“Yuxu” - HEKAYƏ Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Hər günün öz hökmü var, deyirlər. Bugünün hökmü qan idi...

Dünən gecə qapı elə bərk döyüldü ki, evdəki hamı yatağından dik atılaraq dəhlizə qaçdı. Hər kəs bir-birinə baxır, anlam verməyə çalışır, amma heç birimiz cəsarət edib irəli atıla bilmirdik. Atam daha təmkinlə qapıya yaxınlaşdı və sanki cəhənnəmdən qaçıb gizlənəcək yer axtaran günahkartək qapını çırpan şəxsə qapı dəliyindən baxdı. 

"Səni lənətə gəlməyəsən, belə qapı döyərlər, ay Orxan!" - deyə söylənərək qapını açdı. Və ikinci panika... Necə yəni, Orxan?! Orxan əmi həqiqətən cəhənnəmdən qaçmışdı?

 

Orxan əmi atamın uşaqlıq dostuydu. Problem bu idi ki, o hələ də uşaq idi. Müsbət, sevimli bir şeymiş kimi anlamayın bunu. Əsla məsuliyyət götürməz, heç kimi vecinə almazdı. Dəhşət də tərs xasiyyəti vardı, məhəllədə bir adam ondan yaxşı danışmazdı. Amma bizim eldə adətdir axı. İblis də olsa məzara girən, arxasından rəhmət oxunar, "yaxşı insan idi" deyilər. Orxan əmini də təxmini 1 həftə olar torpağa tapşırmışdıq. Atam yuxulu halıyla qapıdan Orxan əmini səslədiyinin gec fərqinə varmışdı, amma bacım və mən qorxu içində çoxdan gözlərimizi bir-birimizə zilləmişdik. 

 

Qapı açıldı. Qarşımızda paltarları yanmış, dərisi külə dönmüş, üz gözü yara-bərə içində duran Orxan əmiyə baxdıqca vahimələnirdim. Tez Ayanı, balaca bacımı digər otağa keçirdim, olduqca həssas bir uşaq idi. Bir insanı belə görmək qalsın bir kənara, bir ölünü qarşında bu vəziyyətdə görmək 12 yaşlı uşaq üçün heç də yaxşı olmazdı. 

 

Atam elə bil Orxan əmini bu halda görüb ayıldı ki, o ölüb. Axı bəs necə? Bu adam necə qarşımızda belə durub baxa bilir üzümüzə? 

Atam dedi:

-O-Orxan, s-sən, nec-necəye? Bu nədir ay Allah, sən nəylə sınayırsan bizi. Bismillah, Bismillah. Nəhlət şeytana. Nəhlət qara şeytana!

Atam, biz qorxu içində titrəyərkən Orxan əmi sadəcə baxırdı. Birdən cibindən bir kisə pul çıxarıb atamın ayaqlarının dibinə atdı. O danışmağa başladı. Cəsəd bizimlə danışmağa başladı...

"Mən, 3 il öncə sənin böyük qızın Nəsibənin toyunda bu pulu masadan oğurlamışdım."

Sonra mənə doğru iki addım atdı və gözlərini bərəldərək dedi:

"Yusif, sənin nişanlın vardı ha. Nazlı... Ona mən təcavüz edib öldürmüşdüm."

Qəzəb beynimə vurmuşdu. Hamımız şok içindəydi, dilimiz tutulmuşdu, anlama qabiliyyətimiz itirmişdik. 

“Mən... Mən çox qələtlər yedim bu dünyada. O dünyada yanıram. Məhv oluram. Dözülməzdir bu acı, hər yerim yanır. Dayanmadan qaynar qazanlarda, alovlarda yanıram. Yalvarıram sizə. Yalvarıram halal edin haqqınızı. Yalvarıram sizə, bağışlayın məni. Bağışlayın ki, azalsın əzabım. Siz bağışlamasanız son günə, qiyamət günü sizlə görüşənə qədər, siz məni bağışlayana qədər əjdaha alovunun içindəymiş kimi yanacağam, yanmağa davam edəcəyəm. Yalvarıram, qurtarın əzabımı. Dua edin tək Allaha."

Cəsəd qarşımızda danışır, yalvarır, əfv diləyirdi. Bunun hansı elmdə, hansı dində, hansî mifologiyada açıqlaması vardıki?

Atam toparladı özünü və tək kəlmə dedi. 

"Bağışladım. Get..."

Sonra həm atam, həm Orxan əmi mənə baxdı. Sıra məndəydi deyəsən. Əslində, içimdəki qəzəb o qədər böyük idi ki. Mənim Nazlım... 3 il öncə kimliyi bəlirsiz bir əclaf tərəfindən öldürülüb 16-cı mərtəbədən aşağı atılmışdı. Hansı əclaf bu qədər qəddar olar deyə illərdir düşünürəm. Hələ də yuxularıma gəlir onun "səni sevirəm"li cümlələri. Sən demə, məni qucağında gəzdirən ailə dostumuz, bu şərəfsiz qızı yaşındakı sevgimə, sevgilimə göz qoyubmuş. İndi mən necə “bağışladım” deyəydim ki? Yox, bağışlaya bilməzdim. Mən Nazlıya bunu edə bilməzdim. 

Atam sanki hislərimi oxuyurmuş kimi mənə səsləndi:

"Oğlum, Yusif. Bilirsən, deyirlər ki, bu dünyada halallıq vermədiklərin digər dünyada yolunu kəsib Siraat körpüsündən keçmənə əngəl olarmış. Nazlını itirdik, sən o dünyanı itirmə belə bir əclafa görə. Qoy getsin. Onsuz cəzasını çəkir, hələ çox çəkəcək."

Atama dolu gözlərimlə baxırdım. Özümü heç bu qədər gücsüz, heç bu qədər aciz hiss etmişəmmi deyə xatırlamağa çalışdım. 

"Bağışladım. Rədd ol get, rədd ol get, Rəbbim bilər sənin sonunu, cəzanı” deyərək təpik vurmaq istədim ayaqlarım altında əyilən bu ölüyə. Amma birdən yoxa çıxdı.

 

Səhər saat 07:50

Anam:

"Ay uşaqlar, Eldar(atam) gəlin, süfrə hazırdır. Yusif, oğlum, oyan, Ayanı da oyat."

 

Gecədən bəri özümə gələ bilmirdim. Mətbəxə keçib hər kəsin deyə-gülə nahar etdiyini görəndə təəccübləndim. Sanki heç nə olmamış kimi həyatlarına davam edirdilər? 

"Ata, nə düşünürsən? Pulu hara qoydun?"

"Nə pulu, oğlum?"

"Dünən, Orxan əclafının gətirdiyi kisəni deyirəm də, ata."

"Oğlum, sən nə danışırsan? Nə Orxan? Orxan pul gətirib nədir? Yaxşısan sən?"

"Hə, ata, gecə Orxan əminin gətirdiyi pulları deyirəm, Nəsibənin toyunda oğurladığını dediyi."

"Oğlum, sən nəsə yuxu görmüsən. Nə Nəsibə, nə Orxan? Orxan ölüb."

Necə yəni? Yuxu idi? Yuxu ola bilməzdi axı, mən niyə belə bir yuxu görəydim ki?

Mətbəxdən çıxıb dəhlizə keçdim. Paltomu götürüb çölə çıxmaq, hava almaq istəyirdim. 

Dünəndən bəri düşündüyüm bir digər şey öz həyat tərzim, doğrularım, doğru bildiyim yanlışlarım idi. Nazlıdan sonra çox kobudlaşmışdım mən. Həyatdan, hər kəsdən qisas alırdım sanki. Məsum, səssiz Nazlıma necə qıymışdılar ki? Ona bunu edən həyata mən nə etsəm az idi deyə düşünürdüm özlüyümdə. Və getdikcə yadlaşırdım özümə...

Əynimi geyindim. Əlimi cibimə atdıqda bir kisə pul çıxdı. Yuxu deyildi. Bu işarəydi. Rəbbimin mənə göndərdiyi bir işarə... "Özünü toparla, Nazlı səni mələklərlə gözləyir, iblislərə dost olma" mesajıydı bunlar... 

Hər nə mesajıydısa da, yuxu deyildi...

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.