“Ulduz” ədəbiyyat jurnalının noyabr nömrəsi işıq üzü görüb. Jurnal Adilə Nəzərin özüylə söhbəti və şeirləri ilə açılır.
Şair Qulu Ağsəsin “4+4: rəqəmsal namə”si 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərə həsr edilib. Filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdimatında Xalq şairi Məmməd Arazın 49 il öncə qələmə aldığı “Aşıq Ələsgər yüksəkliyi” adlı yazısı ustad sənətkarın 200 illiyi münasibətilə dərc edilib. Dərginin “525-ci qəzet”lə ortaq layihəsi olan "Ustad dərsləri" oxucuları bu dəfə də yazıçı-dramaturq Əli Əmirli ilə görüşdürür.
“Tərcümə saatı”nda Səlim Babullaoğlunun tərcüməsində XX əsr Ukrayna şairlərinin seçmə şeirləri ilə tanış olacaqsınız.
Dərgidə, həmçinin Vüsal Oğuzun “Əyalət şairinin bir günü”, Babək Göyüşün “Adam öldürmək istəyirəm”, Ənvər Çingizoğlunun “Buynuzsuz qoçun qisası”, Rizvan Nəsiboğlunun “Səksəninci döngə” kimi hekayə və esseləri də yer alıb. Çinarə Nüsrətlinin “Şuşaya məktub”, Fərid Hüseynin Dostoyevskinin “Cinayət və сəza” romanından bəhs edən “Ləkə yaddaşı”, Təranə Turan Rəhmlinin “Qəlbin gözü ilə görünən Yaponiya” kimi publisistik yazıları xüsusi maraq doğurur.
Dərginin əməkdaşı Taleh Mansurun “Xəzər sahillərindən Amudərya sahillərinə...” başlıqlı yazısı müəllifin Özbəkistan səfərindən bəhs edir.
İlham Abbasovun təqdimatında Nobel mükafatı laureatlarının ən parlaq nümayəndələrindən olan Perl Bakın həyat və yaradıcılığına nəzər salınır.
Bundan əlavə, oxucular dərginin bu nömrəsində Mücirəddin Mübarizin, Elvin İntiqamoğlunun, Reyhan Kənanın, Elvin Nurinin və Elvin Əlizadənin şeirləri ilə də tanış olmaq imkanı qazanacaqlar.
Qeyd edək ki, “Dərgidə kitab”da mərhum şair Əhməd Oğuzun şeirləri, “Sərgi” bölməsində isə rəssam Yaşar Səmədovun rəsmləri yer alır.