Dünyada axır yoxdur, əvvəl var… - Ramiz Qusarçaylının 65 illik yubileyi bu gün AYB-də qeyd ediləcək

Ustad şairimiz Ramiz Qusarçaylının 65 illik yubileyidir, “Ədəbiyyat və incəsənət” portalı olaraq şairi təbrik edir, Şahdağ əzəmətini, Qusarçay itiliyini daim qorumağı arzulayırlq. Yubiley münasibətilə şair Qəşəm Nəcəfzadənin 60 Ramiz Qusarçaylının 60 illiyi münasibəti ilə yazdığı bir yazısını təqdim edirik. 

 

Dünyada axır yoxdur, əvvəl var…

 

(Ramiz Qusarçaylının “ Gedəsən dünyanın axırınacan” kitabı haqqında

bir pərdəli essevari pyes )

 

Gəlib çatdıq Ramiz Qusarçaylıya, onun bu günlərdə Təbrizdə çəkdirdiyi yeni bir şəklinə, Qubanın min yaşı olan qar dənəcəyinə, Zakir Məmməd tənqidinin ilk abzasına...

 

Ramizin bütün çəkdirdiyi şəkillər onun şeirləridi, abzaslarıdır. Qaya kölgəsində, çay kənarında, meşədə, Yazıçılar Birliyində, şeir gecələrində, toyda-nişanda, harda olur olsun, lap on adamla çəkdirsin, fərqi yoxdur, bütün şəkillərdə Ramiz təkdi. Mən belə görürəm, bəlkə başqalarında belə deyil. Görünür, buna da bir səbəb var, daha doğrusu, şəklin içində başqa bir şəkil...

 

Ramizin şeirlərində səhv axtaran tənqidçiyə gülməyim tutur, şeirdə səhv olmaz ki... Necə demək olar ki, təbiət bu qayanı burda yox, gərək bir az o tərəfdə yaradaydı. Deyək ki, Ramiz Qubada yox, Buynuzda, Musa Yaqub da Qubada, elə Qusarçayın sağ sahilində zühur edəydi.

Şair Oqtay Rza danışır ki, əllinci illərin əvvəllərində Yazıçılar İttifaqında Səməd Vurğun gənc şairlərin böyük seminarını keçirdi. Şairlər şeirlərini söylədilər. Səməd Vurğun da diqqətlə qulaq asırdı. Yekun sözündə Səməd Vurğun dedi ki, şeirləriniz çox gözəldi. Amma ümumi bir nöqsan var, xəyalın qanadları zəif çırpınır. Səməd Vurğun haqlı idi. Yaxınlaşmaqda olan 60-cı illərin realizmi romantikanı yavaş-yavaş sıradan çıxarırdı.

60-70 –ci illərdə romantika zəifləsə də (əşya və detalların fəlsəfəsi gücləndi), 80-cı illərdə yenidən qanadlandı və Ramizin şeirlərində xəyalın çırpıntıları səmada öz şeirlərinin xəritəsini cızdı. Əşya və detallara Ramiz qanad taxdı, daşdan buxarlanan məna buludu şeir göyünü tutdu.

Yolda, küçədə olduğu kimi, həyatda və bu həyatın inikası olan ədəbiyatda da yol nişanları var. Janrlar, vəznlər bu saat tıxaclarla doludur. Elə şair var ki, bu tıxacda dayanıb yol gözləyir, eləsi da var ki, yol axtarırır, alternativ yollar seçir, sağdan, soldan, hətta havadan bir şırım açıb xilasına nail olur. Məsələn, Nazim Hikmət küçəsindən keçib, Əli Kərim küçəsinə adlayır, sonra sola burulur, Ələkbər Salahzadə küçəsi ilə gedərək, iki tindən sonra İsa İsmayılzadə, Mikayıl Rəfili küçəsinin kəsişməsində xeyli fikirləşəndən sonra buludlara yol açır, ordan Göyqurşağına, daha sonra fikrin üfüq zolağına düşür. Birdən nə görsə yaxşıdır: ayağını Marsdan sallayıb, uzaqdan Yer kürəsi nöqtə kimi görünür. Amma həyatın yol nişanları daha dəqiqdir. Burda qəza və qəzanın cəzası ağırdır. Harda vəzn, qafiyə, intonasiya sönüklüyü varsa, demək sən yol nişanlarını pozmusan. 

Deyək ki, şeirlərinin çoxunda misranın birini rədifə çevirib bütün bəndlərin sonunda təkrarlamısan (Bu, şeir yazmağın asan yoludur). Bəzən bütün bəndlərin sonunu ancaq əmr felləri ilə bitirmisən, bəzən daşların üstündən şeir buludu qalxa bilməyib, bəzi şeirlərindəki publisistika rejimi səni ilham atından dartıb aşağı salıb, qafiyənin özünün havacatından şeir yaranıb ki, bu ritmik hava da səni poetikadan uzaqlaşdırıb. Bütün bu vaxtlarda yol nəzarətçisi - ədəbi tənqid buludsuz havada nöqtənin üstündə oturub vergülə söykənərək gözünə dolmuş gün işğını ovuşdurur. Yanından gəlib keçən poeziya onu dümsükləsə də, oyanmır, çünki publisistikanın içirdiyi şərab çox tünddür, onu özündən alıb, bu minvalla o çətin ki, poeziyaya çata.

Bəli, Ramizə çatmaq, onun sivri təfəkkür şüası ilə birlikdə addımlamaq ancaq duyğunun işidir. Kimdə varsa, buyura bilər. Yoxdursa, hələ publisistikanın yanında oturub gözləsin, yeni bir adam gəlməlidir, ona qoşulub gələr. Hələlik ayağını Marsdan sallayıb uzaqda nöqtə kimi görünən Yer kürəsinə baxmaq sonraya qalsın.

Yuxarıda Ramizin şeirlərinə şəkil dedim, çünki bu dəqiqə əlimdə olan “Gedəsən dünyanın axırınacan” kitabı mənə ən çox dram təsiri bağışlayır, içindəki şeirlər Ramizin ən gözəl şəkilləridir. Məsələn, birinci şəkil “Azərbaycan bayrağı”, ikinci şəkil “Qurban olduğum vətən,”  üçünücü şəkil, dördüncü, beşinci və sair və ilaxır. Beləcə sonacan saymaq olar. Bu öz yerində. Bu şəkillərin, səhnələrin ən gözəl rejissoru da elə şairin – Ramizin özüdür. Bəzən o mənə Akademik Milli Dram Teatrın səhnəsində böyük monoloq söyləyən Hamlet kimi görünür, şübhəsiz, burda onun yaxın dostu əməkdar artist Ağalar Bayramovun diqqəti öndə olmalıdır. Ona görə də bir əlini Ramizə uzadır, amma çağırmır, onun qolundan yapışmır, sadəcə, bu monoloqu özünə oxşadır, bir az da özünü tanımaq istəyir; əcaba, bu nədir, Ramiz mənəmmi? Bəlkə elə burda mənim yerimdə oturan Ramizdir. Bəli, Ağalar səksəkədədir. Şair dostu - yaxın dostumuz Əjdər Ol isə son oturacaqda əyləşib əllərini çənəsinə dayayaraq “burda nəyin yaxşı, nəyin pis” olduğunu düşünmək fərqindədir. Lakin bunu hələlik burda deməmək, deyək ki,  hardasa Qubada və ya Şamaxıda tədbirdən sonrakı “tədbirdə” sözarası demək fikrindədir. Bəli, bu kitab böyük monoloqdur. Ramiz danışır, od püskürür. Belə səhnələrdə Ramizin şəkilləri əla alınır. Ağalar ayağa qalxdıqca, əllərini ona uzatdıqca, Əjdər daha da arxaya söykənir. Elə bu zaman Ramiz səhnənin bir küncünə çəkilir, səs avazıyır, yerə çökür, dizlərini qatlayır, özü əyildikcə səsi daha da yuxarı sıçrayır. Ağalar geri dartınır; yox bu, o deyil, Əjdər ön oturacağa gəlir. Ramiz əyilib teatrın yenicə rənglənmiş döşəməsindən qurumuş bir bənövşə götürür və deyir: “Gedəsən dünyanın axırınacan”. Bax, budur, felin arzu şəkli, Ramizdə gözəl alınır. Açıq saitlər, a,ə, o, ö səsləri şairin dilində yenicə açmış bənövşələr kimi görünür. Bu, əlbəttə, Əjdərin fikri ola bilər. Amma dərindən düşünsək, elə dünyanın axırı onun əvvəlidir, dünyada əvvəl, axır yoxdur. Elə bir əvvəl var, vəssalam. Biz də elə ömrümüz boyu bu əvvəlin içində yaşayırıq. Elə bu zaman Ramiz ayağa qalxmaq istədikcə onu dörd bir yanından kök qafiyələr tutaraq stola əyləşdirir. O, stolda dartınır, aha, mənim fikrimcə, bu, əla bir şəkil olacaq. Amma qafiyələr dəmir kimidir: Ramizin səsi səhnənin o biri başından gəlir: “Bu adam nə yaman acdı, ilahi”. Musa Yaqub səhnəyə daxil olur: “İlahi, mən bu daşı götürüm, götürməyim?”. Bu nədi o başda, səhnəni sol tərəfində “Ələkbər Salahzadənin ərizəsi” göydən qara bulud kimi sallanır. Ramiz ərizəni göydə tutmaq istəyir. Amma qafiyələr onu elə sıxır ki... O, dodaqlarını rədifə yaxınlaşdırıb Ağalar Bayramov eşitməyəcək tərzdə deyir: səni sərbəst yazsaydım, indi sən məni bu stola sıxmazdın. 

Birdən Ramizin səsi bütün salona yayılır: “Qaytarın yerinə dar ağacını”. Ardınca yenə yavaş səslə: - məni bu stoldan qaldırsın - deyir. Sonra Ramiz dodaqlarını qoluna sıxaraq nəsimiyanə hönkürür:

 

Aparır məni mələklər,

Gecəmi şamdan aparır.

Aparır dəni küləklər,

Payızı şumdan aparır.

 

Yurd daşında qan hörüyü,

Yaddaşımda qəm körüyü.

Odu ocaqdan kürüyür,

Tüstünü damdan aparır.

 

Gülümü tağdan düşürür,

Ölümü haxdan düşürür.

Çeçeni dağdan düşürür,

Ərəbi qumdan aparır.

 

Səs yavaş-yavaş qüruba doğru səngiyir. Səhnənin sağ tərəfində bir kənd axşamı, itlər hürüşür, çaqqaların xoru meşəni isladır. Əyri-üyrü kənd yolunda bir cavan oğlan iti addımlarla irəliləyir

Əzana bənzər bir səs salona duman kimi çökür.

 

Mən kənddən çıxanda gecə yarıydı,

Söyüdlər yol üstə tellənirdilər.

Coşan ürəyimin düyğularıydı,

Sinəmdən süzülüb tellənirdilər.

 

Enib dərələrin, dizlərin üstə,

Gecə öz dili ilə layla deyirdi.

Baş qoyub dağların dizləri üstə,

Yollar şirin-şirin mürgiləyirdi.

 

Gedən Ramizdi, səs Ağalardı. “Mən ki onda Ramizi tanımırdım, mənim səsim orda nə gəzir” – deyə Ağalar düşünür. Bəzən olur ki, adam səsindən ayrı yaşayır, illər keçir, sonra öz səsinə qovuşur. Bu da əksinə doğan fikir.

(Bu da mənim fikrim: ola bilər ki, mən XIX əsrdə, lap dəqiq 1836 –cı ildə A. S. Puşkinin bir şeirini demiş olum, ya da XXV əsrdə, yəni 2418-ci ildə Ay tutulanda mənim səsim gözəl bir şeirlə Aydan yerə calansın)

Elə bu zaman səhnədə bir uğultu qopur. Zaman küləyi şeirləri, şəkilləri qarışdırır. Şəkillər sürətlə bir-birini əvəz edir. Kitabın vərəqləri əl çalır. Hamı çaşbaşdı: İndi biz də bir kitabın vərəqlərinə qoşulub əl çalaqmı? Amma kitab susmur. Ramiz stuldan ayağa qalxır. Salonu hardansa gələn xor səsi doldurur: ”Şeirdən uçdu bülbüllər”, “Şeirdən uçdu bülbülllər”. Bu misradan başqa ayrı səs yoxdur. Elə bil xorun səsi diskdə ilişib qalıb. Hamı ayağa qalxır. Kimsə zaldan səhnənin arxasına qaçır. Texniki redaktoru axtarır. Redaktor salondadır, tamaşaya baxırmış kimi ağzı açıla qalıb. Yenə rejissorun özü, axır ki, Ramiz xoru dayandırır...

 

Bir qalada gül daşıdı, daş gülü, 

Bir talada meh qurudur yaş gülü,

Kimi qoyacaq baş daşıma beş gülü, 

Daş birinin, gül birinin əlində...

 

Bu çox kədərli notdur. Ona görə də səhnəni dəyişmək lazımdır. Kitabın hələ şəkilləri çoxdur. Gör hələ nə qədər şəkillərimiz qalıb. Budur, Zakir Məmməd səhnədədir. İşıq elə düşür ki, Zakirin üst-başı qar kimi işıldayır. Teatrda həmişə belə olur. Elə bil yeni il gecəsinə öyrəşiblər. İşıq texniki hara baxır, bilmirəm! 

Ramiz Zakirə tərəf yüyürür. Zakirin səsi onu yerindəcə saxlayır. Neftə dair... Xalqa dair... Ədəbiyyata dair... Həyata dair... Ramiz Qusarçaylıya dair...

Tanımadığım bir qadın səhnəyə daxil olur. Mən bunu heç nəzərdə tutmamışam, bu hardan gəldi? – deyə düşünürəm. Deyəsən, Ramiz şeirlərinin adlarını deyir: “Devalvasiya”, “Bank”, “Bəşər Əsəd”, “Kənarlar”, “Bataqlıq”, “İslahat”, “Məğlubiyyət”, “Qoru”, “Ocaq”, “Deyil”... Qışqırmaq istəyirəm: onu qovun, bu saat qovun, mənim ssenarimdə belə bir adam yoxdur. Hara gəldi, soxulurlar, soxulcanlar- deyib söyürəm.

Lap arxada Şabran qalası görünür. Ay Bəniz Əliyar bir ağacın gövdəsinə söykənib əllərində saralmış bir yarpağı ovuşdurur.

 

Altı, üstü bir idi,

Hər qarışı pir idi.

Bir nəfəsə oxudum,

Dünya bir sətir idi.

 

Ramiz səhnənin ön hissəsində stolda əyləşib. Fikirlidir. Əllərini çənəsınə dayayıb. Pencəyi qolunun üstədir. Əla bir şəkildir. Fotoqraf Bayram Afurcalı məqamı əldən buraxmır. Elə bu zaman Ramizin başqa bir şəkli səhnəyə daxil olur. Bayram heyrətlənir: görəsən, bu şəkli kim çəkib? Ramiz səhnədə ola-ola səsi salondan titrəyə-titrəyə necə gələ bilir? Bayram salondan gələn səsi çəkə- çəkə səhnəyəcən müşayət eləyir.

      

Əl saxla, dər saxla, təzə tər saxla,

Çıxart ürəyini üstə sər saxla.

Mənə də ölməyə bir az yer saxla,

Qurudub göndərmə bənövşələri.

 

Qəflətən səhnədən çay axır, çayın səsi uzaqdan gəlir. Bəlkə də hələ yerə çatmayıb. Səhnədəkilər ikiyə bölünürlər. Çay birbaşa salona tökülür. Tamaşaçılar səhnəyə qaçırlar. Ramiz isə solonun birinci cərgəsində əyləşir. Elə bu zaman iki balıq dodaqlarındakı 6 və 0 rəqəmini Ramizə uzadırlar. Ramiz qarmaqdan və tordan azad edirmiş kimi 6 və 0 rəqəmlərini  balıqların dodağından çıxarır, balıqlar çaya qayıtmaq əvəzinə, səhnəyə uçurlar, sonra bacadan göy üzünə qovuşurlar. Gedirlər çayların səsi olan yerə.

Əlində 60 rəqəmini tutmuş Ramiz heyrət içindədir. 

Ağalar Bayramov: - Ayə qardaş, sənin 60 yaşın nə vaxt tamam oldu, bəs mənə niyə deməmisən?

Zakir Məmməd:- Ədəbiyyata dair...

Sevinc Məmmədova: - Mən kənddən çıxanda gecə yarıydı...

Şahin Fazil: - Qubanın qübarını Ramiz bataqlıqda yazır...

Vaqif Əlixanlı: - Heyrətim yolunu azan arıydı,

                         Uyuyub qalmışdı güllərin üstə.

Ay Bəniz Əliyar: - Ayağım altında əzilən otlar

                        Torpaqdan yapışıb dikəlirdilər.

Ramiz Əsgər: - Mükəmməl poeziya...

Ələkbər Salahzadə:- Bir də gördün beşikdi adam,

                          Bir də gördün bəbədi.

                          Bir də gördün uşaqdı adam,

                           Bir də gördün babadı.

Bayram Afurcalı: - Ramiz, sabah şəkilləri məndən götürərsən...

 

Pərdə enir.

Hamı deyir, gülür, danışır, Ramizi təbrik edirlər. Ona gül-çiçək dəstələri verirlər. Bir dəstə qubalı qız tər bənəvşələri səhnəyə atırlar.

Mənsə özümü Akademik Milli Dram Teatrının sağ böyründəki çayxanaya verirəm. Təəssüflənirəm ki, heç Ramizdən soruşmadım: - Bu axşam Qubaya qayıdacaq, ya yox?

Bir az məndən kənarda əyləşmiş kitabın redaktoru İlham Abbasov Zakir Məmməddən soruşur:

- Tamaşanı kimi hazırlamışdı?

- Qəşəm Nəcəfzadə

- Daha da yaxşı hazırlamaq olardı – deyir.

Zakir Məmməd:

- Dünyanın axırı deyil ki, hələ əvvəlidir, on ildən sonra da sən hazırlayarsan...

İlham Abbasov susur.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.