Xəbər verdiyimiz kimi, Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyətinin İnkişafı Fondu və Yenises.ru informasiya portalının birgə layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ”Vətən” adlı vətənpərvərlik şeir lərindən ibarət müsabiqə keçirilib.
Müsabiqəyə tək azərbaycanlılar deyil, digər xalqların da nümayəndələri qatılıblar. 200 şeir içərisindən fərqlənən 7 şeirin müəllifləri müxtəlif nominasiyalar üzrə birincilik əldə ediblər. “Ədəbiyyat və incəsənət” portalının əməkdaşı, istedadlı gənc şair, DGTYB başqanı İntiqam Yaşar da qaliblər sırasındadır.
İntiqam Yaşarın "Vətən yazısı" şeirini portalımızın oxucularına təqdim edir.
Soyuq qış... boz divarda al rəng "Vətən" yazısı... Yerdə göyü yandıran bir neçə paslı giliz... Buz ölüm ağuşundan keçən evlər, küçələr... Tarix adlı tabloya barıt qoxusu düşüb. Nigaran bir ananın qorxunc yuxusu düşüb...
Bu sükutdan keçməyə "ürək addımı" lazım, Güllə izi divarda tutulası yer deyil. Yıxılmaqdan qorxmağı öyrənərlər uşaqlar, Bu yıxılmaq qorxusu uşaqlıqla bir deyil. Ölüm havası əsib buralarda, sirr deyil.
Burada yıxılanı kimsə qaldıra bilmir, Burada atalar da, analar da yıxılır. Təkcə Tanrı ayaqda, əlin çatsa qaldırar, Ağ buluddan uzaqda... əli çatsa qaldırar. Burda üzgün ümidlər ovuclarda sıxılır.
Keçmişin havasında üşüyən bir uşağın, Donub ayaq izində qan ləkəli vahimə. Ayrılığa yıxılıb ağacların yarpağı, Ölüm qoxan torpaqda o acıyla kim kimə...
...Durduğum yerə sarı addımlayar bir nəfər, Əlində paslı giliz, bir də çiçək dəstəsi. Yaxınlaşar, divara çiçək qoyub dikələr, "Vətən" deyər... dedikcə divara hopar səsi...
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)