Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Sözün açığı bu dəfə suallarımın dozasını artıraraq daha iynələyici suallar verdim öz müsahibimə. Çünki bu dəfəki müsahibim şair Elroman idi. Axı şair olmaq demək, həm də tikanı güldən ayıra, daha sonra onları hecalara bölə bilmək, misralara tökmək deməkdir. Gənc olmağına baxmayaraq, çox istedadlı bir şairdi. İstedadına şahid olmaq istəyənlər üçün portalımızda onun şeirlərini paylaşmışdıq, oxumaq istəyənlər aşağıdakı linkə keçid edərək oxuya bilər.
Beləliklə, bugünkü müsahibim şair Elromandır.
İlk sual:
-Sən, yoxsa siz?
Hansı formada müraciət edilməsindən xoşunuz gəlir?
- "Sən xitab formasını
"Siz"-dən "Sən"-ə dəyişmə.
Haramıza yaraşır
Məsafəsiz ünsiyyət?!" ))
-Sizə elə gəlmir ki, müasir şairlərin bir çoxu öz əsərlərində qadını ucaldaraq məşhurluq qazanmağa çalışır? Sizcə, bunun bir səbəbi varmı?
- Qadını ucaltmağa gərək yoxdur. Onsuz da ucadır. Hətta deyərdim ki, kişilər şeirlərində qadınlardan ona görə istifadə edirlər ki, şeirin özü uca mərtəbəyə çata bilsin. Şeir qadını ucaltmaz, ancaq qadın şeiri ucalda bilər. Məncə, qadın motivi məşhurluq güdmək üçün istifadə edilmir. Sadəcə məsələ ondadır ki, "qadın" obraza çevrildikdə ortaq "dərd" sayıla bilir. O şeiri oxuyan kişi üçün də, qadın üçün də.
-Şeirlərinizə irad bildirildiyi zaman tənqidlərə açıq olursunuz, yoxsa daha mühafizəkar bir mövqedə dayanıb yazdıqlarınızı qorumağa çalışırsınız?
- Deyir ki, söz ağızdan çıxdı, artıq sənin deyil. Mən yazıb bitirənə qədər heç kəsin mətnimə müdaxiləsindən söhbət gedə bilməz. Amma yazıb bitirdikdən sonra, əgər mətni təqdim etmişəmsə, onu oxuyan istənilən şəxs nə cür istəyirsə, elə də tənqid edə bilər. Məsələ budur ki, mən tərifə də, tənqidə də cavab vermirəm. Mənim işim yazmaqdan ibarətdir. Yerdə qalan heç nə ilə məşğul olmuram.
-Nəzm formasında süjet xətti olan bir roman yazmağı nə vaxtsa, düşünmüsünüzmü?
- Roman yazmağı düşünmürəm. Ədəbiyyatda özünü tanımaq ən ciddi məsələdir. Mənim üçün əsas prinsip budur. "El Roman" dedikdə hamının ağlına sadəcə şeir gəlsin istəyirəm. Bir yerdən sonra isə "şeir" dedikdə ağıla El Romanın gəlməsi üçün də, nə olur olsun, başqa janra müraciət etməyəcəm.
-Həvəskar və ya peşəkar olmaq nə deməkdir? Peşəkar olmaq üçün haranısa bitirmək şərtdirmi?
- Məncə, hansı sferada olursa olsun, həvəskar insan heç bir işini cəmiyyətə təqdim etməməlidir. Lap etsə belə, mütləq hər dəfəsində qeyd etməlidir ki, o həvəskardır. Çünki həvəskar şairin şeiri oxucunun zövqünü korlaya da bilər, bu yolda yeni başlayanlara pis örnək ola da bilər. Hamı hər gün şeir oxumur. Elə adamlar olur ki, ömründə cəmi on şeir oxuyacaq. Onlardan təsadüfən doqquzu həvəskar şairin şeiri olsa, artıq həmin şəxsin təsəvvüründə şeir anlayışı müsbət mahiyyət daşımayacaq.
-Əgər elədirsə, bir şairin həvəskar olduğunu hansı kriteriyalar təyin edir?
- Şairin bütün kriteriyaları təkcə şeirləri ola bilər.
-Klassik musiqilər dinləyərək yazdığınız şeirlər olubmu?
- Şeiri musiqinin üstündə yazsan, söz səsə uduzar. İstədiyini ala bilməzsən. Bunu sonradan həmin şeiri oxumaqla görmək də mümkündür. Görəcəksən ki, dünən hansısa musiqinin üstündə yazdığın şeirin bu gün heç bir ab-havası qalmayıb. Təsirsiz bir şey olub.
-Beyninizdə qıra bildiyiniz ən böyük bütünüz hansıdır?
- İslam diniylə bağlı beynimdə çoxlu sayda mənfi büt bərkimişdi. Hamısını tək-tək məhv edə bildiyim üçün indi çox xoşbəxt hiss edirəm. Durduq yerə bu dini beynimdə yersiz sual atəşinə tuturdum. Guya tutduğumu sandığım hər səhvdə özümü tərif edirdim ki, mən bunu bacardım. Bundan qurtulduğum üçün xoşbəxtəm. Bu məsələdə hərbi xidmətin rolu böyükdür.
“Ədəbiyyat və incəsənət”
(14.11.2023)