Xəyal adlı dünyada var olmaqdır yaşamaq Featured

“Bir şair, bir şeir” rubrikasında Ülviyyə Əbülfəzqızının şeirini təqdim edirik. Mövzu - əbədiyaşar sevgi mövzusudur.

 

Unutmaq üçün çabalamaq, 

unutduğunu düşünüb

unutmamaqdır unutmaq.

Gözünə həkk olmuş simanı silməyə cəhd, 

gözünə cəza vermək- acı suda acımadan

boğmaqdır xatırlamaq.

Xoşbəxt obraza dönüb

həqiqət misrasında matəm çadrasına bürünməkdir,

yas tutmaq.

Dilində  qəzəblə " Kimdir o? " söyləyib

qəlbində əzizləməkdir,

dəlicəsinə bağlanmaq.

Zamanını, ömrünü acizcəsinə

fəda etməkdir,

Ağlını azdırıb onun varlığına sarılmaqdır,

fədakar olmaq.

Bəxtinin ayaqlarına düşüb,

Onu qaytarmaq üçün əsl fəryaddır,

məzlumtək yalvarmaq.

Nədir? Nədir axı quru nəfəs almaq?

Ruhunu ondan ayrı vücud adlı məngənədə

sıxmaqdır yaşamaq.

Ondan uzaq xəyal dünyasında -

“zülm səltənətində”

yaşamaqdır var olmaq!

 

“Ədəbiyyat və incəsənət”

(26.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.