BİRİ İKİSİNDƏ – Həsən Kürün şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə -  Həsən Küründür

 

 

Həsən KÜR

 

 

CƏBHƏDƏN MƏKTUB

 

Sən mənə şərfini göndərmə daha,

Səngər beşik kimi istidir, qızım.

Vətən sənin kimi suyuşirindi,

Hamını özünə istədir, qızım.

 

Görsən darıxırsan, şəkillərə bax,

Körpə əllərini boynuma dola.

Boylan pəncərədən getdiyim yola,

Bu məni görməyə bəs edir, qızım.

 

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir.

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

 

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

 

Əgər günün biri, geri dönməsəm,

Eşidə bilməsən atanın səsin,

Qorxma, ürəyinə qorxu düşməsin,

Atan ölməyibdi, xəstədi, qızım.

 

 

“QƏRƏNFİL”

 

– Qızım, sənin adın nə?

– Mənim adım Qərənfil.

– Gözünə qurban olum,

darıxırsan elə bil.

 

– Atamı gözləyirəm.

– Atan hardadır məgər?

– Müharibəyə gedib;

o döyüşür gecələr.

 

– Nə vaxt gedibdir atan;

gecikdiyi çoxdurmu?

– Çoxdur, əmican, çoxdur.

– Ananın da atandan

bir xəbəri yoxdurmu?..

 

– Anam indi işdədir.

– Qızım, harda işləyir?

– Anam çox mehribandır,

yarpaqları çox sevir,

səhərdən-axşamacan

onları təmizləyir.

 

– Yaxşı, mehriban anan

atandan bir söz demir?

– Demir, əmican, demir,

daha yollara baxmır,

daha onu gözləmir.

 

Mən dünən çox ağladım

gecə yatmazdan öncə.

Anamın nə etdiyin

izləyirdim gizlicə.

 

Atamın divardakı

şəklini qucaqlayıb,

belə deyirdi, əmi:

“Mən necə böyüdəcəm

Atasız bu yetimi”.

 

 

***

 

Yıxmağa çox çalışdılar

Deyə-deyəaş! Kəsdilər...

Qurumamışdı qabığım,

Budağımı yaş kəsdilər.

 

Baxın! Yaxşı-yaxşı baxın!

Mən külüyəm bir ocağın.

Didib ürəyimin dağın

Qəbrim üçün daş kəsdilər.

 

Ölüm e, bir söz demirəm,

Torpağı insanlar bəslər.

Yadındadı sentyabr?

Bitdi bütün atəşkəslər,

Mənim yol çıxdığım kəslər

Dava edib, baş kəsdilər.

“Yaxşı xatırlayın, uşaqlar, məni”.

 

Harda azdıracaq bu yol, görəsən?

Hara aparır bu ayaqlar məni.

Anacan, dua et, əgər etməsən,

Qovar Allahacan günahlar məni.

 

Mən ölsəm, bəxtimin bəxti açılar,

Dilimin altında necə söz ölər.

Birdən mən qalaram, anam tez ölər,

Tanımaz güzgülər, daraqlar məni.

 

Yox, ana, sən ölmə, sən əbədi qal,

Ver öz kəfənini sərim yerimə.

Arada nəfəs al mənim yerimə,

Bilməsin ölmüşəm budaqlar məni.

 

Ay Allahsız fələk, əlin qırılsın,

Çəkmə o kədərin yaxşı yerindən,

Payın artıq olsun, yemirəm, toxam.

Mən bu gün varamsa, sabah da yoxam,

Yaxşı xatırlayın, uşaqlar, məni.

 

 

BAĞIŞLA, İLAHİ...

 

Xoşbəxtlik payladın bütün dünyaya,

Üstündə ot bitən daş xoşbəxt oldu.

Ovçunun əlləri əsdi bir anlıq,

Göydə qanad çalan quş xoşbəxt oldu.

 

Hərə bir ağızdan rəhmət oxudu,

Bir anlıq ölülər xoşbəxt oldular.

Hər günəş doğuşun bayram etdilər,

Hər səhər dəlilər xoşbəxt oldular.

 

Xoşbəxtlik payladın bütün dünyaya,

Hamı öz vaxtından tez xoşbəxt oldu.

Yağış yerə düşdü, toz xoşbəxt oldu,

Özgə bir insanın bəy masasında,

İlahi, sevdiyim qız xoşbəxt oldu.

‌Mən,bizi qovuşdur deyə yalvarıb

Sənə əl açmışdım aşiq olanda.

Hamı xoşbəxt oldu bu yer üzündə,

Layiq olmayan da,layiq olan da.

Mən niyə yadından çıxdım, görəsən?

 

Hamı xoşbəxt oldu bu yer üzündə,

Kəpənək bağçada,arı pətəkdə,

Hətta xoşbəxt oldu bir vaxt kəsilmiş

Yenidən canlanan kiçik kötük də.

Mən niyə yadından çıxdım, görəsən,

Nə günah etmişəm bu böyüklükdə?

 

Yox, nəsə etmişəm, dinc durmamışam

Bəlkə, duz tökmüşəm yara üstünə,

Bəlkə, bilməmişəm bir qaranquşun

Yuvasın yıxmışam bala üstündə?..

 

Bəlkə, göz dikmişəm mən canı yanmış

Dünya sərvətinə dünya malına.

Bəlkə, amin demək yadımdan çıxıb

Yaşlı nənələrin dualarına.

 

Qurbanın olaram,keç günahımdan.

Bağışla, İlahi, bilim ki, varam.

Bağışlasan da, sən bağışlayarsan

Mən olsam, özümü bağışlamaram.

 

 

***

 

Topxana meşəsində

Döyüşə hazırlaşır

bizim xüsusi bölmə…

Komandir yaxınlaşıb

deyir qulağımıza:

– Ölmə, ölmə, ölmə!

 

Dostumdan soruşuram:

– Neçə nəfər qalmışıq?

Deyir, dəqiq bilmirəm,

Amma ki ... azalmışıq.

 

Leytenant Abdullayev

barmağıyla göstərir:

– Bura Daşaltı kəndi,

o qaya Cıdır Düzü

ora “Laçın dəhlizi”

sağ tərəfi Xankəndi.

 

Xocalıya çatmamış

Sözü yarımçıq qalır,

Bitir Vətən sərgisi.

Yanımızda partlayır

Minaatan mərmisi.

 

Başımı qaldırmamış

Qışqırıram:

“Sağsınız?”

Komandir cavab verir:

– Ölməyin, qurban olum,

birazdan siz Şuşaya

daxil olacaqsınız...

 

Bir az ara soyuyur,

sonra başa düşürəm.

Komandirin səsini

təkcə mən eşidirəm...

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.