlayırdı. Şəhidlərin sinəsi yaralanan torpaqların sarğısı olurdu. Ot basmış yollara iz düşürdü, iz cığıra dönürdü, cığırlar döyüşə aparırdı, döyüşlər – qələbəyə. Döyüşə can atanlar döyüşənlərə deyirdi ki,

 

Göylər uğur diləyibdi

Ürəyi təmiz oğula.

Uğur duaçısı olur

Hər cığır, hər iz oğula.

 

Bu yaş ərənlik yaşıdı.

Səngərə uğur daşıdı...

Qaraca Çoban daşıdı

Dava günü Kirs oğula.

 

Yolun qar daşı olarıq,

Elin Sur daşı olarıq...

Döyüş qardaşı olarıq

Biz oğullar siz oğula...

 

Üç dostuydular. Hərbi xidmətə eyni gündə gəlmişdilər. Üçü də ali təhsilliydi. İlham ədəbiyyat müəlimiydi, Rəhman rejissoruydu, Mikayıl rəssamıydı. İlhama Şair deyirdilər, Rəhmana Bəstəkar, Mikayıla Rəssam. Müharibə başladı. Onlar da döyüşürdülər. Döyüşə-döyüşə bir-birini qoruyurdular, bir-birini qoruya-qoruya döyüşürdülər, döyüşə-döyüşə Qələbəyə yaxınlaşırdılar...

Füzuliyə hücum olacaqdı. Əmr gözləyirdilər. Yanaşı döyüşəcəkdilər. Zaman dayanmışdı elə bil. Dayanmış zaman içində Şairə elə gəlirdi ki,  barmağıyla torpağa misralar yazır. Rəssam xəyalında rənglərlə Qələbə anının görüntülərini çəkirdi. Bəstəkar qənşərindəki kiçicik daşları royal dilləri kimi dilləndirirdi. Çağıran olmasa, nələr yazılardı, nələr çəkilərdi, nələr eşidilərdi?!

Bir-birinə çataqlı üç güllə səsi eşidildi – döyüş başlamışdı. Şair ortada döyüşürdü. Bəstəkar Şairin sağında, Rəssam şairin solunda...

Güllələr daşlardan qamqalaq qopardırdı. Nə həndəvərlərini yaralayan güllələrə məhəl qoyurdular, nə də yaxınlığa düşən güllələrə.

 

Füzuli...

Köndələnçay...

Dan yerinin ilməsi

Döyüş-döyüş sökülür,

Qaranlığın gözləri

Ovucuna tökülür...

 

"Şair!", – Rəssamın səsiydi, səsindən hiss elədi ki, yaralanıb, köməyə səsləyir. Ona sarı getmək istəyirdi ki, Bəstəkarın səsini eşitdi: "Şair!". O da yaralanmışdı. O da köməyə çağırırdı Şairi...

  

Gümüldənən iki səs

Səlim oğlu İlhamı

Çıxardıb səngərindən,

Yarasından qan damır

Döyüşən səngərin də...

 

Sağda – döyüşçü dostu,

Solda – döyüşçü dostu...

"Şair!" – haraylayır səs,

"Ay şair!" – harayını

Göy üzünə yayır səs...

 

Səsin biri sağa çəkir,

Sola çəkir səsin biri.

İki səsin arasında

Necə böləydi, necə

Döyüşdə bir ömürü?!

 Bir addım sola tərəf,

"Şa-ir...Şa-ir..." harayı...

Bir addım sağa tərəf,

"Şa-ir...Şa-ir..." – harayı...

 

O da qardaş harayı,

Bu da qardaş harayı...

İki səs

təngiyir nəfəs-nəfəs...

Sonda bir daş harayı...

 

Beş-üç anın içində bir addım sola atdı, bir addım sağa. Sağa dönəndə solu yanırdı, sola dönəndə sağı. İki ömür arasında bir ömrü bölməyə gücü çatacaqdımı?..

 

Bir anlığa

Baxır sola,

Baxır sağa...

Güllə dəyir sinəsinə...

Nəfəs-nəfəs əyilir

Üzü üstə torpağa...

Göy üzü kəfən olur

sonuncu nəfəsinə...

 

Azca dikəldi. Üzü üstə torpağa döşəndi. Güllə ürəyindən dəyibmiş...

Bu anlarda onların sağında-solunda güllələr didişirdi. Həmin döyüşdə Şair də şəhid olmuşdu, Bəstəkar da, Rəssam da...

 

***

 

Elvin Şükürlü vardı. Baş leytenantıydı. Xidmət etdiyi hərbi hissə Murovdağ istiqamətində döyüşürdü. Əsgər Samir Qasımovun döyüşdən əvvəl dedikləri hamısının döyüş əzmini, qələbə ruhunu coşdurmuşdu: "Şəhid olsam, qisasımı alsanız, ruhum sizə alqışçı olar...".

Elvin əsgərin qisasını alacağına and içmişdi.

Qisas günü çatıbmış...

 

Yellər qanad çalırdı

Dağın nəfəsi ilə.

Elvin üçün hər səhər

dan yeri sökülürdü

Samirin səsi ilə:

 

Sıyrılı qılıncını

çək düşmənin üstünə.

Qüdrət dumanı kimi

çök düşmənin üstünə.

 

Gecənin gecə vaxtı

göydən ulduzlar axdı...

Elvin uğura çıxdı

tək, düşmənin üstünə...

 

İşıq üçün gözləri

səyriyən qaranlığı,

sükutun bürküsündən

əriyən qaranlığı

yara-yara gedirdi,

dikələn səksəkəni

yora-yora gedirdi...

 

Gedirdi min illərə

sədaqət yerişiylə,

zamanına sığmayan

qətiyyət yerişiylə,

Azərbaycan adında

qüdrət səltənətinə

məhəbbət yerişiylə.

 

Bu yerişin eşqinə

göy yerə alçalırdı.

Qələbə istəyiylə

gecə kirpik çalırdı...

On addım...

Beş addım...

Üç addım...

Son addım...

 

Dan yeri sökülməkdəydi. Səssizcə düşmənin mövqeyinə düşdü. Qarşısına çıxan düşməni səssizcə boğdu, sonra yaxınlaşan başqa düşməni boğdu, sonra üçüncünü, dördüncünü ... Boğduğu beşinci düşmən avtomatın tətiyini sıxmağa macal tapdı...

 

Ermənilər töküldü

güllələrin səsinə.

Elvin son nəfəsində

"Və-tən..." dedi, Vətənim...

Son kəlmə kəfən oldu

sonuncu nəfəsinə...

 

                                       ***

 

Baş leytenant Səid Rəşidzadə bölük komandiriydi. Xocavənd istiqamətində döyüşürdülər.

Döyüşçülər əsə-əsə yüksəkliyə tələsən həlim yelin içində ayaq saxlayıb bir hovurluğuna nəfəs dərirdilər. Bir azdan başlayacaq döyüşün ovqatı qınından sıyrılmış qılınc kimiydi. Anlar ağırlaşmışdı elə bil, elə bil anlar ötüşmürdü. Baxışları qarşı tərəfdəki yüksəklikdən üzülməyən Səid iri bir daşa dirsəklənmişdi. Olmuşları xatırlaya-xatırlaya olacaqları düşünürdü. Ürəyinin üstünə qoyduğu əlində ilahi bir hərarət hiss edirdi. Döyüşlər başlayandan bəri sinəsində gəzdirdiyi bayrağımızın hərarətini işğaldan azad edəcəkləri torpaqaların örtüyü bilirdi. Döyüş-döyüş həmin günə yaxınlaşırdılar...

Şişqayanı azad etməliydilər. Döyüşdən əvvəl deyilmişdi ki, mövqeni 20-yə yaxın düşmən müdafiə edir...  

Köksü səngər olanlar,

Ruhu əsgər olanlar,

Torpaq deməkdi Vətən,

Torpaq Vətən deməkdi,

Topaq döyüşündəyik.

Vətən bayraq deməkdi,

Bayraq deməkdi Vətən.

 

Bayraq döyüşündəyik,

Heç vaxt təntidə bilməz

Duman bizi, çən bizi.

Döyüşə uğurlayır,

İgidlər, Vətən bizi!..

 

Səidin kəlmələri döyüşçüləri döyüş üzünə çıxartdı. Əsən yellər onların ayaqlarına dolaşmırdı.

Xırda boylu yüksəklikləri işğaldan azad etmişdilər. Düşmənin tərpənişləri heç birinin gözlərindən yayınmamışdı...

Döyüş əmri verildi. Döyüşə-döyüşə irəliləyirdilər. Səidin kürəyini döyüşçülərin nəfəsi isidirdi. Komandirin də əsgərləşməsi döyüşçülərin qələbə ruhunu coşdurmuşdu. Döyüşçülərin "Yanındayıq, komandir!" çağırışı didişən güllələrin səsinə qarışmışdı...

Şişqaya görünürdü...

 

Şişqayaya

Azərbaycan bayrağının

İşığından baxırdı.

Onun da ürəyinə

Doğacaq bir Günəşin

Hərarəti axırdı.

Anlar

Bir hünər anlarıydı,

Bir Zəfər anlarıydı,

Yeri Göyə dikəldən,

Göyü Yerə ələyən

Bir heyrət anlarıydı.

O bağırına basdığı

Canım bayrağımıza

Sədaqət anlarıydı...

 

Səid qaçan sonuncu düşmənin arxasınca bir güllə atdı. Nəfəs dərmədən dirəyə bərkidilmiş erməni bayrağını yerə endirdi. Bayrağımızı sinəsindən çıxardıb bağrına basdı, öpdü – baxdı, baxdı – öpdü. Müharibə başlayalı sinəsində gəzdirdiyi bayrağımızı ucalığa qaldırırdı.  

 

Şişqayanı almışıq,

Ərənlərin gücündən

Güc al, bayrağım mənim.

Sənsən mənim varlığım,

Sənsən bəxtiyarlığım.

Ucalıq mələyisən,

Ucal, bayrağım mənim, –

 

deyirdi. Kəlmələri göy üzünün göylüyünə sarılırdı. Göy üzü 28 ildə belə şirin, belə gözəl, belə işıqlı kəlmələr eşitməmişdi. Kəlmələr dan yerinin ağ yelinə dönmüşdü elə bil, az qala Yeri Göyə qaldıracaqdı, Göyü Yerə endirəcəkdi

   

Və səsindən üzüldü

Səidin son nəfəsi.

Sinəsindən dəymişdi

Snayperin gülləsi...

 

                                       ***

 

Bir də iki qardaşın nağılı var, ay oğul. Bu nağıl da Vətənə ad olan onlarla, yüzlərlə gerçək nağıllardan biridi...

 

Tarixin yaddaşındadı

Bu dağın-daşın nağılı.

Ruhumuzda yaşayacaq

İki qardaşın nağılı:

 

İki qardaş vardı: Nazir, Tacir Allahverdiyevlər. Əkiz qardaşıydılar. 19 yaşları vardı. Ağdamın Güllü kəndində anadan olmuşdular. Hərbi xidmətə eyni gündə getmişdilər. Əsgəriydilər. Eyni hərbi hissədə xidmət edirdilər. Onlar da torpaqlarımızın işğaldan azad edilməsi üçün müharibə arzulayırdılar. Onlar da döyüşmək, işğalı sonlandıracaq döyüşçülərin sırasında olmaq istəyirdilər.   

Min illərlə cavanlarımız dağları duman bürüyəndə diləyini həm qılınca çevirib, həm də şeirə:

 

Harayın haqq harayıdı,

Gələrik, dağlar, gələrik.

Qəhərini qardaş kimi

Bölərik, dağlar, bölərik.

 

Duruldarıq kəhrizini,

Şər əyə bilməz dizini...

Yollarından yad izini

Silərik, dağlar, silərik.

 

Döyüş yolu düşməz düyün,

Qüdrət nurudu gördüyün...

Döyüşərik, Vətən üçün

ölərik, dağlar, ölərik...

 

İkinci Qarabağ müharibəsi başlayanda Nazir də belə demişdi, Tacir də. Oktyabr ayının sonlarında Füzuli  istiqamətində döyüşürdülər. Son döyüşlərədə nazir ayağından, Tacir qolundan yaralanmışdı. Birinin yaralanmasından o birinin xəbəri yoxuydu...

 

Döyüş öyrədəcəkdi

Çovurtma güllələrə

Sevinc xeyli yaxındı,

Yoxsa ki kədər yaxın?!

Nazir Tacirə,

Tacir Nazirə

Bir döyüş qədər uzaq,

Şəhidlik qədər yaxın...

 

Döyüşlərdəydilər. Hərdən əsən, hərdən kəsən yel ağacların budaqlarında duruş gətirə bilmirdi. Nazir sağ cinahda döyüşürdü, Tacir sol cinahda. Sağda döyüş gərginləşəndə Tacirin ürəyi qanayırdı, solda döyüş gərginləşəndə – Nazirin. Döyüşə-döyüşə düşməni sıxışdırırdılar. Qələbə üçün döyüşürdülər. Döyüş bitincə yenə qolları bir-birinin kürəyində çarpazlaşacaqdı...

         Snayper gülləsi Nazirin ürəyinin yaxınlığına dəymişdi. Qanı dayandırmaq mümkün olmurdu. Qardaşının yaralandığını Tacir da görmüşdü. Üzünü qardaşının son nəfəsinə söykəmişdi. Qanı dayandıra bilmirdilər. Müharibə başlayalı Nazirin də, Tacirin də düşüncələrində ancaq döyüş vardı, qələbə vardı. Onlar da qələbəni tezləşdirmək üçün döyüşürdülər, son döyüş üçün döyüşürdülər...

 

Üstünə çöysüyürdü

Buludlar axın-axın...

Göyə baxdı, Göy – uzaq,

Yerə baxdı, Yer – yaxın...

Gözünə çəkəmmədi

 

Bu qədər yaxınlığı,

Bu qədər uzaqlığı...

 

...Bir istək haray çəkdi

Öləziyən səsində.

"Tacirə bildirməyin...", –

dedi son nəfəsində...

 

Bir nəfəs dərimi vaxt ötüşməmiş qarşıdan bir erməni dikəldi. Sonra biri, daha sonra biri. Dikələnlər sağa-sola daraşmağa macal tapmamış Tacirin barmağı avtomatın tətiyini sıxdı. Ermənilərin üçünü də öldürdü. Yerini dəyişmək istədi. Bu an

 

Neçə qəlpə daraşdı

Ərlərə, ərənlərə.

Sipər olan daşların

Gözünün qarasına.

Bu ara snayperin

İki gülləsi dəydi

Xasay oğlu Tacirin

Döşünün arasına...

 

                                                ***

 

Zəfərdən sonra işğaldan azad edilmiş Qızılı Kəngərli kəndində əsgər Kamran Muradov əsgər dostu Seymur Qasımovdan eşitdiklərini xatırlamışdı: "Atam cəbrayıllıdı. Mən Bakıda doğulmuşam, Bakıda böyümüşəm. Evimizdə Cəbrayıl həmişə xatırlanırdı. İllər sonra ordu sıralarına çağırıldım, xidmət etdim, indi tərxis olunuram. Atamın cavanlığının keçdiyi yerlər uğrunda gedəcək döyüşlərdə mən də iştirak etmək istəyirəm. Qismət olsa, döyüşəcəm. Başqa səmtdə döyüşəsi olsam, Cəbrayıla ayaq basanda məni xatırlayarsınız, bir ovuc torpaq sürtərsiniz gözlərinizə...".

Cəbrayıllı əsgərin Cəbrayıla sevgisi elə Vətənə sevgiydi, oğul. Həmin əsgər Cəbrayıl uğrunda döyüşlərdə iştirak etdi...

 

Daşlı yamac...

Daş cığırlar daşlı yola

Dolaşıbdı çataq-çataq...

Döyüş gedir,

Daş yolları,

Yolçusunu

dava udmuş boş yolları

Güllə didir...

Döyüşçülər ermənilik

yuvasını güllələyir,

Sarmaşıqtək

Yaxınların-uzaqların

İnsafına kürmələnən

nəvasını güllələyir,

Yağılığın dürüstlüklə

davasını güllələyir...

 

Döyüş yoluna dönür

Cığırların əlindən

Yapışan hər dağ, dərə,

Dədə uğuru olur

Qurtuluş işığına

Gələn döyüşçülərə...

Döyüş gedir...

Döyüşdə

Çovurtma güllə dəyir

Döyüşən komandirə.

Seymur o anda

döyüşdən sıyrılıb döyüşə getdi,

Bir ömrün ilməsi düşməmiş düyün.

Çatmaq istəyiylə komandirinə

Gələn ölüm ilə döyüşmək üçün.

Niyyət namazıydı uca göylərin –

Yaralı torpağa əyilirdi Gün...

 

Yüz ilin, min ilin boz buludları

Güman buludları, fərz buludları,

Tərsləşən işğalın tərs istəyini

Tərsinə çevirən tərs buludları

Təzədən görürdü illərdən sonra...

Cavanşirliyi,

Beyrəkliyi,

Qaraca çobanlığı,

Xətailiyi,

Cavad xanlığı,

Əlifliyi,

Yusifliyi,

Vəzirliyi,

Mübarizliyi,

Çingizliyi, ...

Yerləri bürüyən bu Göyün altda...

Göylər heyrətindən gözünü sıxdı

Seymurun köksünə güllə dəyəndə –

Ölümlə döyüşə gələn Seymurun

Əli komandirin torpağı sıxan

Qanlı əllərinə, offf, çathaçatda...

 

                  ***

  

Şamil Əliyev də döyüşçüydü. Qubadlı uğrunda döyüşürdülər. Düşmən nə qədər inadla müdafiə olunsa da, döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu üstələyə bilmirdi...

 

Çor güllələr

Dağı-daşı yaralayırdı,

Dağa-daşa çatmayanda

Torpaq daşı, daş torpağı yaralayırdı.

Ermənilik

Azərbaycan əsgərinin

Gerçəkləşən xəyalından çəkinirdi,

Vətən adlı

Sorğusundan-sualından çəkinirdi.

93-də –

İndi döyüş gedən yerdə

Şəhid olan oğulların

döyüşündən, davasından çəkinirdi,

Şəhidlərin qanı düşən

Daş-səngərin, səngər-daşın

nəvasından çəkinirdi...

Çəkinirdi, ancaq yenə

Son qoymurdu niyyətinə...

 Sağa mərmi düşürdü,

Sola mərmi düşürdü,

Qayalardan asılı

Cığırlara can atan

Yola mərmi düşürdü...

  

Sökülən dan yerinin

İşığı çilənirdi

Yarasından qan sızan

Hər daşın-dağın üstə.

Yaralı döyüşçünü

Çiynindən aşırıb o

Qoydu torpağın üstə.

 

Boylanıb baxmadı gün yaxa-yaxda

Daşlara çırpılan güllə səsinə.

Yerə əyilirdi göylər elə bil,

Sığındı əsgərin son nəfəsinə.

 

Daşlığa çəkirdi yollar Şamili,

Başının üstündə meh dolaşırdı.

Vətəndən halallıq alırdı sanki,

Sanki Vətən ilə vidalaşırdı.

 

Düşmənin gözünü qamaşdırmağa,

Duman olacağam, çən olacağam.

Qisas döyüşüdü döyüşüm, Vətən,

Üç şəhid əsgərin qisası üçün

Dördüncü şəhidin mən olacağam!

 

Şəhidlərin istəyini döyüş ruhutək

Avtomatın tətiyinə yığdı barmağı.

“Bu, Əlinin əvəzinə!”,

“Bu, Rahimin əvəzinə!”,

“Bu, Məmmədin əvəzinə!” –

Avtomatın tətiyini sıxdı barmağı...

 

Güllələrin istisindən əridi daşlar,

Güllələrin tüstüsündən boğuldu səngər.

Qumbaranın qəlpələri canına doldu,

Ayaq üstə durammadı, dağıldı səngər.

 

Qapısı-bacası bağlı bir səngər,

Tifaqı əzəldən dağılı səngər

Göz açıb-yumunca bir məzar oldu

Neçə erməninin son nəfəsinə.

Göylər şahid oldu son döyüşündə,

Oğul, ölməzliyin təntənəsinə...

 

                                                 ***

 

          Şuşa döyüşləri ərəfəsində həkim yaralı əsgərdən soruşub ki, yaraların çoxmu incidir. Əsgərin kirpiklərini iki damla yaş isladır. "Müharibədə döyüşçü yaralana da bilər. Məni yaralarım incitmir, həkim, məni döyüşlərdən aralı qalmağım, Şuşa uğrunda son döyüşdə döyüşənlərin sırasında olmayacağım incidir..." – deyib...

          "Atam Şuşada xidmət edib, Şuşada döyüşüb, Şuşada yaralanıb. Deyirdi ki, Şuşanı görmədən ölsəm, illəri ömrümə haram bilərəm. Atam Şuşanı görə bilmədi. Şuşanı işğaldan azad edənlərin sırasında olsam, elə bilərəm, atamın ruhu da döyüşür, Şuşanı görsəm, elə bilərəm, Şuşanı atam da görüb. Döyüşməyimi də, Şuşanın azad edilməsini də atamın ruhuna təsəlli bilərəm", – Vaqif adlı əsgər belə deyirmiş. Şuşanı işğaldan azad edənlərin sırasında İntiqam da olub...

 

Ayaqlar toxunanda

Nərdivana dönürdü

Dağın hər çıxıntısı.

Göyə dayaq dağların

Hələ təmas görməyən

Təzə-tər çıxıntısı.

 

Sərt qayanı, sərt dağı

Çıxıb döyüşənlərə,

Düşməni ucalıqdan

Yıxıb döyüşənlərə

Qələbə ruhu idi

Əsən yellərin səsi,

Çılğınlaşan Qarqarın

Daş tərpədən nəfəsi.

 

Qayaların sərtini

Kəməndə döndərdilər,

Ərliyi, ərənliyi

Sonuncu döyüş günü

Büləndə döndərdilər.

Yaralanmış Vaqifin

Dağın dağ sinəsinə,

Son nəfəsdə qanıyla

Yazdığı kəlmələri

Səməndə döndərdilər.

Şuşada işğalçının

Ümid çırağı söndü,

"Qarabağ bizimdir!" kəlmələri

 Əsgər andına döndü...

 

Bu kəlmənin işığında

Ermənilik xislətini

Əzə-əzə döyüşdülər,

Bir niyyətin boğazını

Üzə-üzə döyüşdülər...

Daş atanın əllərini

Kəsmək üçün döyüşdülər,

"Şuşa!" – deyən dillərini

Üzmək üçün döyüşdülər...

Döyüşənlər deyirdi ki,

Ömür nədi, ölüm nədi,

Biz əsgərik, Vətən deyə!

Ana Torpaq şəhidləri

Uğurladı ölməzliyə!

 

Döyüşçülərimiz

erməniliklə döyüşə-döyüşə

                 yetirdilər Şuşaya.

Yaralıları da, şəhidləri də

Döyüşə-döyüşə

Çiyinlərində

Gətirdilər Şuşaya!.. 

 

Şuşa işğaldan azad edildi. Azərbaycan Ordusu Zəfər  qazandı. Vətən müharibəsi başa çatdı.

 

...daşdı bizə,

Min illər adaşdı bizə.

Son qəmin olsun, ay Vətən!

Hər şəhid qardaşdı bizə!

 

***

  

Oğullar Vətən üçün yaşadılar, Vətən üçün döyüşdülər, Vətən üçün şəhid oldular, oğul. Bu gerçək nağıllarda da gördünüz ki,

 

İgidlər yad izini

Silir nəfəs dərmədən.

Döyüşə Zəfər kimi

Gəlir nəfəs dərmədən.

 

Səngər olur bənd-bərə,

Döyüşə gələnlərə...

Yağını iki yerə

Bölür nəfəs dərmədən.

 

Zirvədi bayraq üçün,

Közdü bir ocaq üçün...

Döyüşdə torpaq üçün

Ölür nəfəs dərmədən…

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2023)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.