Könül, “Ədəbiyyat və incəsənət”
Noyabrın 26-da filologiya elmləri üzrə fəlsəfə doktoru, şair-publisist Fəridə xanım Ləmanın anadan olmasının 70-ci ildönümü tamam oldu. Bu münasibətlə “Qazax Xeyriyyə İctimai Birliyi” dekabr ayının 2-də yubiley mərasimi keçirəcək.
Bu arada təbriklər səngimir, biz də kollektivimiz adından bu dəyərli ziyalımızı təbrik etdik və ondan öyrəndik ki, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi də yubilyarı təbrik edib.
Fəridə xanım təbrik mətnini bizə təqdim etdi və biz də onu dərc edirik:
“Bu gün filologiya elmləri üzrə fəlsəfə doktoru, “Məhsəti” jurnalının təsisçisi və baş redaktoru, şair-publisist Fəridə xanım Ləmanın anadan olmasının 70-ci ildönümüdür.
“Məhsəti” Şairlər Məclisi İctimai Birliyinin qurucusu və ilk sədri olmuş filoloq-alimi 70 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik!
Xanım şairin xəlqi duyğuların təcallası olan poeziya örnəkləri ilə yanaşı, hərbi-vətənpərvərlik mövzulu əsərləri də ona ün qazandırıb, O, şəhidlər haqqında kitablar yazıb, qəhrəman Vətən oğullarının səngər həyatını, döyüş yolunu uğurla ədəbiyyata gətirib.
Fəridə Ləman Azərbaycan Prezidentininn Sərəncamı əsasında 2019-cu ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Çoxsaylı kitablar müəllifi olan Fəridə xanımı yaradıcılıq uğurları və 70 illik yubileyi münasibəti ilə bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!”
“Ədəbiyyat və incəsənət”
(28.11.2023)