“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün tanınmış ədəbiyyatşünas Məti Osmanoğlunun Gənc yazarlar üçün nəzəriyyə dərsinin zamanıdır.
ƏDƏBİYYATŞÜNASLIQ VƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ
XIX əsrdə ədəbiyyatşünaslıq elminin diqqət yönəltdiyi istiqamətlərdən biri də təbiətşünaslıq elmi ilə ədəbiyyat arasında müqayisələr aparmaq, oxşar qanunauyğunluqlar görməyə cəhd etmək, ən başlıcası isə təbiətşünaslıq elminin əldə elədiyi nəticələri ədəbiyyata da tətbiq etmək idi. Məsələn, mədəni-tarixi məktəbin yaradıcısı İppolit Ten belə hesab edirdi ki, yazıçıya təkcə cəmiyyət və reallığın təcrübi tərəfləri deyil, həm də bəzi ilkin bioloji amillər təsir göstərir. O, irq, mühit və məqam anlayışlarını sənətin orijinallığını şərtləndirən üç başlıca amil kimi müəyyənləşdirmişdi.
Naturalizm cərəyanı axtarışlarının yolu da təbiətşünaslıq elmi ilə ədəbiyyat arasında paralellər qurmaq cəhdi ilə kəsişirdi.
Ədəbiyyatşünaslığın diqqətindən kənarda qalmayan mühüm hadisələrdən biri isə Çarlz Darvinin təkamül nəzəriyyəsi idi. İ.Tendən sonra təbiət elmlərinin metodlarını ədəbiyyat tarixinə tətbiq etməyə çalışan alimlər arasında fransız nəzəriyyəçisi Ferdinand Bryunetyerin (1849-1906) adı öndə gəlir. Onun 1890-cı ildə nəşr etdirdiyi “Ədəbiyyat tarixində janrların təkamülü” adlı dördcildlik əsəri öz zamanında böyük maraq doğurmuşdu və ədəbiyyatşünaslıq elminin sonrakı dövrlərinin üstündən də təsirsiz ötüşmədi.
Əsərin birinci cildi Fransada ədəbi tənqidin təkamülünə həsr olunmuşdur. Müəllif belə hesab edirdi ki, ədəbiyyat tarixinin təkamülünə keçməzdən əvvəl tənqidin tədrici inkişaf tarixini nəzərdən keçirməyə ehtiyac var. F.Bryunetyerin qənaətincə, yaranışının başlanğıcında sadəcə ədəbi faktlara rəy bildirmək məqsədi daşıyan tənqidin müasir mükəmməl səviyyəyə çatmasını izləmək təkamül prosesini aydınlaşdıra bilər. O yazırdı ki, fiziologiyada olduğu kimi, bu və ya digər az məlum olan, lakin mürəkkəbliyi ilə seçilən funksiyanın sadələşdirilməsi də sxematik təsəvvürün əldə edilməsinə şərait yaradır və həmin funksiyanın öyrənilməsini asanlaşdırır.
Sonrakı axtarışlarında ədəbi prosesi bir əsərin digər əsərə təsiri kimi izah edən F.Bryunetyer ədəbi cərəyanların bir-birini əvəz etməsini, zaman dəyişdikcə estetik zövqün də dəyişməsinin əsas səbəbini yaradıcı insanın bədii tələbatlarından irəli gəldiyini düşünürdü. XVII əsr fransız klassisizminə yüksək qiymət verən idealist alim naturalizmi bədii düşüncənin tənəzzülü adlandırırdı.
Ədəbiyyatda təkamül məsələsi sonrakı dövrlərdə də ədəbiyyatşünaslığın gündəliyində qaldı. Rus formalist ədəbiyyatşünaslığının nümayəndəsi Yuri Tınyanovun ədəbi təkamül konsepsiyası isə F.Bryunetyerin görüşlərindən tamamlilə fərqlənir. Y.Tınyanov ədəbi prosesə "mərkəzə" və "əyalətlərə" malik bir məkan kimi baxmağı təklif edirdi: həmin məkan çərçivəsində bədii əsərlər bir-biri ilə ədəbi prosesin mərkəzində yer tutmaq üçün rəqabət aparırlar. “Mərkəzdəki” yer isə hamı üçün yetərli olmadığına görə orada qalmağa qadir olmayanlar oranı tərk etməli, “mərkəzdən” kənara, əyalətə çəkilməli olurlar. Təkamül və ya ədəbi prosesin inkişafını isə “mərkəz” müəyyənləşdirir.
Y.Tınyanovun diqqətindən bir gerçəklik də yayınmırdı ki, ən yaxşı ədəbiyyat nümunələri heç də həmişə ədəbi prosesin mərkəzinə düşmür. Yaranan kimi diqqət mərkəzinə düşən, klassikləşən əsərlər olduğu kimi, diqqətdən kənarda qalan, qiymətini vaxtında almayan layiqli əsərlər də olur. Bəzi əsərlər isə bir müddət şöhrətin zirvəsində olandan sonra “əyalətə” çəkilib unudulur...
Antidarvinist nəzəriyyənin nümayəndəsi sayılan Y.Tınyanov ədəbiyyatın təkamülünü bədii sistemlərin dəyişməsi ilə izah edirdi.
F.Bryunetyerin “Ədəbiyyat tarixində janrların təkamülü” əsərindən seçdiyimiz fraqmentlərin Ç.Darvinin təkamül nəzəriyyəsinin ədəbiyyatşünaslığa təsiri barədə müəyyən təsəvvür yaratmağa kömək edə biləcəyini düşünürük.
Simvolizm ədəbi cərəyanı
Azərbaycan ədəbiyyatı tarixində fərqli istiqamət yaratmış Əbdürrəhim bəy Haqverdiyev simvolizm cərəyanı ilə 1890-cı illərin ortalarında, Peterburqda ali təhsil alarkən tanış olduğunu yazmışdı: “Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər yazmaq fikrinə düşdüm. Nəhayət, 1901-ci sənədə “Pəri cadu” əsərimi yazdım”.
Əbdürrəhim bəyin Şərq ruhuna yaxın hesab elədiyi simvolizm (fransızca “symbolisme”) cərəyanının adı işarə, rəmz mənasına bağlıdır. Avropa sənətində modernist cərəyanlardan biri sayılan simvolizmdə müəyyən hadisəni canlandıran bədii obrazı durmadan dəyişən “ruh həyatı”nın, “əbədi həqiqət” axtarışının əlaməti olan bədii simvol əvəz edir.
Simvolizm ədəbi cərəyan kimi XIX əsrin 60-70-ci illərində Fransada yaranıb. Simvolizm termini isə fransız şairi Jan Moreas 1886-cı ildə “Simvolizmin manifesti” adlı əsərini nəşr etdirəndən sonra qəbul olunub və yayılıb. Jan Moreasın "Simvolizmin manifesti" həm məzmun, həm də forma məsələlərini əhatə edən müxtəsər estetik proqramdır.
Jan Moreas fransız şairi Şarl Bodleri (1821-1867) simvolizm hərəkatının əsl sələfi kimi qəbul edirdi. Onun qənaətinə görə, simvolizm Ş.Bodler tərəfindən müəyyənləşdirilmiş “uyğunluqlar” qanununa əsaslanır: bu uyğunluqlar ucu-bucağı olmayan, daim yenilənən bir aləmə səpələnib ki, həmin aləmdə batində olanlar “öz-özünə fəal şəkildə zahirə çevrilir”.
Simvolistlər belə hesab edirdilər ki, dünyanın mahiyyəti ağıl gücünə dərk edilə bilməz, buna ancaq məntiqə sığmayan bir rəmz, işarə sayəsində canlanan intuisiya ilə nail olmaq mümkündür.
J.Moerasın manifestinə əsasən, simvolist mövqe “obyektiv təsvir”in düşmənidir, konkret hadisələr isə görünüşdən başqa bir şey deyildir. Simvolizmin estetik sisteminin əsasını adi olandan qaçmaq təşkil edir: dünyanın ideal mahiyyətinə – gözəlliyə nail olmağın yolu isə rəmzdir.
Simvolistlər belə hesab edirdilər ki, şair həqiqətə gedən yolu intuitiv hiss etdiyi üçün Tanrı məqamındadır, intuisiya, hissi idrak isə insanın mistik dünyaya açılan gözüdür. Bu göz maddi həqiqətdən daha dərin və daha sirli həqiqəti görür.
Simvolizm cərəyanı üçün iki fərqli dünya mövcuddur: əşyalar dünyası və ideyalar dünyası. Simvol isə bu dünyaları bir-birinə bağlayan şərti işarədir. Hər bir simvolun həm işarə edən, həm də işarələyən tərəfi var. İşarələyən tərəf qeyri-real dünyaya, sirlər aləminə yönəlir. Sənət isə sirrin açarına çevrilir.
Simvolistlər öz əsərlərində yaşantılarla, qaranlıq, qeyri-müəyyən əhval-ruhiyyələrlə, incə hisslərlə, keçici təəssüratlarla dolu hər bir qəlbin tarixini əks etdirməyə çalışırdılar. Onlar bədii sözü yeni, canlı və ifadəli obrazlarla doldurmağa cəhd edir, bəzən orijinal forma yaratmaq həvəsi ilə söz və səs oyununa üstünlük verirdilər.
“Əbədi həqiqət” axtarışında olan simvolistlər mürəkkəb metaforlar, alleqoriyalar, eyhamlar, rəmzlər işlədir, sözün ahənginə, fikrin çoxqatlılığına, mücərrəd obrazlara xüsusi diqqət yetirirdilər.
Rus ədəbiyyatında simvolizmin banisi hesab olunan, ömrünün böyük hissəsini mühacirətdə – Parisdə yaşamış Konstantin Balmontun “Poeziya sehr kimi” traktatı bu cərəyanın mahiyyətini daha aydın başa düşmək üçün faydalıdır. Heç şübhəsiz ki, Ə.Haqverdiyev Peterburqda təhsil alarkən onda simvolizmlə ciddi maraq yaradan mənbələrdən biri də K.Balmontun yaradıcılığı olmuşdu.
Konstantin Balmontun “Poeziya sehr kimi” traktatını Bazar ertəsi təqdim edəcəyik.
“Ədəbiyyat və incəsənət”
(22.12.2023)