“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Faiq Hüseynbəyli görüşür.
Hamam hamam içində
Təzə zaman, təzə tas.
Sənə nağıl söyləyim,
Ömrüm-günüm, qulaq as.
Biri varmış, biri yox,
Dəvələr dəllək imiş.
Tanrı da yer üzündə
Tənha imiş, tək imiş...
İlhama gəldi bir gün,
Murada çatdı Tanrı.
Torpaqdan, sudan, oddan,
Adam yaratdı Tanrı.
Nəfəs verdi insana,
Havalı olsun, dedi.
Həsrət verdi insana,
Halalı olsun, dedi.
Sevgi verdi insana,
Gözlərində yaş olsun.
Nifrət verdi insana,
Sevən könlü daş olsun.
Yaratdı! - saldı Tanrı,
İnsanı bu qəmlərə.
Sonra da rəhm eylədi,
Bəndeyi-adəmlərə.
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)