Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Həqiqətən də Nüsrət Kəsəmənli barədə saatlarca danışmaq olar. Şeirləri dillər əzbəri olub onun. Xüsusən sevgi şeirləri.
1946 -cı il dekabr ayının 29-da Qazaxda, Kəsəmən kəndində anadan olan Nüsrət Kəsəmənli bədii yaradıcılığa XX əsrin 60-cı illərində başlayıb, şeirlərinin əsas mövzusu məhəbbət olsa da, insanpərvərliyə, yеr üzərində əminamanlığa, vətənə, torpağa aid müxtəlif əsərlər yaradıb. Onun “Dəli bir ağlamaq kеçir könlümdən”, “Biri vardı, biri yox”, “Oğru olmaq istəyirəm” kimi şeirlərinin dillər əzbəri olması fenomenini isə heç kəs aça bilmir, Nüsrət Kəsəmənli Səməd Vurğundan sonra şeirlərini dillər əzbəri etmək missiyasını uğurla davam etdirib.
Nüsrət Kəsəmənlinin lirikası o qədər axıcı, gözəldir ki, hər şeiri özlüyündə bir mahnıdır sanki, təsadüfi deyil ki, “Dünya köhnə dünyadır”, “Unut kədərini”, “Allahım, ayırma bizi”, “Unuda bilməyəcəksən”, “Özümü aldadıram”, “Biri vardı, biri yox...” kimi yüzlərlə şeirinə musiqi bəstələnib.
Fəal ictimaiyyətçi olan Nüsrət Kəsəmənli 1981- 1984-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, Poeziya şurasının sədri seçilib, 1985-ci ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor kimi çalışıb, 1982-ci ildə respublika Lenin komsomolu mükafatı laureatı olub.
Əfsuslar olsun ki, böyük şair çox az ömür yaşayıb, 2003-cü il oktyabr ayının 16-da 57 yaşında müalicə aldığı Təbriz şəhərində vəfat edib.
Nüsrət Kəsəmənli yüz minlərin yaddaşındadır, ədalətsizlik edib xalq şairi titulunu ondan əsirgəsələr də o, həqiqətən xalqın şairidir. Əminik ki, ədalət haçansa bərpa ediləcək, ona ölümündən sonra Azərbaycanın Xalq Şairi fəxri adı veriləcək. Çox inanırıq!
Könlünə dəydiyim, incitdiyim qız,
Vüqar kölgəsində yatdığım bəsdir,
Odlu yanağından su içdiyim qız,
Bu qədər günaha batdığım bəsdir.
Daha dodaqların titrəməsin qoy,
Mən sənin qarşında titrəyim, əsim,
Səndən dünyaları istəmirəm, yox,
Məni bağışlasan, bəsimdir, bəsim.
Yan desən, alışıb yana bilərəm.
Don desən, yerimdə dona bilərəm!
İndi bilmişəm ki, ömür-gün gedir,
Ən gözəl hisslərim keçir könlümdən,
Qayıt! Sən ömrümə təzəlik gətir;
Dəli bir ağlamaq keçir könlümdən.
“Ədəbiyyat və incəsənət”
(29.12.2023)