Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”
Bu gün “İstiqlal" ordenli Xalq şairimiz Məmməd Arazın anım günüdür. Ruhuna alqış diləyərək onun ən məşhur şeirlərindən birini “Ədəbiyyat və incəsənət” oxucularına ərməğan edirəm.
MƏNDƏN ÖTDÜ, QARDAŞIMA DƏYDİ...
Bəxtiyar Vahabzadəyə
Ey daşlaşan, torpaqlaşan
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Küləkləşən, dumanlaşan ruhunla sən
Ayağa dur, səninləyəm!
Səs getməyən,
əl yetməyən
Qədim tarix dərəsindən
Səs ver mənim səsimə sən:
Sənə gələn, səndən ötən
nəydi belə? -
Səndən ötüb qardaşına dəydi belə?
Bununlamı neçə dəfə
Ata-oğul, qardaş hissi haçalandı,
Bir şəhərin
Beş qardaşın xanlığına parçalandı?
O zamanmı bitdi bizim
dilimizin
“sənin”, “mənim” qabarı da?
O zamanmı bitdi bizim
dilimizin
“haralısan” damarı da?..
Səninləyəm, ulu babam!
Bu məsəli kimdi yazan?
Hansı soysuz ata idi
Ataların imzasını
Çəkib, ona möhür basan?!
Adınızı dastanlardan oğrayaram,
Ruhunuzu qıyma-qıyma doğrayaram
Qara Çoban,
Dəli Domrul.
Ey Xan Eyvaz,
Giziroğlu Mustafabəy,
Əgər ki, siz
Bu məsələ qol çəkdiniz!
Sonra, sonra hansınızsa
Xalqa gələn bir qəzadan
Öz başını yana əydi.
O qəza bir topa dönüb
Səttarxanın tifaqına
yaman dəydi,
Məndən ötdü!...
Məndən ötdü!..
Sevincə bax, qeyrətə bax!
Bunu yazan xilqətə bax!
Məndən ötdü!..
Qulağımdan getmir bu səs,
Zərbələri qardaşına,
Sirdaşına ötürən kəs
Elə bil ki, bax bu gecə
Qulağımın dibindəcə
Xətainin süqutuna
qəh-qəh çəkdi.
Sonra, sonra
Səhərəcən başına yüz qədəh çəkdi.
O qəhqəhin dalğasından,
O məstliyin baş fırladan
Havasından
qopan daşdı -
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Məndən ötdü...
Bunu dedi Şəki xanı.
Bunu dedi Bakı xanı,
Bunu dedi İbrahim xan,
Fətəli xan, Kəlbəli xan...
Qəza ötsün məndən, - dedi,
Ötən kimi “mən-mən” dedi:
“Mən-mən” dedi bir ölkədə
nə qədər xan.
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
Yüz illərlə uyutdular.
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Dibək oldun öz duzunla,
öz daşınla.
Ögey oldun
doğma, ekiz qardaşınla -
Məndən ötdü deyənlərin qeyrətindən,
Namusunu yeyənlərin qeyrətindən!
Məndən ötdü... Məndən ötdü!
Ey daşlaşan, torpaqlaşan,
ulu babam!
Bu günümdən dünənimə uzaqlaşan
ulu babam!
Ayağa dur!
Dəfn etdiyim məsələnin
Baş daşına
Bir təəssüf xatirəsi yazıb, yondur:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi.
Səndən, məndən ötən zərbə
Vətən, vətən, sənə dəydi..
Xatırladım ki, böyük şair bu şeiri 1967-ci ildə yazıb. Çoxlarının cəsarət edib danışmadığı mövzuya o öz damğasını vurub!
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)