“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Eminqueyindir.
***
elə qısqanarsan, qan tutar gözü,
adam sevdiyini öldürər özü...
neçə milyon ildir öldürür bizi,
necə qısqanc imiş Yaradanımız?!
çörək arxasınca sürünha sürün,
ellə, Allah deyib, palaza bürün,
necə sevəsən e bu rəngsiz ömrü,
ev-iş, iş-ev keçir güzəranımız.
şükür, az da olsa, işimiz gedir!
bəzən taqətimiz, huşumuz gedir,
çax-çax baş ağrıdır, yaşımız gedir
ömür üyüdəndə dəyirmanımız.
qaldır bu badəni, içək dəmadəm,
içimdə hüzn var, içində matəm,
buğda oğrusuydu babamız Adəm,
çörək olmasınmı imtahanımız?!
***
bu təklik xərçəng kimidir,
tutulmaq ehtimalı var.
gəbərir içində adam
saçın yolan bir halı var.
tarla müqəvvası kimi
açanda qollarımızı,
nolar, bizi də qucaqla
Məryəmin İsası kimi.
hardasa bir çomağın var,
təkliyin gözünü çıxart,
başını əz, ilahi.
vallah, öz aramızdı da,
təklik sənə yaraşır,
özün tək gəz, ilahi!
***
ilk dəfə kəndirimi anamın bətnində kəsdilər,
atdılar bu quyu dünyaya məni,
mən ağladım,
onlar isə həmişəki kimi güldülər.
məni böldülər:
biraz atama,
biraz anama,
biraz da başqa kimsələrə oxşatdılar,
baxışıma atam vuruldu,
gülüşümə anam,
yerişimə başqa kimsələr.
böyüdükcə daha çox atasına,
anasına oxşayır adam,
hə,
yavaş-yavaş onların surəti çıxır cismimizə,
ruhumuza,
özlərini səndə qoyub gedirlər bu dünyadan,
onlar ölsələr də, biraz gülüşündə,
biraz baxışında diridirlər.
məsələn, atam...
***
özümdən böyüyəm beş-on yaş,
sözümdən birazca kiçiyəm.
yaşayan beşindən biri mən,
can verən birindən üçüyəm.
kimsəsiz Hirayam, Sinayam,
dillərə gəlməyən duayam,
bir adam tapılmır sınaya
ki, hardan enmişəm, nəçiyəm?
Azan mən, namaz mən, pir də mən,
alətə dönmüşəm yerdə mən,
bölündüm üçə mən, dördə mən,
hələ də bilmirəm neçəyəm?!
şər düşmür mindiyi atından
sübh çağı – ya beş, ya altıda,
dağılmış bu evin altında
can verən uşağın içiyəm…
***
Sığal istər tellərin, qıvrılarsan yanıma,
Balaca, laaap balaca ağappaq pişiyimsən.
Başıma oyun açan, ərköyünüm, şıltağım,
Evinin ortancılı, mənim sonbeşiyimsən.
Yaralarım var idi, gəlib bir-bir sarıdın,
Sənsiz ömrüm qaraydı, indi qara-sarıdı,
Günəbaxan ömrümün üzü sənə sarıdı,
Batma bir ömür boyu, qıyma ki üşüyüm.
Sən…
Dodağına boya çək, sürmələn, bəzən mənə,
Ay gözünü süzdürən, dodağın büzən mənə,
Məni mən kimi sevən, sənə də dözən mənəm,
Böyüyəm, dayağımsan, körpəyəm, beşiyimsən.
“Xoşbəxtlik” əllərində barmaq sayı qədərdi,
Əllərindən öpməsəm, dodaqlarım hədərdi,
Bir də gördün, gözünü yumub-açdın, səhərdi,
Barmağında üzüyüm, evimsən-eşiyimsən.
***
səhər yuxularımızdan çin çıxmır ölən adamlar...
yuxumuza elə-belə gəlmir ki gələn adamlar,
ey siz, yuxusunu suya danışıb bölən adamlar,
o sular axıb gedir,
qayıtmır.
yuxuya qoşa düşdüyün adamla qoşa düşmürsən,
kiməsə sirrini versən, yuxuda işə düşmürsən,
bir də görürsən, bir adam danışır, başa düşmürsən,
əlini sıxıb gedir,
qayıtmır.
yuxudan dirilər adam, adam yuxuda ölər də!
yuxusunu çin istəyir yuxu görən ölülər də,
hamı ölmür bu dünyada...
bilirsənmi,
ölmür,
hərdən çin çıxıb gedir,
qayıtmır....
“Ədəbiyyat və incəsənət”
(01.11.2023)