“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
49-CU DƏRC
Baş Hakim üzünü Kerkoryana tutdu:
-Cənab Kerkoryan, zəngin bir həyat sürmüsünüz, hər cür maddi təminat içində daim xumarlanmısınız, lyuks həyat sizə hər yerdə müşayiət edib. Las Veqas yaxınlığında nağıllardakı kimi əsrarəngiz qəsriniz olub, DC-9 reaktiv təyyarənizlə ölkələrdən ölkələrə səyahət etmisiniz, sularda 45 metrəlik yaxtanızla üzmüsünüz. Bəs mənəvi cəhətdən necə, özünüzü xoşbəxt sanmısınızmı?
Kerkoryan çətinliklə bir-iki sözü ardıcıl düzdü:
-Mən sual eşitməyə alışmamışam, həyatım boyu özüm sual vermişəm.
Baş Hakim bu cür həmlələrə öyrəşmişdi, həyatı boyu proseslər aparmış, hətta daşdan keçən alibi olan, ən güclü vəkillərin müdafiə etdiyi, siyasi güclər tərəfindən təzyiq göstərməklə dəstəklənən şəxslərə belə layiq olduqları hökmləri çıxarmışdı, ona görə də əsla özünü itirmədi, təmkinlə, soyuqqanlılığla prosesi davam etdirdi. Bu dəfə Kerkoryana söylədi:
-Axirət Divanı Əsas dünya məhkəmələrindən fərqlənir, cənab Kerkoryan. Burda heç bir müdafiəçi, siyası dəstək, varidat adama kömək ola bilmir. Və bir də, burada suallardan yayınmaq da mümkün deyil. Suala sualla cavab vermək, dolaşıqlıq törətmək, izi azdırmağa cəhd etmək Axirət Divanında yolverilməzdir. Odur ki, mümkünsə də suallara konkret cavablar verin. Yəqin ki, məni anladınız.
Kerkoryan Baş Hakimin ona zillənən və cavab gözləyən qətiyyətli baxışlarının müqabilində başını yelləməklə razılıq bildirməkdən başqa çarə bulmadı. Bu razılıqdan sonar Baş Hakim nitqinə davam etdi:
-Siz kazinolar kralıydınız. Mən hətta sizə avtomobillər kralı da deyərdim, ABŞ-ın "Ford", "General Motors", "Kraysler" kimi nəhənglərinin aksiyalarını əlinizdə cəmləmişdiniz, "Tracinda Corporation"ın prezidenti olmuş, Hollivudda da "Metro-Goldwyn-Mayer" (MGM), "United Artists", "Columbia Pictures" və "20th Century Fox" kimi nəhəng kino istehsalçılarının direktorluğunda təmsil olunmuşdunuz, hətta kino kralı olmağa da iddialıydınız. Erməni mənbələrinin rəsmən təsdiqlədiyinə görə siz Ermənistana ən çox yardım edən milyarder olmusunuz. Əsas dünyadan köçdüyünüz zaman - 2015-ci ilin iyun ayında sizin var-dövlətiniz 4 milyard ABŞ dollarını haqlamışdı. Qərb mənbələri hətta 4,2 milyard dollar rəqəminin üstündə dayanmışdılar. Siz böyük himayədar, donor kimi də ad çıxarmışdınız.
Kimsə yerdən replika atdı:
-Həm də sponsorlar kralı.
Baş Hakim replikanı başı ilə təsdiqləyib baxışlarını Kerkoryandan ayırdı, ekspertlər səmtə tuşladı:
-Ekspertlərdən xahiş edirəm ki, cənab Kerkoryanın himayədarlıq fəaliyyəti barədə arayış səsləndirilməsini təmin etsinlər.
Ekspertlər dərhal diktorların masasına bir kağız yolladılar, kişi diktorlardan biri kağızı tribunadan oxumağa başla
-“Kirk Kerkoryan rəsmən himayədarlıq və xeyriyyəçilik fəaliyyətinə 1992-ci ildə başlayıb. O, ilk məbləği ermənilərin Artsax deyə adlandırdığı Dağlıq Qarabağın müstəqilliyi üçün ayırıb. Bu məbləğ o dövr üçün fantastik olub – 224 milyon dollar. Onun tarixi vətəninə ayırdığı pullarla müstəqilliyinin ilk illərində Ermənistanda strateji magistral yollar çəkilib, tunellər istifadəyə verilib, şəhər təsərrüfatları yenilənib. 1988-ci ildə zəlzələdən dağılan şəhərlərdə, xüsusən Spitakda o, yüzlərlə yeni evlər tikdirib, mikrorayonlar saldırıb. Xeyriyyəçilik işləri üçün Kerkoryan “Linsi” adında məxsusi Fond da təsis edib. 1998-ci ildə ilk dəfə tarixi vətəninə gələn Kerkoryan bu dəfə mədəniyyət sahələrinə dəstək göstərib, muzey, teatr, rəsm qalereyalarını təmir etdirib, modernləşdirib. O, həm də ABŞ-dakı erməni diasporuna böyük pullar xərcləyib. Kənar xərclərdən aşağıdakıları göstərmək olar: Kaliforniya Universitetinə 200 milyon dollar, ABŞ və Ermənistanda elmi-tədqiqat işləri üçün 1,1 milyard dollar, erməni əsilli məşhur tennisçi Andrey Aqasinin tennis məktəbinə 18 milyon dollar ianə verilməsi.
Diktor mətni oxuyub qurtaran kimi birdən bir qadın mahnı oxuya-oxuya səhnəyə çıxdı, hətta mühafizəçilər belə onu tutub saxlaya bilmədilər. İnsafən, məlahətli səsi vardı, mahnısı ritmik idi. Bu vaxt yerbəyerdən tamaşaçıların “Şer” nidaları yüksəldi. Bu, məşhur pop müğənni Şer imiş. O, məşhur “I Got You Babe” , “Bang Bang” və “Love Hurts” sinqllarını dalbadal ifa elədi, ilk mahnının təsirindən, həm də gözlənilməzlikdən Baş Hakim Şeri səhnədən çıxarmaq istəyən mühafizəçilərə əli ilə dayanmaq işarəsi verdi.
Şer alqış sədaları altında çıxışını bitirib prosesə bir qədər rəng, canlılıq, yüngüllük qatdı, tamaşaçıların eynini açdı!
Və Şer ifasını bitirib, bolluca da alqış qazanıb üzünü öncə Kerkoryana tutub “Ata, biz həmişə səninləyik” söylədi, sonra isə Baş Hakimə bildirdi ki, Əsas dünyadan gələn nümayəndə heyətinin içində o da bu prosesə gəlib, böyük erməni Kerkoryanı dəstəkləmək onun amacıdır. Və hakimdən xahiş etdi ki, Kerkoryanı aç-burax eləsin!
Fürsətdən istifadə edib müttəhimlər sırasında əyləşmiş həmcinsi Kim Qardaşyana da hava öpüşü göndərdi, hakimlər masasına “Mənim sevimli rəfiqəm Kimi də mütləq azad edin!” ismarıcını yolladı.
Baş Hakim publikaya səsləndi:
-Möhtərəm izləyicilər, biləsiniz ki, məşhur amerika müğənnisi, aktrisası, musiqi prodüsseri, bir sözlə, pop ulduz Şer milliyyətcə ermənidir, adı-soyadı Şerilin Sarkisyandır. O, özü deyən kimi bura Kerkoryanı müdafiə etməyə gəlib, icazəsiz səhnəyə çıxdı, xahişini də səsləndirdi. Xahişinə əməl edə bilməyəcəyik, bəri başdan söyləyirəm, amma gözəl ifaya görə, eynimizi açdığına görə ona minnətdarlıq bildiririk.
Şer etiraz notları səsləndirsə belə mühafizəçilər onu əyləşmək üçün səhnədən çıxardılar, proses davam etdi.
(Cəmi bir neçə dəqiqə keçmiş artıq Şer fanatları üçün avtoqraf paylamağa girişmişdi.)
Baş Hakim üzünü Şerin ifasından xeyli feyziyab olan, rəngi bir qədər düzəlmiş Kerkoryana tutdu:
-Cənab Kerkoryan! Musiqi gözəldir, əyləncə gözəldir, amma bizi iş gözləyir.
Prosesin bu yerində Kerkoryanın qumar, avtomobil və kino biznesi barədə, qazanılan ağlasığmaz pullar barədə sənədli filmlər, Kerkoryanın tele müsahibələri göstərildi, sonra onun Ermənistana səfəri barədə süjet nümayiş etdirildi, milliyyətcə erməni olan rəsmilər onun “Artsaxın azadlığı” işinə töhfələrindən ağızdolusu danışdılar.
Fasilə elan olundu. Bu gün fasilədə təkcə kofe, çay və şirniyyat deyil, isti yeməklər də verildi. Bu, ad günü olan xanım Divan üzvünün şərəfinə idi.
Fasilə bitən kimi Baş Hakim Kerkoryanın qanını hədsiz qaraltdı:
-Cənab Kerkoryan! Xatırlayırsınızmı, dünyadan köçəndə, qeyd etdiyimiz kimi, sizin rəsmən 4,2 milyard dollarınız olub. Siz bu pulların bir qismini varislərinizə vermiş, 2 milyardını Ermənistanın çiçəklənməsi üçün vəsiyyət etmişdiniz, yəqin xatırlıyırsınız. Bilmək istəyərdinizmi o pullar hara xərcləndi? Qədrini çox bildiyiniz, hətta itkisindən depressiyaya düşüb rahatsızlıq tapdığınız sevimli pullarınızın aqibətini bilmək istəyərdinizmi?
Kerkoryanı maraq bürüdüyü dərhal sezildi, gözlərinin qıyıqlığı azaldı, bununla belə, əlinin və çənəsinin əsməsi həyəcandan daha da artdı. O, “Deyin görək” nidası ilə Baş Hakimdən danışmasını dilədi.
Baş Hakim sözü ekspertlərə verdi, ekspertlər adından bir nəfər – özünü hədsiz çılğın aparan, suallara dərhal reaksiyalar verən, mətnə kommentlər edən gənc şəxs tribunaya çıxdı və danışmağa başladı. Proses boyu artıq bu ekspert də tamaşaçıların simpatiyasını qazanmışdı, Siciliyada doğulan, milliyyətcə italyan olan həmin o istiqanlı, tez alışan ekspert idi o.
-Möhtərəm hakimlər, Divan heyəti, tamaşaçılar, cənab Kerkoryan. Məlumunuz olsun ki, 2016-cı ildə o vaxt müxalifətdə olan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan erməni mətbuatına sensasiyalı bir açıqlama verdi. O, bəyan etdi ki, cənab Kerkoryanın erməni xalqının çiçəklənməsi üçün vəsiyyət etdiyi 2 milyard dollar it-bat olub.
Kerkoryan yerində təlaşlandı:
-Necə yəni it-bat olub?
Ekspert artistlik qabiliyyəti nümayiş etdirərək ağzını əyməklə, üz-gözünü turşutmaqla, səsini cırlaşdırmaqla söylədi:
-Sadəcə it-bat olub. Odda yanıb, suda batıb, yerə gömülüb, havaya sovrulub. Dörd ünsürün dördünün də təsiri ilə yox olub.
Onun bu jestlərini tamaşaçılar coşqu ilə qarşıladılar.
Sonra ekspert yenidən kağızdan oxumağa başladı:
-Oskanyanın sözlərinə görə, bu pullar bir neçə xeyriyyə təşkilatı arasında bölüşdürülməli idi. Lakin siyasətçi narahatlığını bildirmişdi ki, Kerkoryan əvvəllər də Ermənistana xeyli miqdarda təmənnasız pul verib, ancaq həmin vəsaitlər haradasa “itib” və ünvanına çatmayıb. Çox güman ki, indiki ianəni də oğurlayıb bölüşdürəcəklər...
Ardınca yenidən tamaşa oynamağa başladı:
-Zavallı və sadəlövh Vardan Oskanyan! Neçə il Xarici İşlər Nazirliyinə başçılıq edib, ancaq hələ də bir çox mətləbləri anlaya bilməyib. Məgər o, bilmir ki, belə pullar hardan gəlib, hara gedir? Prezident Serj Sarkisyanın başı xarab olub ki, 2 milyard dolları gətirib versin camaata? Desin, alın, mən yeyə bilmirəm, siz yeyin, Kerkoryan demiş, çiçəklənin?! Yəqin, Vartan uşaqlığında yaxşı padşahlar haqqında çoxlu nağıl oxuyub və ona elə gəlir ki, Ermənistanın ovaxtkı başçısı da belə humanist rəhbərlərdəndir. Amma yox, Serj öz tamahkar xislətiylə bir belə sərvəti həzm-rabedən ustalıqla keçirib, heç kəslə də bölüşməyib.
Kerkoryanın halı pisləşdi, o, “Ola bilməz” deyə zarıyaraq sinəsini açdı, nəfəsi kəsilirdi, kömək istədi, dərhal şəfqət bacıları onun köməyinə tələsdilər. Ekspert Kerkoryanın haçandan-haçana özünə gəldiyini görüb davam etdi:
-Cənab Kerkoryan, mən çoxlu məsəl bilirəm, bunlardan biri də “oğrudan oğruya halaldır” məsəlidir. Siz sərvətinizi harda və necə toplamısınız? Beverli-Hilzin ən varlı işbazlarından biri kimi Las-Veqasdakı məşhur otel və kazinolardan. Siz orada 40 faiz paya malik idiniz. Qumar biznesi sizə fantastik gəlir gətirirdi. Siz də həmin pulun bir hissəsini Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri qanunsuz erməni quldur dəstələrinin yaradılmasına, silah və sursat alınmasına xərcləyirdiniz. Həmişə də çirkin məqsədinizi gizlətməyib deyirdiniz ki, “Qarabağ müstəqil olandan sonra orada dəbdəbəli otel və kazinolar tikdirib ikinci Las-Veqas yaradacaq və bu diyarı dünyanın möhtəşəm turizm mərkəzinə çevirəcəksiniz”. Şəxsən mənim sizə antipatiyam bu qumar biznesinizə görə yaranmışdı. Çünki mənim böyük qardaşım da bu iyrəncliyin qurbanı olub, o, kazinoda hər şeyini uduzub intihar edib.
Zala iniltili ah dalğası çökdü. Ekspert azacıq toxtayıb davam etdi:...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(30.10.2023)