Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Ah, bilməm ki, bu aləm nərəsi?
Bana bir söylə, cəhənnəm nərəsi?
Şu sönük qəlbimə atəş dilərim,
Ağlamaq istər ikən həp gülərim.
Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, milli romantik şeirin və mənzum faciənin banisi, XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq nümayəndələrindən biri, söz və fikir zadəganı adlandırılan, Stalin represiyası qurbanı dahi şair Hüseyn Cavidin anım günüdür.
Hüseyn Cavid 1937-ci il iyunun 4 də Sovet cəza orqanları tərəfindən həbs olunub, 1937-ci ildən 1939-cu ilə qədər Keşlə və Bayıl həbsxanalarında dustaq olmuşdur.
Bu illər ərzində 3 dəfə məhkəmə olsa da, heç bir əsaslı dəlil olmadığından məhkəmə qərar çıxara bilmir. Və onun sənədləri SSR-i xalq daxili işlər komisarlığına göndərilir. 1939-cu ilin iyun ayında xüsusi müşavirənin qərarı ilə Hüseyn Cavid antisovet təşkilatında və təbliğatında iştirakına görə 8 il islah əmək düşərgəsinə sürgün edilərək uzaq Sibirə - Maqadana göndərilir.
50-60 dərəcəlik Sibir şaxtası şairin səhhətinə təsirsiz ötüşmür və xəstələnən Cavid 1941-ci ilin iyun ayında müalicə olunmaq məqsədi ilə İrkutsk vilayətinin Tayşek rayonunun Şevçenko kəndinə 21 saylı məhbus əlillər evinə göndərilir.
Tayşet rayon arxivində Şevçenko kəndində yerləşən məhbus əlillər evində həlak olanların siyahısında yer alan Hüseyn Cavidin sənədində qeyd olunduğuna görə 21 saylı məhbus əlillər evində müalicə olunan Cavid 1941-ci ilin dekabrın 5-də saat 22:30-da ürək zəifliyindən dünyasını dəyişib. 59 yaşlı şair 2 gün sonra məhbus qəbristanlığında 59 nömrəli qəbirdə taxta tabutda 2 metr dərinliyində dustaq Azərbaycanlıların iştirakı ilə başı şərqə dəfn olunub.
1956-cı il martın 6-da Azərbaycan SSR ali məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alıb.
26 oktyabr 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsi doğma vətəninə gətirilib və o, Naxçıvanda dəfn olunub.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(05.12.2023)