QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

66-CI DƏRC

 

1948-49-cu illərdə erməni repatriantların Ermənistana qayıtması bəhanəsi ilə Ermənistan SSR rəhbərliyi azərbaycanlıların Ermənistan SSR ərazilərindən kütləvi surətdə köçürülməsinə başlayıb. Cəmi 200 mindən çox azərbaycanlı köçürülüb.

1963-cü ildə o vatkı SSRİ rəhbəri Xruşşova 2500 Qarabağ ermənisinin imzası ilə petisiya ünvanlanıb. Qarabağda iğtişaşlar nəticəsində 18 nəfər xəsarət alıb. Yaranmış gərginlik 70-ci illərin əvvəllərinə qədər davam edib.

1981-ci ildə Zori Balayanın antitürk "Ocaq" kitabı işıq üzü görərək münaqişəni yenidən alovlandırıb.

Zori Balayan yerindən “Mən fəxr edirəm” deyə replika atdı. Yerbəyerdən hiddət sədaları ucaldı.

Ekspert çıxışına davam etdi:

-1987-ci ilin avqustuda 75.000 Qarabağ ermənisinin adından Qorbaçova vilayətin Ermənistana birləşdirilməsi haqqında petisiya ünvanlanıb. Ermənistan Elmlər Akademiyası da dövlət başçısına bu xahişlə müraciət edib. Sentyabrda Zori Balayan, oktyabrda isə SSRİ-nin rəhbərlərindən olmuş Anastas Mikoyanın oğlu Sergey Mikoyan xarici mətbuatda Qarabağ mövzusunda çıxış ediblər.

1987-ci ilin 17-18 oktyabrında Yerevanda Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı ilk mitinqlər təşəkkül tapıb. Qorbaçovun müşaviri Abel Aqanbeqyanın Dağlıq Qarabağın Ermənistan SSR-in tərkibinə verilməsinin məqsədəuyğunluğu haqqında Parisdə bəyanat verməsi bu mitinqlərin əsas ilhamvericisi olub.

1987-ci ilin noyabrında Ermənistandan qovulan ilk azərbaycanlı qaçqınlar peyda olublar.

1988-ci ilin əvvəllərində Ermənistanın Qafan rayonunda kütləvi toqquşma və iğtişaşlar baş verib.

1988-ci ilin 25 yanvarı minlərlə azərbaycanlının Ermənistandan Azərbaycana qaçmağa məcbur olması tarixidir.

Zori Balayan yerindən söz atdı:

-Yalandır. Onlar özləri yadelli kimi bizim torpaqlarda qalmaqdansa öz vətənlərinə qayıdıblar. Onlara heç bir erməni gözün üstündə qaşın var deməyib.

Bu zaman özünü saxlaya bilməyən yaşlı hakim Baş Hakimdən icazə alıb Balayana cavab verməli oldu:

-Hörmətli Divan tamaşaçıları, mən  Ermənistanın “Epress” saytından 1988-ci ilin noyabrında erməni quldur dəstələrinin Quqark rayonunda azərbaycanlıların kütləvi qətlə yetirilmələri barədə dərc edilmiş materialı oxuyum sizə. Həmin material jurnalist Mane Papyanın qələmindən çıxıb. O yazır: “1988-ci ildə Quqark rayonunda baş vermiş hadisələr hamını şoka saldı. Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general Usik Arutunyanın bildirdiyinə görə, 1988-1989-cu illərdə Ermənistanda 25 azərbaycanlı milli münaqişə zəminində ermənilər tərəfindən öldürülüb və onlardan 11-i birbaşa Quqark rayonunda həlak olub. Şaumyan sakini Stepan Ayvazyanın bildirdiyinə görə, kənddə qalmış azərbaycanlılar Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb, yandırılıb. Meyitlərin yandırılmasında aydın bir məqsəd olub – ölənlərin tanınmaması. Məktəbin direktor müavini Rima Sarqsyan xatırlayıb ki, azərbaycanlılardan biri qaçıb məktəbə giribmiş, ermənilər onu da  tutaraq yandırmışlar”

Sonra üzünü Balayana tutdu:

-Sizi qane etdi?

Balayan saymazyana cavab vermədi. Belədə ekspert çıxışını davam etdirdi:

-20 fevral - Stepanakertdə DQMV Xalq Deputatları Sovetinin sessiyası keçirildi. Azərbaycan SSR, Ermənistan SSR və SSRİ Ali Sovetlərinə DQMV-nin Azərbaycanın tərkibindən çıxıb Ermənistana birləşdirilməsinə icazə verilməsi xahişilə müraciət qəbul edildi.

22 fevral - DQMV ərazisində ermənilərin Əsgəran yaşayış məntəqəsinin yaxınlığında "həddini aşmış ermənilər arasında qayda-qanun yaratmaq" üçün Ağdamdan Stepanakertə yollanmış çoxsaylı azərbaycanlılarla onların yolunda qoyulmuş milis-qoşun dəstələri və yerli əhali arasında odlu silahdan istifadə olunmaqla toqquşmalar baş verdi. Toqquşmalar nəticəsində 2 azərbaycanlı  həlak oldu, 50 nəfər bədən xəsarəti aldı.

23 fevral - Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların sayı 4.000 nəfərə çatdı.

26 fevral - Sumqayıtda Lenin adına mərkəzi meydanda Sov.İKP MK-nın baş katibi M.S.Qorbaçovun Dağlıq Qarabağ və onun ətrafındakı hadisələrlə əlaqədar Azərbaycan və Ermənistan zəhmətkeşlərinə, xalqlarına müraciətinə münasibət bildirməkçün, eləcə də Sumqayıta gəlmiş ermənistanlı qaçqınlara görə azsaylı mitinq keçirildi.

26 fevral axşamı - Azərbaycan KP MK birinci katibi Kamran Bağırov və hökumət sədri Həsən Seyidov Sumqayıta gəldilər. Onlar axşam Kimyaçılar klubunda şəhər sakinləri ilə, qaçqınlarla görüşdü. Kəskin suallar və ittihamlar səsləndiriləndə respublika liderləri arxa qapıdan qaçaraq Bakıya qayıtdılar.

27 fevral axşamı – Sumqayıtda təxribatçı qüvvələrin əlləri ilə erməni əhaliyə qarşı hüquqazidd hərəkətlərə star verildi.

28 fevral axşamı - Bakıdan Sumqayıta Sov.İKP MK təşkilat- partiya işi şöbəsinin müdir müavini Q.Xarçenko və SSRİ DTK sədrinin birinci müavini, ordu generalı F.Bobkov gəldi.

29 fevral - Sumqayıta təyyarələrlə SSRİ DİN daxili qoşunlar alayı yeridildi və Bakı ümumqoşun məktəbinin kursantları gətirildi. Qoşun yeridilməsinə baxmayaraq, bəzi rayonlarda qətl və talanlar davam edirdi, çünki qoşunların döyüş sursatı yox idi və talançılara qarşı güc və silah tətbiq etmək əmri verilməmişdi. Zərərçəkənlərin müdaxilə çağırışlarına zabitlər və əsgərlər cavab vermirdi.

29 fevral - Sov.İKP MK Siyasi Bürosunun Sumqayıt hadisələri ilə bağlı iclası keçirildi. Sumqayıtda komendant saatı tətbiq olundu.

Bu yerdə Baş Hakim ekspertə müraciət etdi:

-Məncə kifayətdir, elə Sumqayıt hadisələri də, sonrakı hadisələr də Divanın ayrı-ayrı proseslərində öz əksini tapdı, öz qiymətini aldı. Mən daha bir şahidə söz verilməsinin tərəfdarıyam. 1983-1988-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə şöbəsinin rəhbəri olmuş general-mayor Georgi Septa Divanımızda şahid qismində iştirak edir. Onun xanımı Larisa Septa da buradadır, o vaxt Larisa xanım Xankəndidəki Pedoqoji İnstitutda müəllim işləyirmiş, onun da deməyə sözü var. Buyursunlar kürsüyə.

Tribunaya general libasında yaşlı kişi və onun xoşsimalı ağbirçək həyat yoldaşı çıxdı. İlk olaraq qadın danışdı:

-Xatırlayıram, bir dəfə mənim tələbələrim Zori Balayanın “Ocaq” kitabını mənə gətirmişdilər. Demişdilər ki, Larisa Alekseyevna, oxuyun, çox gözəl kitabdır. Apardım evə. Georgi İvanoviç kitabı məndən alıb bütün gecəni oxudu. Səhər isə tələsik kitabı götürüb Bakıya getdi ki, Zori Balayanın “əməyinin” təhlükəsi barədə öz rəhbərliyinə məlumat versin.

Sonra üzünü həyat yoldaşına tutdu:

-Xatirindədir də yəqin, Georgi İvanoviç. Amma çox təəssüf ki, vaxtında SSRİ rəhbərliyi bu zərərli kitaba heç bir reaksiya vermədi. Bilirsiniz, nə xatirimdədir? Mixail Qorbaçov hakimiyyətə gələndə institutda oxuyan erməni qızlar çox sevinirdi. Qızlar deyirdi ki, bizim ermənilər əvvəlki SSRİ rəhbərləri Stalin,  Xruşşov və Brejnevdən Qarabağı istəyiblər, lakin heç biri razılaşmayıb. Amma Qorbaçov ABŞ səfərində Qarabağı ermənilərə verməyə söz verib, çünki Amerikadakı erməni diasporu orada Raisa Qorbaçovaya bahalı brilyant hədiyyələr veribmiş.

Qadın azacıq susub əlavə etdi:

-Bu hadisələr başlayanda nə isə tədbir görmək gec idi, çünki vilayətdə ermənilər vəhşiləşmişdilər. Hiss edirdilər ki, arxalarında Raisa Qorbaçova durur. O, qadın  öz üzərinə böyük günah götürdü. Bu məsələyə, ümumiyyətlə, toxunmaq lazım deyildi. Nə qədər qan töküldü.

Qadın ah çəkib susdu, baxışları ilə həyat yoldaşına sanki “buyur danış” söylədi.

Georgi Septa generallara xas təmkinlə danışmağa başladı:

-Münaqişə yeni başlayanda İrəvana erməni millətçilərinin lideri sayılan bax bu Zori Balayanla görüşə getmişdim. Açıq danışacam: vilayətdə əsas araqatan məhz Zori Balayan idi. Mənimlə görüşdə dedi ki, "dənizdən dənizə" Ermənistanın yaranmasını istəyir və Bakını erməni şəhəri sayır. O, psixi xəstədir. Onlarda "Böyük Ermənistan" xəstəliyi var.

Zori Balayan Georgi Spartaya etirazını bildirdi, “Xəstə sənsən, mənsə bir xalqın lideriyəm” atmacasını atdı. Amma general təmkinini pozmadı, nitqinə davam etdi:

-Mən bu yaşa çatmışam, keçdiyim həyat yolu mənə təlqin edib ki, dünyada ən böyük xəstəlik xərçəng deyil, millətçilikdir. Xərçəng xəstənin tək özünün içini yeyir, yoluxucu deyil. Millətçilikdə isə həm xəstənin öz içi didilib dağılır, həm də onun yoluxdurduğu milyonlarla insanın.

Auditoriya bu mükəmməl izaha görə natiqi alqışlara bürüdü. O, sakitlik bərqərar olandan sonra çıxışını davam etdirdi:

 -Mən dəfələrlə məsələni qaldırmışam, insanlığa, millətlərarası münasibətlərə təhlükə yarandığını vaxtında demişəm, vicdanım təmizdir. Məni ümumiyyətlə nə Azərbaycan DTK-sında, nə də SSRİ DTK-sında anlamaq istəmirdilər. Onlar özlərini elə göstərirdilər ki, guya hər şeyi nəzərə alırlar, amma iş bundan o tərəfə getmirdi. Mən isə öz məruzə və qeydlərimi göndərməkdə davam edirdim ki, bəs, qərar qəbul eləmək lazımdır. Heç kim də  qərar qəbul etmirdi. Yara partlayandan sonra isə Moskva Qarabağa Sov İKP MK-nın Siyasi Bürosunun üzvü Pyotr Nikolayeviç Demiçevi göndərdi. O isə Stepanakertdə azğınlaşmış kütlənin qarşısında giclədi ki, “İki qardaş müsəlman xalqın - ermənilərin və azərbaycanlıların öz aralarında nəyi bölə bilmədiklərini heç cür anlaya bilmirəm”. Çox təəssüf ki, milli məsələyə bax bu cür səthi yanaşılırdı. Müharibə ocağına göndərilən diletant şəxs oradakı konfliktdə olan xalqların dini mənsubiyyətini belə bilmirdi.

Natiq üzünü Baş Hakimə tutdu:

-Mən Divandan insanlıq üçün ən böyük fəlakət sayılan Zori Balayanın ən ağır cəza ilə cəzalandırılmasını xahiş edirəm.

Auditoriya Georgi Septanı və onun  həyat yoldaşını alqış sədaları ilə yerlərinə yola saldı. Zori Balayanın “Sən necə xristiansan ki, müsəlman kimi danışırsan? Gərək elə o vaxt görüşəndə gülləni çaxaydım başına” sözlərini isə publika fitə basmaqla qarşıladı.

Baş Hakim qısa fasilə təyin etdi, tamaşaçılar kofe-breyk ərazisinə keçdilər, hakimlər özləri qəhvə içdilər, gənc hakim Baş hakimə proseslərdə hakimin psixoloji hazırlığı barədə suallar ünvanladı, Zori Balayan isə ona təklif olunan suyu əli ilə geri itələdi, stəkan ofisiantın əlindən yerə düşüb çilikləndi.

 Zəng səsi prosesin bərpasını işarə edən kimi Baş Hakim söz götürdü:

- Mən indi bir cinayət işinə işıq salınmasını istəyirəm. İş ondadır ki, çoxsaylı cinayətlərdə ideoloji lider kimi adı keçən Zori Balayan konkret terrorçu kimi də cinayət törədib, hətta bu şəxs İnterpol xətti ilə axtarışda da olub.

Auditoriya tam çaşqınlığa büründü. Necə yəni, yazıçı ideoloji lider ola bilər, onun antihumanist çağırışlarını belə, millətçiliyinin tüğyan etməsi səbəbindən nə cürsə izah etmək mümkündür, hətta onun döyüşçü kimi müharibədə iştirakını da harayasa yozmaq olar, amma aşkar terrorçuluğu? Bax budur erməni ziyalısının əsl xisləti.

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.