QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

67-Cİ DƏRC

 

Baş Hakimin söylədiyi proses barədə danışmaq üçün kürsüyə hüquqşünas dəvət olundu, o, əlindəki qovluğu nümayiş etdirib sonra işindəki bəzi kağızları çıxardı, oxumağa başladı:

-3 iyul 1994–cü ildə Bakı Metropolitenində tükürpədici bir terror hadisəsi törədilib, Gənclik və 28 May metrostansiyaları arasında baş vermiş partlayış nəticəsində 12 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Terror aktını törətməkdə təqsirli bilinən, Azərbaycanın ləzgilər yaşayan ərazilərində yaranmış separatçı Sadval təşkilatının üzvü Azər Aslanov həbs olunub. Məhkəmə zamanı müttəhim Aslanov bildirib ki, Qarabağ müharibəsinin iştirakçısı kimi erməni əsirliyində olub, əsirlik zamanı Zori Balayan onunla görüşüb və ona Bakı metropolitenində partlayış törətmək göstərişi verib. Aslanovun bu ifadəsi öz təsdiqini tapanda bununla əlaqədar olaraq Zori Balayana qarşı cinayət işinin açılmasına qərar verilib. 1999-cu ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatı əsasında İnterpol Balayanı xüsusilə təhlükəli cinayətkar kimi beynəlxalq axtarışa elan edib. Bundan sonra, Azərbaycan Baş Prokurorluğu MDB ölkələrinin aidiyyatı orqanlarına analoji təqdimatla müraciət edib. 2005-ci ilin may ayında Zori Balayan İnterpol tərəfindən İtaliyanın Brindizi şəhərində beynəlxalq axtarışda olan cinayətkar kimi həbs edilib, lakin polis məntəqəsində 4 saat saxlandıqdan sonra ermənilərin canfəşanlığı sayəsində beynəlxlq  havadarlarının təpkisi ilə sərbəst buraxılıb. Onun adı bundan sonra İnterpolun siyahısından da çıxardılıb.

Baş Hakim prosesin aktyorların ifası ilə davam etdiriləcəyini bildirdi, elan etdi ki, burada ayrıca Xocalı prosesi keçirilib, hamının qanını donduran həmin vəhşiliklər barədə müttəhimin nə yazması yəqin hamı üçün maraqlı olar. "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdilən soyqırım haqqında Zori Balayanın yazdıqları, xahiş etdi ki, bu səhnədən oxunulsun.

Bir kişi aktyor səhnəyə çıxıb intonasiya ilə sözügedən kitabdan bir hissəni oxumağa başladı:

-Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq.

Tamaşaçılar arasından ucalan “lənət sənə”, “murdar”, “alçaq” nidaları o həddə şatdı ki, doğrudan da müttəhimin qamətinin büzüşdüyü, üzünü gizləmək çabaları aydın sezildi. Əlbəttə ki, tarixən belədir, bir vaxt bir şəraitdə yazdığı cümlələr sonda başqa şəraitdə adamın özünə qarşı kompromata çevrilir.

Baş Hakim prosesin bu yerində ssenarinin kulminasiya nöqtəsinin yetişdiyini söylədi, uşağın qətlə yetirilməsini qəhrəmanlıq hesab edən Zori Balayana meşədə körpə uşaq görüb ac olsa belə onu parçalayıb yeməyən canavar barədə bir pritça danışdı, dedi, əfsus ki, ən ali canlı sayılan insan adı daşısan belə, sən yırtıcı heyvandan belə yırtıcısan.

Sonra da prosesin son sənədinin səslənməsini istədi. Bu sənəd erməni millətçiliyinin kainatın ən saf, ən müqəddəs varlıqları sayılan körpələrə, uşaqlara yönəli qanlı cinayətlərinin bir hissəsini ortaya qoyacaqdı. Həmin sənədi də Baş ekspert özü səsləndirdi:

-Əlimizdəki minlərlə istintaq materiallarından, şahid ifadələrindən, tarixi sənədlərdən iqtibas etdiyimiz bu faktlar bir insan kimi mənim ürəyimi o qədər ağrıdıb ki, gecədən bəri altı tübik Karvalol içmişəm. Buyurun, siz də dinləyin. 1915-ci ildə insan qanına susamış erməni daşnaklar Osmanlı İmperiyasının Qars və Ərdahan yaşayış məntəqələrindəki əhalini qılıncdan keçirərkən kiçik yaşlı uşaqların bir qismi qaçaraq gizlənməyə nail olmuşdu. O zaman bu uşaqların toplanıb xilas edilməsi müzakirəyə çevrilmişdi. Azərbaycan mətbuatının "Yeni iqbal" qəzetində yazar Ömər Faiq Nemanzadə ürək ağrısı ilə yazırdı: "Ey həmiyyətli bakılılar, ey gəncəlilər, ağdaşlılar, şamaxılılar, şəkililər, üzümü sizə tutub yalvarıram. Hər biriniz 10-12 uşaq götürüb saxlayınız. Bir düşünün, sizin qucağınıza can atan balalar kimlərdir: ev-eşiyi viran olmuş, anası, atası boğazlanmış, 11-12 yaşlı bacısı aylarla vəhşi heyvanlarfın əlində qala-qala dəlilənib axırda tələf olmuş, bütün qohumu yox edilmiş, yarı canı qalmış öz millətinizin, türk millətinin balalarıdır". Bununla bağlı yazar Əhməd Cövdət isə "Açıq söz" qəzetində yazırdı: "Anadoludan ölüm sədaları gəlir. Anadoludan uşaqların ah-nalələri, iniltiləri eşidilir. İrz yox, namus yox. Balta, dəmir, tüfəng süngüsü ilə, daş-qaya ilə, qurğuşunlarla qırırlar. Canım, insan deyilmi bunlar?"

1918-ci ildə erməni silahlı quldurları Türkiyənin Katranlı kəndinə hücum edərək ətraf yaşayış məntəqələrinin əhalisini qılıncdan keçiriblər. Bu qanlı savaşda daşnaklar 1400 uşağı odda yandırıblar. 1918-ci il yanvar ayının 28-də Gəncənin Zağalı kəndində ermənilər 15 uşağı vəhşicəsinə qətlə yetiriblər. Həmin il Şamaxıda qırğınlar törədən daşnaklar 1277 uşağa işgəncə verərək öldürüblər. 1920-ci il yanvarın 6-da ermənilər Naxçıvanın Bılağ kəndində atəşə tutduqları yüzlərlə insanın arasında işgəncə ilə 25 uşağın həyatına son qoyublar. Elə həmin ilin müxtəlif aylarında öz yurdlarında yüzlərlə uşaq ermənilər tərəfindən min bir əzabla qətlə yetirilib. Təkcə Zəngəzurda güllələnən 7729 nəfərdən 2196-sı azyaşlı uşaq olub. Körpəni güllələmək, onu təndirə atmaq, yabaya, süngüyə keçirmək, şişə taxmaq, parça-parça edib quduzlara tullamaq ermənilərin adi məşğuliyyətinə çevrilib. 

Rus fotoqraf Vladimir Sokolov uşaqların qətli ilə bağlı 1918-ci ildə Bakıda üç fotoşəkil çəkib. Onun yazdığına görə, gördüyü "mənzərə"lər ona ağır təsir etdiyindən şəkil çəkməyi başa çatdıra bilməyib. Birinci fotoşəkildə başında güllə, bədənində beş süngü yarası olan və sağ çiyninə qılınc yarası vurulmuş ananın qucağında körpə uzanıb. Ananın döşünü əmən körpənin ayağında süngü yarası var. İkinci şəkildə iri mismarla divara mıxlanmış iki-üç yaşlı uşaq təsviri var. Üçüncü şəkildə isə 13-14 yaşlı qızın meyiti həkk olunub. Onun cırılmış paltarları və qançırlardan zorlanaraq öldürüldüyü görünür.

     70 ildən sonra erməni millətçiliyi öz qanlı əməliyyatlarını daha azğınlıqla davam etdirib. Keçmiş SSRİ Daxili İşlər Nazirliyinin istintaq materiallarında göstərilib ki, 1988-ci ildə azərbaycanlılar öz dədə-baba yerlərindən zorla qovulduqda 216 nəfər qətlə yetirilib. Həlak olanların arasında 23 uşağın olduğu bildirilir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması həyata keçirilərkən yüzlərlə insan dağları, dərələri keçərək şaxtalı, qarlı günlərdə uçqunlara düşüb, körpələr amansız şaxtaya, qurd-quşa yem olub.

 Bəzi tükürpədici faktları da konkret olaraq sadalayacağıq. 1988-ci il dekabrın 5-də Spitak şəhərində 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq borunu hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan tullayaraq uşaqları qətlə yetiriblər. Elə həmin ilin noyabrında Quqark rayonunda da bu cür hadisə həyata keçirilib. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblar. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açıb dəhşətə gəliblər.

 

 

 (Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.