“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rəhim Təkinin şeirlərini təqdim edir.
Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxıb, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, diqqət ilə içindən coşan duyğuları qələmə alır.
ÖZÜNƏ DÖNƏN QAYIQ
Kəndiri qıyıya bağlanan qayıq,
Qəlbini dənizə o cür bağlama.
Dalğalar üstündə yuxuya batıb,
Sonsuzlara dalıb səssiz ağlama.
Yalqızlığa qatlaş, belə darıxma,
Hər nə darıxmaq var, ondan qabaqsan.
Özünə dənizin aynasında bax,
Sən gözəl dənizə çirkin yamaqsan!
Allahın altında, bu gen dünyada,
Acı bir sözsən ki, qəlbə dəyibsən.
Özünü çırp, dağıl qayalar üstə,
Dənizin yerini dar eyləyibsən.
Bənzəyirsən acı gülümsəməməyə,
Gecə-gündüz qara baxta gülərsən.
Umma nəhənglərin intiharına,
Özünə dönərsən, sən də ölərsən.
Dənizin ortası gecə, qaranlıq,
Üzməkdən yorulub, boğuluram mən.
Birazdan uçacaq ruhum yanına,
Nənni olub ona layla deyəsən.
“Ədəbiyyat və incəsənət”
(03.11.2023)