İntiqam Yaşar, “Ədəbiyyat və incəsənət”
Unudulmaz insan, hamının qəlbini nisgilli qoyub dünyadan köçən Qənirə Paşayeva barədə xatirələr bitib-qurtarmır. Bu günlərdə özbək həmkarımız, DGTYB-nin üzvü Xasiyyət Rüstəm Qənirə xanımın 2020-ci ildə onun barəsində yazdığı məqaləsini paylaşıb. Gəlin biz də oxuyaq.
Qardaş Özbəkistanın sevilən şairi Xasiyyət Rüstəmi DGTYB-nin xətti ilə Azərbaycanda olduğu vaxt tanımışdım. Sonra münasibətlərimiz daha da inkişaf
etdi, bir-birimizi yaxından tanıdıq və bir-birimizə bağlandıq. Ən azı öz tərəfimdən deyə bilərəm ki, mən onu həm bir ziyalı, bir ədib olaraq, həm də türkcanlı, Turan¬eşqli xanıməfəndi olaraq, bir vəfalı dost olaraq çox dəyərləndirirəm. Özəlliklə, “Kitab Dünyası”nı yalnız Özbəkistanın deyil, türk dünyasının (və bütün dünyanın) ədəbiyyat-sənət ocağına çevirməsini, bu planda, Azərbaycan ədəbiyyatına genişürəkli diqqət yetirib, yer ayırmasını böyük sevgi-sayğıya layiq bilirəm.
Bəzən “Kitab Dünyası” Özbəkistan və Azərbaycanın ortaq ədəbi nəşri təsiri bağışlayır və bütün bu gözəlliklər, çiçəklənmələr Xasiyyət Rüstəmin adı ilə sıx bağlıdır.
Xasiyyət xanım Azərbaycanda dəfələrlə olub və mən də, bir neçə dəfə Özbəkistanda olmuşam; artıq bir-birimizin ökəsinə bir-birimizdən xəbərsiz səfər edə bilməz hala gəlmişik. Bu, çox xoşdur! – Təsəvvür edin, uzaqlarda səni həmişə gözləyən bir şair var, sənin səfərindən şad olan ölkə var...
Xasiyyət Rüstəm insani keyfiyyətlərini, şəxsiyyətinin məziyyətlərini şeirlərində böyük ölçüdə yansıdan şairlərdəndir. Məncə, yansıtdığı ən böyük keyfiyyət, məziyyət məhz incə qadın qəlbi, qadın dünyası ilə - zərif duyğular, kövrək məqamlarla bağlıdır. Əgər Xasiyyət Rüs¬təmin şeirlərini müəllifi bilinmədən təqdim etsələr, onun bir qadın şairə, duyğulu könülə, xeyirxah insana və məhz bir türk qızına aid olduğunu sezmək çətin olmaz. O, oxucusuna məhz bu imkanı verdiyi üçün də alqışa layiqdir.
Xasiyyət Rüstəm ədəbiyyatda həm aşikar, həm də gizli mənalarla çıxış edir. – Bir tərəfdən kimliyi özünü gös¬tərir, digər tərəfdən sanki demədikləri dediklərindən da¬ha çoxdur. Mən bilərəkdən “demədikləri” yazıram, “deyə bilmədikləri” yazmıram. Bunun iki səbəbi var: birincisi, poetexnologiya baxımından onun ifadə edə bilmədiyi məna, deyə bilmədiyi fikir yoxdur, məncə; ikincisi, o, o sözü ki demir, o mənanı ki sətiraltı verir, bu da Xasiyyət xanımın şair kimliyini qətiyyən zədələmir – arif oxucu anındaca hiss edir: “demək, belə məsləhətdir”. – Necə deyərlər, bəzən deməmək özü də (nəyisə) deməkdir...
Xasiyyət Rüstəmin özəlliklərindən biri, çox məşğul olmaısndan, enerjisinin bir neçə paralel (amma zəruri!) işə bölünməsinə baxmayaraq, həmişə, hər yerdə şair qala bilməsidir. Sıx uluslararası ədəbi əlaqələr, səfərlər bir yandan; davamlı çıxan populyar nəşrin məsuliyyətli baş redak-toru olmaq digər yandan; həyat yoldaşı, ana, nənə mənəvi vəzifələri (“evtapşırıqları”)daşımaq bir başqa tərəfdən... – bütün bu mənəvi, ədəbi və hüquqi vəzifələrin, işlərin öhdəsindən gələrkən, məhz şair duruşu, şair kimliyi ilə görünmək özü bir istedaddır.
Xasiyyət Rüstəm istər öz ölkəsində, istər Azərbaycanda və bir çox başqa ölkələrdə təltif edilib, təqdir görüb, əsərləri bir neçə dilə çevrilib, neçə-neçə kitabı gün üzü görüb, bununla belə, mənelə təsəvvür edir, elə ina¬nıram ki,onun daha böyük uğurları hələ qabaqdadır. Bu təsəvvür onun indiyədək əldə etdiyi uğurları heç bir şəkildə kölgə altına salmır; sadəcə olaraq, hər kitab, hər səfər, hər tanışlıq və əlbəttə, hər şeir onu daha da kamilləşdirir və Xasiyyət Rüstəm şeirinin yeni üfüqləri, yeni imkanları üzə çıxır. Və biz dostları, oxucuları ona daha böyük uğurları yaraşdırır, özümüzə ondan yeni ba¬şarılar gözləmək haqqı veririk...
Fürsətdən istifadə edib, Azərbaycanda çıxan ikinci kitabı münasibəti ilə müəllifi ürəkdən təbrik edərkən, Azərbaycan oxucusuna bu gözəl kitabı qazandıran könül dost¬larıma da təşəkkür edirəm! Var olun! Oxucularımızı isə bu gözəl “Leyli ağaclar”ına sahib olduqları üçün təbrik edirəm!
Qoy, bu kitab iki qardaş ölkə arasında, qardaş ədə¬biyyatçılar arasında yeni bir bağ, yeni körpü olsun!
Prof.Dr.Qənirə PAŞAYEVA
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri
İyul-2020. Bakı
“Ədəbiyyat və incəsənət”
(26.12.2023)