“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
18-ci hissə
Solğun çiçəklər
Ülkərgilin mənzilində dibçək gülləri vardı, anası rayondakı güllü-çiçəkli evini xatırlamaq üçün bu gülləri alıb qulluq göstərirdi. Həmin dönəmdə Ülkər bu güllərin də rənglərinin xeyli solduğunu müşahidə edirdi. Tam depressiyadaydı. İynə-dərmana düşmüşdü. Bacısı, Nazəndə xanım gəlib ona baş çəkir, həkim, iynə-dərman, psixoloq təşkil edir, Aylinlə Zöhrə isə onun bu durumuna hey göz yaşı axıdırdılar.
Zöhrə yanırdı, tüstüsü ərşə çıxırdı:
-- Deyirdim axı sənə, heyvan heyvanlığıyla bir dəfə batdağa batanda növbəti dəfə o yoldan keçmir. Amma sən o boyda həngamədən sonra təzədən özünü bu həngaməyə saldın.
Anası hey onu danlayır, aşağılayırdı, Rasimlə əlaqələrinin uğursuzluğu anasına əsas vermişdi ki, hər dəfə onu qınayan, “məni atamla sən bədbəxt elədiz” deyə üstünə gələn qızını yerində oturtsun.
“Bəs indi nə deyirsən? Bizim ağlımız, deyək ki, bir qoza dəyməz, ağlımıza qar suyu ələnsin bizim, səni verdiyimiz oğlan narkoman çıxdı, bivec çıxdı. Bu ki sənin öz ağlındır. Kəbinsiz, nişansız beş yaş özündən kiçik bir matuşkanın yanına düşdün ki, məni alacaq, o da anasını qabağa verib sənin abrını göy əsgiyə bükdürdü”.
Anası bu ittihamı söyləyirdi, yandığından hönkürürdü, ürək dərmanı içirdi.
2013-cü ilin gəlişində heç bir bayram əhvali-ruhiyyəsi duyulmadı, təbii ki. Ülkər yeni ili yataqda keçirdi. Yaxşı ki, Leyli vardı, Aylini idman sarayındakı Yeni il şənliyinə apardı, qucağı dolu hədiyyələrlə evə qaytardı.
Ülkərin dünyası uçub dağılmışdı. Həyata bir damla marağı qalmamışdı. Necə oldu, aldandı Rasimə?! Madar ona dərs olmadı, anası demiş, təkrarən öz ayağı ilə gedib palçığa girdi.
İntihar etmək fikri bir an da olsun onu rahat qoymurdu. Amma Aylininin taleyi onu bu addımı atmaqdan çəkindirirdi.
Bağçada o məşum hadisədən sonra tam nüfuzdan düşmüşdü, bir müddət işə çıxmaması bağça müdirinin “Mən konfliktli adamlarla işləməyi sevmirəm” deyərək ona işdən çıxmaq təklifi göndərməsi ilə nəticələndi.
Ülkər işini də itirdi.
Yataqdan nadir hallarda dururdu, pəncərə qarşısında oturub əsas yola görüntünü kəsən qarşı binanın yanındakı əl boyda bir boşluqdan şütüyən maşınlara, keçib gedən insanlara tamaşa edirdi. Bəzən gözləri oralara zillənsə də, fikri donurdu, bir boşluq, nəhayətsiz bir boşluq görürdü.
Beləcə qışı çıxartdı, yazın gəlişi ilə bir qədər özünə gəldi, bir qədər toxtadı. Qızı böyüyürdü, əla qiymətlər gətirirdi evə, ağıllı sözlər danışırdı. Bu mələyi taleyin ümidinə qoymaq olmazdı, onun xatirinə yaşamalıydı Ülkər. Ayağa qalxmalıydı, düşmənləri özünə güldürməməliydi.
Solğun çiçəklərə yenidən əvvəlki rəng çeşidliyini qaytarmaq lazım idi.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)