POEZİYAMIZIN QIZIL FONDUNDAN: - Nüsrət Kəsəmənli, “Ağlama, Təbrizim, ağlama…” Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Rubrikamızda Azərbaycan poeziyasının ən çox səs salmış, ən çox oxunan və əzbərlənən şeirlərini təqdim etməkdəyik. Unudulmaz sevgi şairimiz Nüsrət Kəsəmənlinin “Ağlama, Təbrizim, ağlama…” şeirinin növbəsidir. Unutmayaq ki, o dövrdə bu mövzuda yazmaq cəsarət tələb edirdi. 

 

Demə yollar uzaqdır,

Araya bir çay düşüb;

Vüsal kimin qisməti,

Bizə həsrət pay düşüb.

Birimizə göz yaşı,

Birimizə toy düşüb;

Danış, ucadan danış,

Sən dilini bağlama.

Ağı dediyin bəsdi,

Ağlama, Təbrizim, ağlama

 

Ölənlər torpağındır,

Bizə sağlar qalıbdır.

Baxıb köks ötürməyə

Qarşı dağlar qalıbdır.

Bir gözümüz gülürsə,

Biri ağlar qalıbdır.

Sil gözünün yaşını

Ürəyimi dağlama,

Ağlama, Təbrizim, ağlama

 

Bu torpağın üstündə

O taylı, bu taylıyıq.

Torpaq ki ömür deyil

Necə gəldi paylayaq.

Nə qədər “qardaş” deyib

Uzaqdan haraylayaq,

Ucalt haqqın səsini,

De sözünü, saxlama,

Ağlama, Təbrizim, ağlama

 

Bəlkə bənövşəmizi

Bu nisgil, həsrət əyir.

Araza körpü üçün

Torpaq oğul istəyir.

Sənə əl uzadıram,

Əlim məftilə dəyir.

Sən güvən öz ağlına

Döyüşkən, düz ağlına,

Ağlama, Təbrizim, ağlama

 

Çoxdur dil pəhləvanı,

Sözdə aşıb-daşırıq,

Bu günahsız Araza

Neçə günah qoşuruq.

Vətənin ortasında

Məftilə dolaşırıq;

Bir də bax dünəninə

Kimsəyə bel bağlama.

Dur ayağa, “Vətən” de,

Ağlama, Təbrizim, ağlama!..

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.