“Ədəbiyyat və incəsənət” portalı adətən şeirləri ilə tanıdığımız gənc istedad Nigar Arifin növbəti essesini təqdim edir. Bu dəfə o, zəlzələdən yazır.
Gözümü yumanda elə bilirdim heç kim məni görmür, üzərimdəki ədyalı başıma çəkəndə də nə qorxulu qüvvə var idi, nə də ki, hansısa cin-əcinnə pislik edə bilərdi… Yəqin belə düşünən tək mən olmamışam, başınıza gəlibsə, təbriklər, deməli siz də mən ağılda olmusunuz…
O vaxtlar anam “yıxılın yatın” deyəndə, ağzımı büzüb “olar, mən yıxılmadan yatım?” deyən, hərdən sözləri qarışdırıb məsələn, “gözüm səndən su içmir” əvəzinə “gözüm səndən yemək yemir” deyən, “çoxyaşlı”ları güldürən azyaşlı, saf, şıltaq qızcığaz idim… İndi heç nəyi qarışdırmıram, əksinə özüm bir yerdə oturmasam da, sözlərim yerinə yaxşı oturur.
Yazaram axı…həddləri nədir oturmasınlar! Əslində bəzi şeylər hələ də dəyişməyib, yer yerindən oynayanda heç indi də xəbərim olmur… Zəlzələni deyirəm… Bir neçə gün əvvəl yenə hay-küy qopdu, mənsə həmişəki kimi fil qulağında yatırdım… Əslində xəbərim olsa belə, bir şey dəyişəsi deyil onsuz da, hərdən elə vecsiz adam oluram ki, görsəm tavan üstümə uçur, kefimə düşsə deyərəm “gəl qucaqlayım”…
Zarafat bir yana, yaşım çox az olanda nə vaxt ki, eşidirdim yer silkələnib, camaat təşvişə düşüb, elə bilirdim Yerin bədəni qaşınıb, üstündəki qarışqa boyda adamları tökmək üçün də həyətimizdəki “Palkan” itimiz kimi bu cür çırmıxıb… Eşidəndə ki, zəlzələ “yer sürüşməsi”dir, oturub bir az da baş sındırmışdım ki, görəsən yer bərk sürüşsə, uzaqbaşı hara düşə bilər?
Başqa planetin üstünə? Bəlkə də elə Yerin planı budur? Hansısa planetlə birləşmək istəyir? Bəs görəsən hansı? …
“-Baba, ay baba, planetlər hansılardır?
- Planetlər?… Merkuri… Venera…
Yer kürəsi… Mars, Yupiter, Saturn, Uran… biri də var idi, dayan yadıma salım… hə, Neptun! Niyə soruşursan, qızım, nədi ki?
- Bəs sən Yer kürəsi olsan, bunlardan hansını seçərdin?
Babam gülüb, “ Mən özümü seçərdim, bu nə suallardı verirsən yenə?” yanağımdan dartmışdı…
Babamın cavabından başa düşmüşdüm ki, vəziyyət heç də mən düşündüyüm kimi deyilmiş, məsələ fərqliymiş… Sən demə, “Zəlzələ yer qabığı daxilində qırılmalara görə yaranan titrəyişlərin dalğalar halında yayılaraq yer üzünə əks olunması prosesi” imiş… Gör a! Yer qabığı qırılanda bu cür “həngamə” qopursa, onda insanların ürəyi “qırılan”da niyə onları yaratdıqları problemlərə görə qınayırıq? Yer kürəsi qədər də ola bilmədik… Ya da belə çıxır ki, insanlar hətta zəlzələni başa düşürlər, amma bir-birlərini yox… Yəqin ona görə ki, hər kəs özünü seçir… Haqsızdırlarmı? Deməzdim… Özünü seçməyən seçilmir, özünü seçməyən uduzur… Həyat belədir… Şah şahlığını unutsa, vəzir ona biət etməz…
Amma əgər xırda bir şeyə görə də olsa kimisə qınayırsansa, deməli, hələ də “çoxyaşlı” görkəmində azyaşlısan, məndən demək…
“Ədəbiyyat və incəsənət”
(20.12.2023)