İntiqam Yaşar, “Ədəbiyyat və incəsənət”.
“Köhnə söhbətlər yeni məcrada” rubrikasında Xasiyyət Rüstəmlə müsahibəyə bir il sonra aktuallıq baxımından nəzər yetirdikdən sonra indi də növbə AYB katibi Elçin Hüseynbəylinindir. Onunla söhbətin tarixi də təqribən il yarım əvvələ çəkir.
AYB KATİBLİYİ BARƏDƏ
- Mən deyim ki, AYB yox, hər hansısa bir nazirlik olsaydı, orada mənə hər hansısa başqa bir iş həvalə olunsaydı mənim üçün çətin olardı. Amma AYB bir başa ədəbiyyatla məşğul olduğuna görə, yazıçılarla, şairlərlə, qələm adamları ilə təmasda olduğuna görə, burda funksionerlik şərti məsələdir. Sadəcə olaraq bu bir görəvdir sənə həvalə olunub, sənin yaradıcılığına ciddi mane olmur. Əsas odur ki, sən insanları tanıyırsan, kimin nəyə qadir olduğunu bilirsən və bu sənə heç bir əziyyət və çətinlik vermir. Sadəcə olaraq müəyyən zamanını ala bilər. Bu da bizim borcumuzdur. Tutaq ki, bu mən olum və ya başqası olsun, bizdən əvvəl də katiblər olub, bizdən sonra da katiblər olacaq. Mən düşünürəm ki, bu bir çətinlik yaratmır. Əksinə həm yaradıcılıqları, adamları yenidən tanımaq baxımından, daha da stimullaşdırıcı bir vəzifədir. Yəni məmur vəzifəsi deyil. Sən istəsən də məmur ola bilməzsən burada.
LAYİHƏLƏR BARƏDƏ
-Söhbət ondan gedir ki, AYB böyük büdcəsi olmayan bir təşkilatdır. Ona görə də bəzi layihələr var ki, onlara AYB-nin gücü çatmır. Biz onsuzda öz üzərimizə düşən işləri görürük. Tədbirlərin keçirilməsidir, qurultaya hazırlıqdır və s. Dəfələrlə olub beynəlxalq tədbirlər keçirmişik, elə qurultay da beynəlxalq tədbir kimi bir şeydir. Eyni zamanda yubileylərimiz keçirilib, təbii ki, dövlətin dəstəyi ilə. Mən elə düşünürəm ki, daha çox kənardan gələn təşəbbüslərə dəstək vermək lazımdır. Cavan, gənc yazıçılar, cavan ona görə deyirəm ki, onlar gənc dövrü keçiblər, daha kreativdirlər, daha təşəbbüskardırlar. Onlar məsəlçün deyirlər ki, bir tanıtım layihəsi edək. Azərbaycan ədəbiyyatını tanıtım layihəsi. Mən də deyirəm ki, lap yaxşı siz bu təşəbbüsü layihələndirin bizə təqdim edin. Mən düşünürəm bax bu cür, ədəbiyyatın təbliği layihəsidir, kitabın tanıtımı və oxucuya çatdırılması layihəsidir və s. bu kimi təşəbbüsü bizə təqdim etsinlər. Elə sizin mətbuat vasitəsi ilə səslənirəm gənclərə, bu fikirləri layihələndirin və təqdim edin. Mən də indiyə kimi müxtəlif sahələrdə, müxtəlif istiqəmətlər üzrə bir çox layihələr işləmişəm. Bizə təqdim olunan layihələrə bir yerdə baxaq və müzakirə edək, çıxaraq katibliyə, bizim rəhbər, Anar müəllim də belə təşəbbüslərə dəstək verən adamdır. Sonra lazımi orqanlar qarşısında məsələni qaldıraq və çalışaq ki, həyata keçsin. Sadəcə olaraq, real layihələrə ehtiyac var. Qeyri-real layihələrə yox. Konkret bilirsən ki, bu layihələri ortaya çıxartmaq olar. Ona görəki, onun yollarını, istiqamətini, ünvanını, hədəfini və yerlərini bilirsən. Mən düşünürəm ki, bax daha çox bu cür layihələrə üstünlük verməliyik.
ZƏFƏR GÜNÜNDƏN ƏVVƏL VƏ SONRA
- Bilirsən, artıq otuz ilə yaxın müddətdə o hisslər artıq bir az korşalmışdı, haradasa bir az barışmışdıq itki ilə. Ancaq elə gün olmurdu ki, mən kəndimiz haqqında düşünmüyəm, kəndimiz haqqında nəsə xatırlamayam. Çox nadir gecələr olurdu ki, mən kəndimizi yuxuda görməyəm, görməyəm ki, Arazın kənarında dayanıb balıq tuturam, ya futbol oynayıram. Daima məndə bu hisslər yaşayıb və mənim əsərlərimi də oxuyanlar bu hissi duya bilir. 8 noyabrdan sonra qələbəni hələ tam həzm edə bilməmişəm. Ona da bir az zaman lazımdır ki, biz nəyə nail olmuşuq. Bu çox möhtəşəm bir qələbədir. Möhtəşəm olduğuna görə də bunu hələ tam həzm eləmək, qəbul eləmək çətin məsələdir. Zaman keçdikcə yavaş- yavaş bu zəfərin möhtəşəmliyi, qələbənin mahiyəəti, bizim gələcəyimiz üçün nələr edəcəyini dərk edəndən sonra biz oturuşmuş şəkildə əsərlər ortaya qoyacağıq. Bir neçə hekayə yazmışam 8 noyabrdan sonra, amma ona qədər Qarabağla bağlı otuza yaxın hekayə, bir neçə roman, publisistik yazılar yazmışam çox sayda. İndi bir böyük publisistik yazı, “Cəbrayılı düşünərkən nifrət, lənət və sevgi”Anar müəllimin təşəbbüsü ilə çap olunan “Qarabağın Dastanı” kitabında çap olundu. Böyük bir publisistik yazıdır, etnoqrafik çalarlarla doludur və bir neçə hekayə dediyim kimi. Hələ ki, bir romanı bitirmişəm“Vida romanı” adlı. Bu romanda otuz ilin həsrətindən doğan bir romandır. Gələcəkdə nəzərə alsaq ki, beynəlxalq arenada ermənilər öz həyasızlıqlarını davam etdirəcəklər, kino və ədəbiyyat sahəsində. Özlərinin necə, güyaki təcavüzə uğradıqlarını, zülm gördüklərini, həyasızcasına,yalandan bütün dünyaya yalandan yayacaqlar. Buna görə də mən düşünürəm ki, biz otuz illik acını, həsrəti unutmayaq və əsərlər yazaq, kinolar çəkməliyik, tamaşalar qoymalıyıq səhnələrə, bütün dünyaya göstərək ki, bizim belə bir keçmişimiz var. Ermənilər bizim ağrılı-acılı keçmişi xatırlatmaq istəmirlər. Özlərini əzabkeş kimi göstərmək istəyirlər. Halbuki onlar başa düşməlidilər ki, azərbaycanlılara otuz ildə hansı əzabları veriblər, hansı zülmləri veriblər. Bunu dünya bilməlidir və bu dünyanın yadında qalmalıdır. Qələbə ilə bağlı təbii ki, bizim çoxlu əsərlərimiz olacaq müxtəlif sahələrdə. İstər nəsr, istər kino, amma mənim dediyim kimi bax o, çadırlarda qalan ilan-çayana yem olan uşaqların taleyini unutmaq olmaz, dəmir vaqonlarda qalan, çoxlu əzablar çəkmiş insanların, uşaqların acısını unutmaq olmaz. Bu məsələ daima bizim ədəbiyyatımızın,sənətimizin gündəmində olmalıdır və daim dünyanın, bütün avropanın diqqəti, gözü bizim faciəmizdə olmalıdır. Qələbə ilə də bağlı təbii əsərlər yazılmalıdır, filmlərimiz çəkilməlidir. Bizim qəhrəman şəhərlərimiz, qəhrəman oğullarımız var. Yeri gəlmişkən deyim, bayaq adını çəkdiyim məqalədə təklif etmişəm ki, işğaldan azad olunmuş şəhərlərimizə, həmçinin Tərtər, Bərdə, Gəncə şəhərlərimizə “Qəhrəman şəhər” adı verilsin, çünki müharibə dövründə çox ağrılara, acılara, əzablara məruz qaldılar bizim həmin şəhərlərimiz. Eyni zamanda mən təklif etmişəm ki, Holokost tipli bir abidə yaradılsın, muzey kompleksi yaradılsın Azərbaycanda. Bizim 1990-cı illərdən bəri, yəni, 20 yanvardan bəri çəkdiyimiz o əzablar əks olunsun orada. Eyni zamanda böyük bir guşə yaradılsın bizim zəfərimizlə bağlı sənət əsərləri, canlı eksponatlar nümayiş olunsun orada. Bizdə“Müzəffər müzeyi” var, “Qənimətlər parkı” var. Amma mən dediyim haradasa bunların hamısının bir məcmusunu kompleks kimi ehtiva edir. 1-ci sinfə gedən uşaqlar və ya bir az böyüklər ola bilər,olsun ki uşaqlara hardasa pis təsir edər və ya anlamaya bilərlər. Amma müəyyən bir zaman keçdikdən sonra cavanlar, uşaqlar bizim tariximizin əzablı keçmişini görməlidirlər, eyni zamanda turistlər də təbii ki, gəlib oranı ziyarət etməlidirlər. Mənim düşüncəmə görə bu Şuşada bəlkə də Xocalıda olmalıdır.
XARİCDƏ ÇAPOLUNMA
- Açığı mən deyim ki, sistematik şəkildə olan bir şey yoxdur. Müəyyən bir maliyyə tələb edən şeydir. Ən azından öz reklamın üçün, müəyyən işlər görməlisən , getməlisən, gəlməlisən. Deyək ki, mən burada oturdum və mənim kitabımı, hekayəmi, romanımı kimsə xaricdə götürdü çevirdi, yayımladı, çap etdi, amma sənin də müəyyən bir qatqın olmalıdır. Və ya hansısa konkret qurum olmalıdır. Mən bayaq dedim ki, belə layihələr gözləyirik. Ancaq mən xaricdə kifayət qədər çap olunmuşam. Kitab formasında, Litvada kitabım tərcümə edilib çap olunub. Bunların altısı Qarabağ hekayələridir. Ona görə deyirəm ki, Qarabağ hekayələri, Qarabağ hekayələrinə xaçpərəst ölkələrdə xüsusi yanaşma var və sən elə yazmalısan ki, onlar bunu qəbul etsinlər. Yəni göstərməlisən ki, bu sadəcə əsərdir. Yazıçının qərəzinin yox, obyektiv yanaşmasının, düşüncəsinin məhsuludur. Tiflisdə kitabım hazırdır, amma hələki çap olunmayıb. Açığı naşirlərlə razılığa gəlmədik qaldı. Çünki mən xoşlayıram ki, naşirlər özləri çap edib, özləri də yayımı ilə məşğul olsunlar. Türkiyədə üç kitabım çap olunub. Bilmirəm bəlkə bir neçəsi də çap olunub bilmirəm, amma onlarda yayım bir az fərqlidir. Gah bələdiyyələrdə, gah universitetlərdə olur. İranda iki kitabım çap olunub, amma heç biri hələki mənə gəlib çatmayıb. Birinin üz qabığını görmüşəm. Rusiyada qəzetlərdə, jurnallarda xüsusən “Literaturnaya qazeta”da hekayələrim çap olunub. Hətta orada jurnalda “Balıq adam” romanım da çap olunub. Bundan başqa Amerikadan belə bir çox ölkələrdə çap olunub. Demək olar ki, dünyanın aparıcı ölkələrində dəfələrlə, təkrar-təkrar mənim hekayələrim çap olunub. Hansı reaksialar doğurur bu çap olunmaq? Onu deyə bilərəm ki, bu yaxınlarda Sankt Peterburq oxucuları ilə, Mayakovski kitabxanası oxucuları ilə biz onlayn görüş keçirdik. "Oxuyan Peterburq" layihəsi çərçivəsində bir görüş baş tutdu.Oxucular hazırlıqlı idilər, hətta Türkiyədən qoşulanlar var idi, rusca danışırdılar. Azərbaycandan, Rusiyanın müxtəlif şəhərlərindən qoşulanlar var idi. Belə məlum oldu ki, mənim əsərlərimdən məlumatlıdırlar. Adicə girib Googledən axtarış verəndəgörürsən ki, Rusiyanın bir neçə nöqtələrinin kitabxanalarında mənim əsərlərimdən var. “Oxuyan Peterburq” layihəsi çərçivəsində mənim, “Don Juan” romanım müsabiqədə iştirak edib, görünür ki, bunun da təsiri var, oxucular əlavə məlumatlar da toplayıblar. Ümumiyyətlə o çox maraqlı layihədir. Aktyorlar əsərlərdən parçalar səsləndirirlər, müzakirələr edirlər. Düşünürəm ki, bunları bəlkə də sistemli formada eləmək lazımdır. Yazıçı bu məsələlərə soyuq yanaşır. Mən özümü deyirəm, başqalarını deyə bilmərəm. Daha çox yazmaq haqqında düşünürəm, nəinki reklam haqqında. Bunu da təşkil edənlər, məsələn, türkoloq Şahnaz Kamal sağ olsun, Azərbaycan ədəbiyyatını təbliğ edir. Və yaxud Türkiyədə hansısa bizi bəyənən, Azərbaycan ədəbiyyatını sevən insanların xidmətidir, o cümlədən başqa ölkələrdə. Əlbəttə, mən düşünürəm ki, Azərbaycan ədəbiyyatının tanınması vacibdir, amma ədəbiyyatın, kino, teatr və rəsmə nisbətən tanınması çətindir. Çünki vizuallıq ayrıdır. Rəsmi tərcümə etməyə ehtiyac yoxdur. Amma ədəbiyyat dil faktorudur, gərək xarici dilə tərcümə olunanda da peşəkarları tapasan, o peşəkarları tapmaq üçün də bir qədər çalışmaq lazımdır.
SİNİFDƏNXARİC QİRAƏT
-Mənə vaxtı ilə dedilər ki, 5-ci sinif ədəbiyyat dərsliyi üçün hekayə yaz. Məndə bu alınmadı. Çünki, uşaqların psixologiyasını bilmək lazımdır, belə yazıları yazmaq üçünpedaqoq olmaq lazımdır hardasa. Amma dedilər sənin elə uşaqdan yazdığın hekayələr var, onların üzərində bir az işləsən kifayətdir. Amma yenə məndə alınmadı. Sonra bir publisistik məqalə verdilər mənə, dedilər bunun əsasında hekayə yaz. Yazdım, “Firuzə qaşlı xəncər” indi 5-ci sinif dərsliyində tədris olunur. Sonra məlum oldu ki, o yazıdakı qəhrəman Tofiq, Milli Qəhrəmanımız Tofiq Hüseynov imiş. Sonra 7-ci sinif üçün hekayə istədilər. Mən soruşdum ki, nə edə bilərəm? Dedilər, sən hekayə göndər biz işləyək. Onlarahekayələr göndərdim. “Nar” hekayəsi üzərində işləyib “Nəvə” hekayəsini hazırladılar göndərdilər mənə, oxudum. Uyğunlaşdırmışdılar, pedaqoqlar hazırlamışdılar. Bəzi düzəlişlər etdim. Bir şeyi orda düzəliş etməmişəm, onu da düşünürəm gələcəkdə etmək olar. Hal-hazırda da tədris olunur 7-ci sinif dərsliyində o hekayə də.Uşaqlar üçün yazmaq çətindir. Amma onu deyim ki, bu yaxınlarda uşaqlarıma danışdığım nağılları hekayələrə çevirdim. Səkkiz hekayə yazdım, “Qələm” nəşriyyatına təqdim elədim, onların səkkizi də həmdə animasiya filmləri üçün materiallardır. Bu yaxınlarda rejissorlarla danışdım, dedilər, sən niyə bunları müsabiqəyə vermədin? Dedim, ehtiyac yoxdur, elə bu hekayələrin üzərində işləyib cizgi filmi hazırlamaq olar. Uşaqlar üçün yazmaq çox vacibdir, mütləq yazılmalıdır. Oxu vərdişini uşaqlarda cocuq vaxtından yaratmaq lazımdır ki, gələcəkdə daha böyük əsərlər oxuya bilsinlər. Zaman dəyişib, ola bilər bəlkə kitab başqa forma alır. Məsəlçün, maraqlı nədir? Mən arada “Google”da girib axtarış verirəm, görürəm ki, mənim əsərlərim əsasında cizgi filmləri çəkilib. Tam film deyil, ancaq şəkillərdir, amma onun üzərində bir az işləsən cizgi filmi kimi alınar. Elə “Nəvə” hekayəmə müxtəlif cür yanaşmalar, səsləndirmələr var. Nə qədər adamlar uşaqlar üçünsəsləndiriblər fərqli-fərqli formada o hekayəni. Mən elə hesab edirəm indi uşaq poeziyası mənim kurasiyamdadır, uşaq ədəbiyyatı seksiyası nı daha da fəallaşdırmaq çox vacibdir.
KİTAB SATIŞI VƏ TƏBLİĞİ
- Biz kitabı, oxu mədəniyyətini formalaşdıra bilmədik. Kitab kultu olmalıdır. Amerikadakı kimi, Yaponiyadaki kimi, Çindəki kimi, Almaniyada olan kimi. Təəssüf ki, biz bunu edə bilməmişik hələ ki, kitab satışı çox zəifdir, oxucularımız çox azdır. Mən o zamanlar deyirdim ki, hansısa bir normativ olmalıdır, qanun olmalıdır ki, yazıçının əməyindən sui istifadə etməsinlər. Çoxlu ədəbiyyat portalları yaranır, bu çox yaxşıdır əbəbiyyatımızın təbliği üçün, amma hardasa mənim əsərimi ora daxil edəndə elə etmək lazımdır ki, yazıçı da nəsə qazansın, təkcə oxucu yox. Bu yaranmadığına görə oxucu və yazıçı arasındakı körpülər itir. Həm portal qazanır, həm oxucu, amma yazıçı heç nə qazanmır. Düzdü indi oxucu qıtlığı şəraitində eşidəndə ki, sənin əsərlərini oxuyanlar var, bu çox xoş olur. Hələdə biləndə ki, hansısa oxucu sənin əsərlərinin vurğunudur fanat səviyyəsində, bu lap xoş olur. Amma təəssüf ki, yazıçı çox az qazanır. Yazıçı bu baxımdan hüququ pozulan zümrələrdən biridir.
ƏDƏBİ GƏNCLİKDƏN GÖZLƏNTİLƏR
- Dediyim kimi, biz bu kitab kultunu, oxu mədəniyyətini yarada bilməsək, gənclər məyus olacaq. Mən indi də oxuyuram,gənclər deyirlər ki, bizim yazdıqlarımız cəmiyyətə lazım deyilsə biz niyə yazaq?. Bu çox təhlükəli bir tendensiyadır, bu doğru deyil. Nəsə etmək lazımdır. Hər şey ədəbiyyatdan başlayır, hər şey sözdən başlayır. Kinolar da, dram əsərləri də, rəsm əsərləri də. Niyə rəsm əsəri dedim? Bayaq adını çəkdiyim, “Nifrət, lənət və sevgi” məqaləmi feysbukda paylaşdım və bir rəssam mənə yazdı ki, orada bir epizod məni çox möhkəm tutdu və mən onu tabloya köçürmək istəyirəm, gələcəkdə istəsəniz bu şəkili əsərlərinizdə də istifadə edərsiniz. Mən ona təşəkkür elədim, dedim ki, orada təbii bir neçə epizod var. Dedi, ümumiyyətlə sizin romanlarınız rəssamlara bolluca material verir, mən çalışacam ki, silsilə formasında işləyim onları. Mən çoxdan istərdim rəssamla şairin və ya rəssamla yazıçının tandemini əks elətdirən bir sərgi olsun. Əgər silsilə tablolar olarsa bir sərgi təşkil etmək olar. Aktyorlar dəvət etmək olar ki, o rəsmdəki epizodu canlandırsın. Eyni epizod çap formasında da tablonun atından vurula bilər. Biz də ədəbi gənclik üçün nəsə etməliyik. Ədəbi gəncliyin palitrası, tərkibi də müxtəlifdir. Çox qarışıq yazırlar bəzən. Türkiyə türkcəsi ilə, Azərbaycan türkcəsini qarışdırıb yazırlar. Başa düşürəm bu pis şey deyil. Türkiyəyə satılır, türk oxucusuna hesablanır. Bir tərəfdən də bir az yaxşı deyil, gələcək nəsil çaşır. Azərbaycan türkcəsini yaxşı, doğru düzgün mənimsiyə bilmir. Sabah imtahan verəndə və ya nəsə edəndə ona çətinlik yaradır. Bu düşüncə məni narahat edir, bilmirəm nə dərəcədə geniş düşüncədir, nə dərəcədə dardır. Hər halda ədəbi gəncliyin arasında istedadlı cavanlarımız var. Xüsusən də poeziyada maraqlı gənclər var. Mən oxuyuram. Nəsrdə nəsə etmək istəyənlər var. Amma deyim ki, mən desəm, “bu gözəl nəsrdir, mən bunu qəbul elədim”, onu desəm mən özümü də yanıltmış olaram, oxucuları da.Gənclər çox işləməlidirlər.Bir şeyi mən hiss etdim ki, Azərbaycan ədəbiyyatını gənclər çox az oxuyurlar. Ola bilər ki, klassikanı oxuyublar orta məktəbdə, amma mənim nəslimin oxucuları deyillər. Bu çox pisdir, niyə pisdir? Mən sizə deyim, daha yaxşı yazmaq üçün özündən əvvəlki nəsli oxumalısan. Bəlkə onlar sən yazdıqlarını yazıblar, səndən daha yaxşı yazıblar? Niyə? Yoxdur demək olmaz. Bəzən söhbətləşəndə soruşuram ki, kimi oxumusuz? Onlar ən yaxşı halda Anar müəllimin, bizdən əvvəlki nəslin və klassiklərinadını çəkirlər. Soruşuram, bəs mənim hansısa hekayəmi oxumusanmı? Deyir, əfsuski yox. Deyirəm, bəs sən mənim yanıma gəlirsən mənim bir hekayəmi oxu, gör necə yazıram. Bəs mənimlə məsləhətləşməyə gəlirsən, oxu gör hələ bir məndən məsləhət almağa dəyər ya yox? Bu tənbəllik və ya etinasızlıq gənclərə heç nə vəd etmir. Amma hər halda bu ədəbiyyatdır, bu bir prosesdir. Kim ələnəcək, kim qalacaq. Mən arada bir “Ulduz “ jurnalının redaktorluğunda olanda, jurnalın tikməsini vərəqləyirdim, orda bir neçə yaxşı əsərlər, hekayələr, povestlər var idi. Düşündüm ki, bunlar niyə yazmayıblar? Belə qərara gəldim ki, onlar hərəsi başqa-başqa sahələrdə inkişaf etdiriblər özlərini. Ədəbiyyatın başını buraxıblar və ya bu qədər yaza bilirmişlər, bu qədər yazmaq istəyirmişlər, bu qədər bacarırmışlar. İndiki nəslin də, gəncliyin də içində belə yazıçılar var və olacaq. Birinin başı pul qazanmağa qarışacaq, birinin başı başqa sahəyə qarışacaq. Amma əsl yazıçıdırsa itən deyil, hansısa formada yenə yazacaq, yaradacaq.
“Ədəbiyyat və incəsənət”
(15.11.2023)