“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə - Furqan Sadıqındır.
***
müharibə bitəndə
dostunun qanı tökülmüş
torpağı
evə aparan
qazi,
heyif ki,
onu çərçivələyib
evin divarından
asa bilməz
şəkil əvəzi...
***
ölməsəm,
yoxa çıxsam da olar bir gün,
məsələn, itkin düşsəm,
heç vaxt tapılmayıb unudulsam!
oğurlasa məni
orqan mafiyası –
orqanlarımı
vecinə almasa,
ölkənin daxili orqanları...
...ölməsəm,
yoxa çıxsam da olar bir gün...
***
ağac deyil
bu bina,
meyvə deyil
balkondakı o adam,
yarpaq deyil
ipdən asılan paltar,
külək deyil
o adamı titrədən...
***
qazarkən
tərimin axdığı
səngərdə
qanı axan şəhidlə
qan qardaşı
sayılırammı mən?!
***
oğlunun ölümündən
daha çox
bilirsinizmi
nə yandırır onu?!
bilsəydi ki
son dəfə danışır,
heç söndürərdimi
telefonu?!
***
1.
yolun qırağında ağac var,
əynimə geyinmişəm, yaraşıb.
kölgəsində oturub
gövdəsinə söykənmişəm,
qarışqalar bədənimə daraşıb.
heç hara tələsmirəm,
heç kim məni gözləmir.
hava həlim, ilıqdı,
yolun qırağında ağac var,
kim əkibsə, sağ olsun,
yol isə ayrılıqdı,
kim çəkibsə, sağ olsun.
bir maşın keçir yanımdan sürətlə,
toz olur!
2.
ağlımda heç nə yoxdu,
bir-iki qafiyə var,
şeir quraşdırıram.
yox, yox, ağlımda kimsə var,
ya da qarışdırıram.
ağac da gülür buna, yellənir,
yol gülmür, uzağa yollanır.
qəfil bir hadisə baş verir,
təəccüblənirəm –
bir maşın keçir şeirin içindən,
söz olur!
3.
bir rəssam lazımdı,
fırçayla, boyayla
bu rəsmi çəksin,
bilirəm,
bir maşın keçəcək rəsmin içindən,
ağac maşına oturub gedəcək,
qalacam tək!
dizimə döyüb deyəcəm:
mənə nə olursa,
az olur!
***
cənablar!
nə olar,
VƏTƏN sözünü
bu qədər
israf etməyin!
axı mən
V hərflərindən
quşatan düzəltmək istəyirəm...
***
üzündən oxunan həyatın
içində yazılan nədi ki?
qış ömrü yaşayan şairin
şeirində yaz olan nədi ki?
kim oldu yuxumu dağıdan?
qaralır gözümün ağı da...
yatmadan gördüyüm yuxuda
tərsinə yozulan nədi ki?
qulağımda susan səslərdən
mən, bir musiqi bəstələ!
deyəsən, segahdı bu yetim...
...və ona züy tutur həsrətim!
bilmirəm nə qədər gözlədim...
soruşma gözləmək nədi ki?
heç nədi...
mənimçün heç nədi...
üzündən oxunan həyatın
içində yazılan nədi ki?
çölümdə səssizlik, sükunət...
içimdə əzilən nədi ki?!
“Ədəbiyyat və incəsənət”
(04.11.2023)