Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşəbbüsü və təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilati dəstəyi ilə “Nizami Gəncəvi İli”nə həsr olunan I Gəncə Kitab Sərgisi keçirilib.
AzərTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə dahi şair Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib.
Sərginin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, AMEA Gəncə bölməsinin rəhbəri, akademik Fuad Əliyev, Xalq şairi Sabir Rüstəmxanlı, deputatlar, yazıçılar və kitabsevərlər iştirak ediblər.
Bildirilib ki, üç gün davam edəcək sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edir.
Sərgidə kitablara 50 faizədək endirim tətbiq olunur, həmçinin məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və bədii proqramlar keçiriləcək.