“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
45-Cİ DƏRC
2-ci diktor:
-1-ci dünya müharibəsi başlayanda Njde çar tərəfindən bağışlandı, Tiflisə köçdü. Rusiya ordusundakı könüllü erməni drujinasına başçılıq etdi. Sonra Rus ordusunun erməni-yezit bölməsinin komandiri oldu. 1-ci erməni alayının tərkibində Türkiyə ərazisində -“Qərbi Ermənistanda” döyüşlərdə göstərdiyi şücaətə görə çar tərəfindən Müqəddəs Vladimir ordeni ilə təltif olundu. 1915-ci ildə ona poruçik rütbəsi verildi.
1918-ci ildə o, artıq müstəqillik elan etmiş Ermənistan respublikasında yüksək hərbi vəzifə daşımağa başladı. 1918-ci ildə Vedibasarda qiyama qalxan azərbaycanlılara qan uddurdu.
1919-cu ildə Ermənistan ordusunun kapitanı rütbəsini aldı. Zəngəzurda azərbaycanlıların qətliamında Androniklə bərabər ad çıxartdı. 1919-cu ildə o, Qafan rayonunda hərbi rəhbər təyin olundu. Njde erməni ordusunun komandanı Dronun sağ əli kimi tanınırdı.
1-ci diktor:
-1920-ci ildə bolşeviklər Ermənistanı ələ keçirəndə Njde onlara qarşı mübarizəyə başladı, ona snarapet – yəni, erməni milli ordusunun baş komandanı fəxri adı verildi. Njde öz adamlarını Sovet Ordusunda sabotaj və cəssusluq etməyə yollayırdı, əhali arasında əks təbliğat aparırdı. Oktyabrda o, Zəngəzur qiyamını təşkil etdi, bolşevik ordusunun bir alayını əsir götürdü.
Sonradan – 1947-ci ildə həbs edilərkən istintaq sübut edəcəkdi ki, Njde təkcə bu 3 il ərzində şəxsən 400 türkü və azərbaycanlını, bolşevik rusu və bolşevik ermənini güllələmişdir. Bu adamın tüfəngdən səlist atəş açmaq bacarığı da olub.
Diktorlar effekt yaratmaq üçün pauza yaratdılar.
Hamı qəzəbli baxışlarla qaniçən Njdeyə baxırdı, o isə sakit idi, təmkinli idi. Elə bu təmkiniylə də “Mən ideoloq olmuşam, cəllad olmamışam” söylədi.
Mətni 2-ci diktor davam etdirdi:
-Çar Rusiyasının Zəngəzur bölgəsində Sovet hakimiyyətini qəbul etməyən ermənilər “Dağlıq Ermənistan” adlı yeni respublika qurdular, Njde bu respublikanın prezidenti seçildi. Lenin Njdenin üstünə böyük qüvvə göndərdi, nəticədə Njdenin ordusu məğlub oldu, qondarma dövlət süqut etdi, Njde İrana qaçdı. Həmin dönəmdə Sovet hökuməti separatçılığına görə onun barəsində cinayət işi qaldırmışdı, Daşnaksütun partiyası isə axıradək Dağlıq Ermənistan dövlətini qoruya bilmədiyi üçün onu partiyadan xaric etmişdi.
1922-ci ildə Njde vaxtı ilə qəhrəmanı olduğu Bolqarıstana gedib orada – paytaxt Sofiyada yaşamağa başladı. Ermənistanın milli məsələlərinə Bolqarıstandakı erməni diasporunun rəhbəri kimi qarışdı. O, türklərə və bolşevizmə qarşı ömrünün sonunadək vuruşacağını, erməni xalqını əsarətdən xilas edəcəyini həmişə bəyan edirdi. Tseqakron gənclər qrupunu yaratdı, məqsəd gənclərə millətçilik dərsi vermək, onları azadlığa kökləmək idi. Nəticədə minlərlə erməni gəncinin beyni millətçiliklə zəhərlənirdi. Sonradan politoloq Volker Yakobi elan edəcəkdi ki, Njdenin tseqakronu elə özlüyündə faşizm kimi bir ideologiya idi. Tseqakron sözü– nəsil və din sözlərinin birləşməsindən yaranmışdı. Toma de Vaal isə yazacaqdı: ”Njde bu təşkilatı yaradanda tam faşıst meyilliyini göstərmişdi”.
Erməni müdafiəçilərdən birinin “Düz yazmayıb Vaal” sözləri mətni kəsmək çabası göstərdi, amma mətn davam etdirildi:
-Njde o dönəmdə Amerikaya gedib orada Andlılar ittifaqı da yaratmışdı, Avropada filiallarını açmışdı. Gənclər türklərə və bolşeviklərə düşmən olacaqlarına and içərək Njdenin ətrafında birləşirdilər. O illərdə Njde çoxlu kitablar da yazırdı, dünya ermənilərinin bir lideri olmaq istəyini ortaya qoyurdu. Armenizm ideologiyası da bu şəxsə məxsusdur, mənası isə “Ermənistan – ermənilər üçündür” formulasıdır.
Tezliklə o, Bolqarıstanda erməni millətçi partiyasını yaratdı. Ardınca Erməni milli şurasını yaratdı.
Növbəti pauza yarandı. Njdenin 2-ci dünya müharibəsi dövründəki fəaliyyəti barədə 1-ci diktor danışdı:
-2-ci dünya müharibəsində Erməni milli şurası Fulxandanyan, Baqdasaryan, Davidxanyan, Papazyan, Njde, Dro və Dartovmasyandan ibarət heyətlə nasist Almaniyasının işğal edilmiş torpaqlar üzrə naziri Alfred Rozenburqa Ermənistanda alman koloniyası yaratmaq təklifi irəli sürdülər. Ardınca isə erməni legionu yaratmaq təklifində bulundular.
Njde Erməni legionuna başçılıq edərək faşist Almaniyasının tərəfində qanlı döyüşlərə imza atdı. Bugünkü prosesdə Njdenin məhz bu fəaliyyəti geniş təhlil ediləcək deyə bu barədə çox danışmayıb sonrakı dönəmə adlayırıq. Sovet qoşunları Bolqarıstanı faşistlərdən azad edəndə Njde bu dəfə sovet qoşunlarının başçısı general Tolbuxinə əməkdaşlıq təklif etdi, “Türkiyəylə müharibə edin, mən gedim türkləri qırım“ istəyini dilə gətirdi, amma bu hiyləgərliyi keçmədi, nasistlərlə əlaqəsi tam sübut olunduğu üçün ona qarşı cinayət işi açıldı.
1945-ci ilin oktyabrında o həbs olundu, Moskvaya –Lyublyanka həbsxanasına aparıldı. Faşistlərə xidmətinə görə həyat yoldaşını və oğlunu bolqar hökuməti 1945-ci ildə Sofiyadan Pavlikeniyə sürgün etdi, həyat yoldaşı yeni yaşayış yerində vərəm xəstəliyinə tutulub öldü.
1946-cı ildə Njde Yerevan həbsxanasına etap olundu. Faşistlərə xidmətindən başqa o, Zəngəzur qiyamına görə də müqəssir hesab edilirdi. Üstəlik, etnik təmizləmə apararaq minlərlə azərbaycanlının qətlinin əsas baiskarı sayılırdı. Türklərin öldürülməsi, erməni kommunistlərin öldürülməsi – ayağında onlarca cinayət var idi.
1947-ci ildə məhkəmə ona ən ağır cəzanı kəsdi. Sovetlərdə güllələnmə cəzası qadağan idi deyə o, 25 il həbs aldı, Vladimir həbsxanasına göndərildi. 1955-ci ildə vərəm xəstəliyindən həbsxanada öldü. Nəşini Ermənistan qəbul etmədi deyə onu yiyəsiz kimi Vladimirdə basdırdılar.
Və nəhayət, mətnin sonunu yenidən 2-ci diktor oxudu:
-Amma sonradan nəşin qalıqları Ermənistana gətirildi, 3 yerdə basdırıldı, Postsovet dövründə bu şəxs cinayətkardan milli qəhrəmana çevrildi. Bu gün onun Tseqakron ideologiyası yenə də təbliğ olunur, bu adda partiya da var. Dərsliklərdə Njdenin bölümü çox genişdir, erməni xalqının xilaskarı obrazı verilib ona. Nəşi basdırılan yerlər müqəddəs yerlər adlanır, insanlar onun ziyarətinə gəlirlər.
Njde kultu Ermənistanda çox güclüdür. Ona Qafanda – Xustup dağında ucaldılan memorialda insanlar iki dəfə məzarının ətrafında dövrə vururlar, kahinlər ziyarətçilərə söyləyir ki, Njde peyğəmbər olub.
Bəli, fanatizm bu insanları görün necə kor, kar və lal edib. Njdenin fotoları açıqcaları, poçt markalarını bəzəyir, 100 dram dəyərində qızıl sikkələr onun adınadır, Ermənistan Ordusunun mükafatlarından biri “ Qaregin Njde” medalı adlanır. Haqqında çoxlu bədii, sənədli filmlər çəkilib, kitablar yazılıb.
Yerevanın mərkəzindəki abidəsi isə bürüncdən tökülüb, 5,7 metr hündürlüyündədir.
-Hətta bu qədər!!!
Bir nasistə, cəllada edilən səcdənin miqyası auditoriyanı tam mat qoymuşdu.
Diktor mətni bitəndən sonra Baş Hakim ekspertlərdən xahiş etdi ki, 2-ci dünya müharibəsində erməni legionunun yaradılması barədə ətraflı bilgi versinlər. Baş ekspert məsuliyyəti öz üzərinə götürüb bütün prosesi tək aparmaq həvəsi ilə ilk arayışı təqdim etdi:
-“1941-ci ildə Hitler Almaniyası SSRİ-yə qarşı müharibəyə başlayanda Avropada yaşayan millətçi ermənilər məkrli planlarını həyata keçirmək üçün fürsət yarandığını fikirləşdilər. Onlar Avropanı işğal etməyə yaxın görünən faşistlərin qundağında sürünüb öz “Böyük Ermənistan” xəyallarını gerçəkləşdirə biləcəklərini düşündülər. Beləcə, bu yeni ideologiyanın müəllifləri 1919-cu ildə daşnak hökümətinin başçısı olmuş A.Xatisyanı tapıb Adolf Hitlerə təqdim etdilər və ermənilərin almanların sadiq dostu, ədalət uğrunda mübarizə aparan xalq olduqlarını bildirirlər. Bu zaman ermənilərin almanlarla guya tarixən eyni bir kökə malik olmaları, hər iki xalqın ari köklü olması iddiasını da irəli sürüb faşizmə meyillərinə don geydirməyə çalışdılar.
Tarixçı Samuel Vimz yazır ki, almanlarla görüşən daşnaklar əllərindəki “sənəd”lərlə sübut etməyə çalışırdılar ki, “Qafqazın bir hissəsi və Türkiyənin qərb hissəsinin 95 faizi erməni əhalisindən ibarətdir və onlar müstəqillik əldə etsələr Hitlerin sadiq qulları olacaqlar”.
Erməni Komitəsi adlanan qurumun isə dünya ermənilərinə yazdığı müraciətində deyilirdi: “Alman Reyxinin himayəsi altındakı Ermənistan gücləri Yaxın Şərqdə alman təsirini gücləndirməyə çalışmaq məcburiyyətindədir. Ermənilər İngiltərə və Rusiyaya daha inanmalı deyillər və almanları özlərinə hami saymalıdırlar”.
III Reyx rəhbərliyinə yol tapmaq prosesində general Dro - Drastamat Kanayan xüsusi fərqləndi. Bu həmin Dro idi ki, 1918-1920-ci illərdə Zəngəzurda və Naxçıvanda silahsız azərbaycanlılara hücum etmiş, əliyalın əhalini amansızcasına qətlə yetirmişdi.”
Njde yerindən qışqırdı ki, onda gedin Dronu mühakimə edin də, məndən niyə yapışmısınız.
Baş ekspert cavab hazırladığı məqamda artıq gənc hakimdə cavab variant hazır idi:
-Njde mübarizəni Dronun şagirdi kimi başlayıb onun müəllimi kimi bitirdi!
Cavab sərrast olduğundan Njdedən reaksiya gəlmədi, Baş ekspert də mətnini davam etdirdi:
-“1942-ci ilin dekabrında general Dro və erməni yazıçısı Qaro Gevorkyan Henrix Himlerin qəbulunda olmuş və ona pastor Lepsiusun “Erməni xalqının ölümcül yürüşü” kitabını təqdim etmişdilər. Reyx erməni xalqı barədə məlumatlarla tanış olub, xüsusən bu xalqın Osmanlı və Rusiya imperiyaları daxilində vaxtı ilə törətdikləri qiyam və terrorlarda bir xəyanətkarlıq siması aşkarlayıb onlarla əməkdaşlığa girməyə razılıq verdi, təcili Almaniyada olan erməni mühacirlərlə yığıncaqlar keçirildi, onlardan SSRİ-yə və Türkiyə dövlətinə qarşı istifadə etmək planlaşdırıldı. Berlin ermənilərə SSRİ-yə qarşı müqəddəs müharibəyə hazırlaşmağı tövsiyə etdi.
Hətta bəzi mənbələr iddia edir ki...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)