“Ədəbiyyat və İncəsənət” portalı gənc şair Aygün Fikrət Hüseynzadənin şeirlərini təqdim edir. Bu cür içdən yazılan, bu cür poetik, bu cür düşündürən şeirlər az-az olur. Və əminliklə deyirik ki, qadın poeziyamıza yeni bir ad gəlir.
KÖYNƏK
Xəyallarım uzaq səfərə çıxıb...
Ona aldığım yol biletini də
unutmuşam
nimdaş ümid köynəyimin cibində...
Zəng vurub könlünü almaq istədim:
-Darıxma,
sən gedən qatarda
nəzarətçi olmur-dedim...
-Bəs vaqonumda, qapımın ağzında
kaktus kimi bitən adamı
necə inandırım
yol biletlərinin vəfasızlığına...
Dedim:-Vaxtın var hələ...
Morze əlifbasını öyrənməyə çalış,
Öyrən, reyslər niyə tunellərdə,
qaranlığın gülümsədiyi yerlərdə
məktublaşır...
Unutma, qatarı daşlayan uşaqların əynindəki
təptəzə ümid köynəkləri
sən qatardan düşənədək göz oxşayacaq...
Mənim də bir köynəyim vardı
Sənin yol biletini cibində unutduğum köynək.
YAĞIŞ YAĞIR
Pəncərədən küçəyə boylanır xatirələrim
İslanır elə bil
Yaddaşımın küçələrində yeriyən
xatirə-xatirə adamlar
yeriyir küçələr bu yağış altda ...
və mən islanıram xatirələrimin içində ...
Yağış yağır
üşüyür ağaclarda ...
üşüyür ömrümün budağında yarpaqlayan ehtiyaclar da...
təbiət təəccüblə baxır mənə ....
Mən də üşüyən adam ...
Məni üşüdən havanın soyuğu deyil
adamların içində buz bağlamış arzulardı...
Yağış yağır
bir cüt misranı geyib ayaqlarıma
addımlayıram
bir parça buz bağlamış ümidin üstündə...
addımlayıram varaqların
və maraqların üstündə...
LAL ŞƏHƏR
Mən çıxıb gedəndən bu lal şəhərdən,
Qəlbimdə bir eşqin xətri var idi.
Yollarda kəssə də qışın soyuğu,
Mənim ürəyimdə ilk bahar idi.
Xatirə mehi tək əsirdi inan,
Saçımda əlinin həzin sığalı.
Almışdı ovcuna dəli könlümü,
Kövrək yaddaşımda bir eşq nağılı.
Ümid bürünmüşdü vüsal ətrinə,
Ayrılıq xəbərsiz, dərd uyuyurdu.
Yollar su içmişdi baxışlarından,
Atdığım hər addım eşq qoxuyurdu.
ÖZÜNÜ ÖYRƏTDİN
Bir darıxmaq qədərsən ...
Əsgər yuxusu kimi şirindir sevgin.
Desəydim sənə möhtacam
bir əsgərin susuzluğutək -
inanardın?
Məni sıxan xatirələr səngərin
soyuqluğuna bənzəyir.
Özüm-öz səngərimdə
ürəyimlə vuruşmaqdayam...
Ac quşların yem axtardığı qədərdi
sənin gəlişinə boylanmağım...
Üşüdür duyğularımı inamsızlığın
bütün hərfləri,
bir az da külək kimi qarışdırırsan.
Gözlərimdə ləpələnən
kipriklərimin ucunda
görünməyəcək yuxularımı ...
Sevgi bu idimi...
vaxtsız öz dünyandan
köçürsən, yaşasan da.
Dar ağacı kimi xatirələrdən asılırsan...
İndi sinəmə çəkilmiş dağların ətəyində
bir əsgər yuxusu göynəyir
boş qalmış səngərə sarı...
Yadındamı,
özünü öyrətməyəsən demişdim...
Mən elə ilk gündən öyrənmişəm
itirənlərin əşyalarını axtarmağa!
PALMA AĞACI
Qağayılar uçuşur,
dimdiklərində
palma agacının tənhalığı
Mavi ətəkli qız
sürünür üzü sahilə...
Səssizliyin pıçıltısını
təsəlli kimi tutub ovcunda.
Qərib palmaların
məhzun baxışları...
Bir darıxmaq varıymış
palma yarpaqları arasında
Mənim gözlərim kimi
uzaqlara atılır
parçalanır ümidlər
özgənin eyvanından...
Yad əllər darayıb budaqlarını
qolları bədəninə bələnib...
Ögeydi bu dəniz,
bu dənizin küləyi,
bu küləyin yosun qoxusu...
Təkcə ayrılıq ögey deyil...
“Ədəbiyyat və incəsənət”
(14.12.2023)