“Oxuduqları hər söz gənclər üçün bir xəzinədir” - TÜRKİYƏLİ YAZAR CEMAL DURMAZLA MÜSAHİBƏ Featured

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına Türkiyədən hazırladığım növbəti müsahibəni təqdim edirəm. Bu dəfə müsahibim Yazıçılar və Şairlər Həmrəyliyi Dərnəyi”nin prezidenti, “İlkses” qəzetinin  köşə yazarı, üç detektiv-macəra romanının müəllifi Cemal Durmazdır. 

 

 

-Zəhmət olmasa öncə özünüz haqqında Azərbaycan oxucularına məlumat verərdiniz.

 

-Cemal DURMAZ, 1966-cı ildə Balıkesirdə anadan olmuşam. Hazırda İzmir vilayətinin Karşıyaka rayonunda yaşayıram. Ailəliyəm, iki övladım var. Təqaüdçü Jandarma işçisiyəm. “Yazıçılar və Şairlər Həmrəyliyi Dərnəyi”nin (“Yazarlar ve Şairler Dayanışma Derneği”) prezidenti vəzifəsini davam etdirirəm. 6 ildən çoxdur “İlkses” qəzetində köşə yazarıyam. Çap olunmuş üç detektiv macəra romanım var.

 

-Ədəbiyyata marağınız necə yarandı?

 

-2006-cı ildə Jandarmadan təqaüdə çıxandan sonra ədalətə diqqət çəkmək üçün kitab yazmaq qərarına gəldim. Ədəbiyyata marağım insanlara mesaj vermək istəyimdən irəli gəlirdi. Bu dünyada insanların Ədalətlə mümkün qədər bərabər şəraitdə görüşməsini təmin etmək məqsədi daşıyıram. Ona görə də yazmağa davam edirəm.

 

-Əsər yazmağa nə zaman başladınız və ilk əsərinizin mövzusu haqqında məlumat verə bilərsinizmi?

     

-Dörd ilə yaxın müddətə ədalətə diqqət çəkmək məsələsi ilə bağlı “VİCDANLARIN ƏDALƏTİ” silsiləsindən bədii əsərimi yazmağa başladım. 2012-ci ildən sonra sürətimi artırdım. 2020-ci ildə “Vicdanların Ədaləti” – ƏRGAMALI adlı ilk kitabımı nəşr etdirdim.

Kitabım tamamilə uydurmadan ibarətdir. Qısaca desək, zəngin, yüksək rütbəli insanlar ədalətdən öz xeyrinə istifadə etməyə çalışdıqda, bir komanda digər məzlum seqment üçün ədaləti təmin edir. Ədalətin bir gün zühur edəcəyini və onları ən xoşbəxt günlərində tapacağını vurğulamaq istədim.

 

-Əsərlərinizi yazarkən ilham mənbəyinizi haradan alırsınız?

 

-İlham mənbəyim tamamilə təəssüratlarım, müşahidələrim və baş verən ədalətsizliklərdir. Kitablarımı bunlar əsasında yazdım və yazmağa da davam edirəm.

 

-Romanlarınızın mövzusu haqqında məlumat verə bilərsinizmi?

 

-“Vicdanların Ədaləti – ƏRQAMALI”, “Vicdanların Ədaləti – PUSU” və üçüncü əsərim “Vicdanların Ədaləti – MELİSA”, bunların üçündə də haqsızlıq anlayışı vurğulanır və haqsızlığa dur deyən qəhrəman ədaləti özlərinə sərf edən şəkildə görmənin bir qazanc olmadığını və vicdanların ədalətinin bir gün təcəlli edəcəyini göstərməkdədir.

    

-Dünya ədəbiyyatından hansı detektiv yazıçıları və əsərləri bəyənirsiniz?

 

-Əslində bəyəndiyim yazıçılar çoxdur, amma “Yazıçılar və Şairlər Həmrəyliyi Dərnəyi”nin prezidenti olaraq tanınmış yazıçıların adını çəkməkdənsə, öz qurumumuz daxilindəki yazarları izləməyi xoşlayıram. Biz öz yazıçılarımızı yetişdirib, daha yaxşı məqamlara çatdırmalıyıq. Birliyimizin məqsədi də budur.

 

-Xəyallarınızın  genişlənməsinə səbəb olan hadisələr hansılardır və bizlərə bu haqda bəhs edə bilərsinizmi?

 

-Bütün dünyaya ədalət mesajı verə bilməyi çox istərdim. Mən bunu yazmaqla edirəm. Bu mənim üçün böyük xoşbəxtlikdir. Həm də köşə yazarı olmaq da mənim üçün çox gözəl bir hissdir. Bununla belə, yazıçı və şairləri bir araya gətirən bir dərnəyin yaradıcısı və qurulduğu gündən bəri prezidenti olmaq mənim üçün möhtəşəm bir hissdir.

    Xəyal edərkən gerçəkləşməsi mümkün olan xəyallar qururam. Çox çalışıram və nail oluram. Məyus olmaq istəməyənlərə məsləhətim də budur. Realist olmaq lazımdır.

 

-Zaman sizin üçün nə deməkdir? Yazarkən hər hansı bir rutininiz varmı?

 

-Bu gün hər bir insan üçün ən dəyərli olan şey öz vaxtıdır. Mən heç vaxt zamanımı boşa itirmərəm. Həmişə nəyisə öyrənməyə çalışıram.

  Yazmaq isə ayrı bir vaxt tələb edir. Bəli, mən müəyyən qaydada yazmıram, çünki assosiasiya prezidenti olmaq gərgin iş tələb edir. Ona görə də qalan vaxtımda yazmağa çalışıram. Nə vaxt diqqətimi toplaya bilsəm, romanlarımı yaza bilərəm.

 

-Kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır? 

 

-Kitab oxuma vərdişini inkişaf etdirmək üçün xüsusilə gənclər nə tapa bilirlərsə oxumalıdırlar. Amma vaxt tapdıqca roman və hekayə oxumaqdan geridə qalmamalıdırlar. Oxuduqları hər söz onlar üçün bir xəzinədir, bunu gələcəkdə çox yaxşı anlayacaqlar. Bir mövzu haqqında yazmaq üçün həqiqətən yaxşı söz xəzinəsi tələb olunur. Odur ki, gənc yaşlarında bir neçə səhifəlik hekayələrlə oxuma vərdişinə başlayanda, yaşlandıqca daha yaxşı təchiz olunmuş kitablarla bunu davam etdirməlidirlər.

 

-Türkiyədəki hal-hazırdakı mütaliənin vəziyyəti sizi qane edirmi? 

 

-Türkiyədə kitaba marağın azaldığı qənaətindəyəm. Buna səbəb onların iqtisadi çətinlikləridir. Türkiyədə bir çox kitab sərgilərində iştirak edirəm. İştirakçılar kitab almaqda çətinlik çəkdiklərini bildirirlər. Amma onu deyə bilərəm ki, ümumi oxucu kütləsi var və bu insanlar kitab almaqdan əl çəkmirlər. Arzu edirik ki, hər bir vətəndaşımız kitab oxusun.

 

-Başqanı olduğunuz “Yazarlar ve Şairler Dayanışma Derneği” və fəaliyyətləriniz haqqında məlumat verə bilərsinizmi?

 

-YAZŞADER-18 yanvar 2022-ci ildə mən də daxil olmaqla 13 dostumla quruldu. Üstündən iki il keçməsinə baxmayaraq, 160 yazıçı və şair üzvümüz var. Çox uğurlu prosesdən keçdiyimizi vurğulamalıyam.

  18 yanvar 2023-cü ildə birinci yubileyimizdə Fəxri Ədəbiyyat Mükafatlarını təqdim elədik. Bu il ikincisini də edəcəyik.

 Hal-hazırda 10 Noyabr və Atatürk mövzusunda şeir yarışmamız davam etməkdədir. Müraciətlər gələn həftə bağlanacaq və nəticələr noyabrın 10-da elan ediləcək.

 Bütün Tüyap Kitab Sərgilərində iştirak etdik. Dərnək olaraq İstanbul, İzmir, Samsun, Bursa və Adana Tüpay kitab sərgilərində iştirak etdik.

Burdur vilayətinin Bucak rayonunda dərnək üzvlərimizin iştirakı ilə butik kitab sərgisi də keçirdik.

Dərnəyimizin nəşriyyat fəaliyyəti üçün təsərrüfat müəssisəsi yaratdıq və birlik daxilində 40 kitabın nəşrini təmin etdik.

Rayon bələdiyyələrinin təşkil etdiyi kitab sərgilərində iştirak etdik.

Hazırda dərnəyimiz daxilində ədəbiyyat jurnalı üzərində işləyirik. Onun adı “BEYAZ TÜY” olacaq.

 

-Azərbaycan ədəbiyyatını izləyirsinizmi?

  

-Düzünü desəm, çox da yaxından izləmirəm. Amma Habil Yaşarın kitabını oxudum. Onun əla bir qələmi var. Amma bir gün Azərbaycana gəlib yazıçılarla söhbət etmək istərdim.

 

-İnşallah, gələrsiniz! Gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi?

      

-Prezidenti olduğum “Yazşader” adlı bu dərnəyi ölkəmdə ədəbiyyat sahəsində brend etməyi planlaşdırıram. Bu məqsədlə hər gün daha çox çalışıram. Bu baxımdan mənə dəstək olan bütün üzvlərimizə də təşəkkür edirəm.

 Ən böyük arzum “Vicdanların Ədaləti” seriyasının dördüncü kitabını tamamlayıb bu əsərləri böyük ekrana köçürməkdir. Onu filmə və seriala çevirməyə çalışacağam.

 

-Ənənəvi kitablara və ya elektron kitablara üstünlük verirsiniz?

 

 -Mütləq ənənəvi kitablar, mən rəqəmsal və ya e-kitablardan bir qədər uzağam. Hələ də kitabı, qəzeti əlimdə tutub oxuyuram. Bu yolu bundan sonra da davam etdirəcəyəmi düşünürəm.

 

- Bir  yazar olaraq digər yazarlara məsləhətləriniz nədir?

 

-Yazıçının da eyni zamanda xarakteri olmalıdır. O, əsərlərini ərsəyə gətirərkən cəmiyyətə hansı mesajlar verdiyini diqqətlə təhlil etməlidir. Onlar yeni yazıçılara, onların əsərlərinə dəyər verməli, kitablarını oxumağa, yeni qələm sahiblərini tanımağa çalışmalıdırlar.

 Həmişə daha yaxşı yazmaq üçün insan daha çox oxumalı, müşahidə etməli və araşdırmalıdır.

 Oxuduqlarından, öyrəndiklərindən ibrət götürməli, yeni yazılarında istifadə edərək öz həyatına da dəyər qatmalıdır.

 Bu müsahibə ilə bizə Azərbaycanda ədəbi söhbət etmək imkanı verirsiniz. Habil YAŞAR bəyə çox, çox təşəkkür edirəm. Onu da qeyd edim ki, tezliklə bir araya gəlmək istərdim.   

 

-Dəyərli zamanınızdan vaxt edərək  fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram Cəmal bəy, sizə həyat və yaradıcılıqda uğurlar arzulayıram.

 

-Mən də sizə, bütün yaradıcı heyətə təşəkkür edirəm.

                        

“Ədəbiyyat və incəsənət”

(24.10.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.