Etibar Əbilov, “Ədəbiyyat və incəsənət” üçün
Ötən gün şair dostum Zabil Pervizin ad günüydü. Zabil Pərviz şair kimi tanınanda mən hələ məktəbli idim. Baxmayaraq ki, özü də çox gənc idi, institutun I kursunda oxuyurdu. Bizə gələrdi, yazdığı təzə şeirlərini atam üçün oxuyardı. Mən də bir tərəfdə əyləşib, yaşıdlarından tamamilə fərqlənən, bir qədər də qeyri-adi olan bu istedadlı gənc şairə qulaq asardım.
O vaxt, yəni 70-çi illərdə "Azərbaycan", "Ulduz" dərgilərində müntəzəm çap olunardı. Dövrünün ən məşhur gənc şairlərdən idi. Əliaga Kürçaylı, Xəlil Rza Ulutürk kimi böyük şairlərlə dostluq edirdi. Xəlil Rza Ulutürkün onu nə qədər çox istədiyinin, şeirlərinə nə qədər böyük dəyər verdiyinin şahidiyəm. Rəhmətlik Xəlil bəy Zabil müəllimin şeirlərini əzbər söyləyirdi... Sonralar o da, mən də yaşa dolduq, ədəbiyyata olan böyük sevgimiz bizi dostlaşdırdı.
Zabil Pərviz əqidə adamıdır, dəyişməyən, sabit əqidəsi var. Bir qədər əvvəl şair Qəşəm Nəcəfzadənin Zabil Pərviz haqqında yazdlğı dəyərli bir yazısını oxudum. Böyük ürək sahibi olan insanların varlığı məni həmişə sevindirir. Qəşəm müəllim Zabil müəllimin xarakterini dəqiqliklə dələmə alıb, şeirlərini çox yüksək səviyyədə təhlil edib. Ürəyimdən xəbər verən bu qiymətli məqaləsinə görə də Qəşəm müəllimə təşəkkür edirəm.
Zabil Pərviz əsl şairdir, əsl ədəbiyyat adamıdır. Sədaqətli dostdur. Başqalarının uğuruna öz uğuru qədər sevinən adamdır.
Əziz dostumu yubileti münasıbəti ilə təbrik edirəm. Ona yeni yaradıcılıq uğurları arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(21.11.2023)