Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə keçirilən I Gəncə Kitab Sərgisi bazar günü öz işini başa vurub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində təşkil edilən sərgi “Nizami Gəncəvi İli”nə həsr olunmuşdu. Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edirdi. Sərgidə kitablara 50 faizədək endirim tətbiq olunurdu, həmçinin məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları təşkil edilmişdi, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərgi nümayiş olunurdu və bədii proqramlar keçirilirdi.
Sərginin sonuncu günü yazıçılar Varis Yolçiyevlə və Əlibala Məhərrəmzadə ilə görüş təşkil olunub. Görüşdə yazıçılar müvafiq olaraq “Qırmızı ləçəklər” və “Ev tapşırıqları” kitablarını gəncəlilər üçün təqdim ediblər, yaradıcılıq planlarından danışıblar, kitabları imzalayıblar. Daha sonra gəncəlilər detektiv romanlar yazarı Elxan Elatlı ilə görüşüblər.
Maraqlı keçən görüşlər xüsusən gənc oxucularda mütaliəyə həvəsi daha da artırıb.
Ümumiyyətlə, Gəncə Kitab Sərgisinin Nizami yurduna bir bayram ovqatı, bayram təntənəsi gətirdiyi aşkardır. Gəncəlilərə bu cür bayramı yaşadan təşkilatçılar alqışlara layiqdirlər.
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin sədri Şəmil Sadiq Sumqayıtdan sonra Gəncədə belə izdihamlı kitab bayramı təşkil etməklə kifayətlənməyəcəklərini, bölgələrdə kitabla bağlı sərgi və yarmarkalar keçirilməsini bir ənənə halına salacaqlarını bildirib.