REDAKSİYANIN POÇTUNDAN - Yusif Mürsəlin şeiri

Bu dəfə “Ədəbiyyat və incəsənət”in poçtundan yenə də şeir seçdik. Dərc edilməyini istəyən Yusif Mürsəldir. 

 

 

Qapılar

 

Niyə belə gec açılır

Bizə açılan qapılar.

Hərdən köhnə dərdimizə

Təzə açılan qapılar.

  Gözləyirik yana-yana

  Səbrimiz yetdikcə sona

  Qırxa,əlliyə,doxsana

  Yüzə açılan qapılar.

Heç bilmirsən nədir dərdi

Qovub namərd edir mərdi

Barmağın sayı qədərdi

Düzə açılan qapılar.

  Kim öyrədib bu sənəti

  Guya açılmağı çətin

  Hər gün açılır xəlvəti

  Naza açılan qapılar.

Əriyirik ilmə-ilmə

Oğulsansa gəl bükülmə

"Yuxarıdan"bircə kəlmə

Sözə açılan qapılar.

  Səbr eyləyək deyə-deyə

  Ah-naləmiz çıxdı göyə

  Qalmayıb halal çörəyə

  Duza açılan qapılar.

Niyə belə gec açılır

Bizə açılan qapılar.

Hərdən köhnə dərdimizə

Təzə açılan qapılar.

 

  “Ədəbiyyat və incəsənət”

(15.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.