“Ədəbiyyat və incəsənət” portalı sizlərə gənc yazar Elşad Baratın “Şəhidlər” silsiləsindən yazdığı şeirlərini təqdim etməkdədir.
Cəlil Qüdrət oğlu Əliyev
Cəlil Qüdrət oğlu Əliyev 12 iyul 1998-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olub. Kənd orta məktəbində təhsil alıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak edərək Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 14-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəlil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edillib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəlil Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəlil Əliyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Yaşda məndən balacasan,
Yolda məndən böyük, şəhid.
Sənə ağır olmadımı
Vətən boyda bu yük, şəhid?
İndi səndən yazıram mən,
İndi səni oxuyuram.
Göstərdiyin igidliyi
Misralara toxuyuram.
Hamımızın borcumuzdur,
Qoruyaq xalqı, Vətəni,
Sən tarix yazdığın kimi,
Tarix də yazacaq səni.
Zaman yolçu, illər qısa,
Hər insanın bir ömrü var.
Hər insandan igid olmaz,
İgid gedər, adı qalar.
Adın bizə yadigardır,
Yaşayacaq qəlbimizdə.
Sən bizə zəfər yaşatdın,
Unutmarıq səni biz də.
“Ədəbiyyat və incəsənət”
(15.12.2023)