“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Rəhim Təkinin şeirlərini təqdim edir.
Rəhim Təkin
Şair, yazar, ingilis dilinin mütərcimi Rəhim Təkin adı ilə tanınan Rəhim Əsgərzadə, 1986-cı ilin may ayının 2-də Marağa şəhərində anadan olubdur. 12 yaşından ədəbiyyata olduğu marağı üzə çıxıb, ali məktəb təhsili alıb, indi isə sevgi ilə, diqqət ilə içindən coşan duyğuları qələmə alır.
GÖYDƏN
Sənin gözündü günüzlər mənə baxır göydən
Sənin saçındı gecə ağnayıb axır göydən.
Yağışlı axşamı sənlə gəzib dolanmağımız,
Yadında varmı yağırdı şirin çaxır göydən?
Nə nərdəsi?! Məni yalqız buraxdığın gecədən,
Bu pəncərə dalısında dəmir yağır göydən.
Dolanda beynimə sənsizliyin ağır havası,
Başım bükür belimi, lap olur ağır göydən.
Sən ilə saydığımız hansı ulduza soralar,
Baxanda gözlərimə doldururdu xır göydən.
Sevənləri gecələr hər görəndə pötlənirəm,
Ki, üstümə tökülür sanki odlu qır göydən.
Cəhənnəmin özünü görmüşəm bu dünyada mən,
Canıxmışam daha tanrı, məni çağır göydən.
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)