“Ədəbiyyat və incəsənət” portalının Poetik Qiraət rubrikasında istedadlı gənc şair, Azərbaycan Yazıçılar Birliyinin Gənclər sektorunun müdiri Fərid Hüseynin şeirləri həftəsidir. Bu gün “Təftişnamə” şeiri təqdim olunur.
TƏFTİŞNAMƏ
Dərs vermək riyasın qoymuram yaxın,
Çoxdandır öyüdlü nəğmə çalmıram
tarix təkrarların rəqsidir, - baxın.
nəticə çıxarmır, ibrət almıram.
Uçulur saraylar, dağılır yurdlar,
silinir ən əziz günlər yaddaşdan.
Əbədiyyət şövqü çəkdirir avar -
fanilik qərq olur ani təlaşdan.
Bu bilgi dünyası, xəbər əsrində
nə bir zindanban var, nə də ki, dustaq.
“Yeddi qapısı açıq” labrint qəsrində
qarışqa tükücən azadıq ancaq.
Dəm vurma şöhrətdən, nə ad, nə namdan
tarixin nəmindən əsrim kiflənib.
Qardaşlar qanıyla dolu bu camdan
sülhün göyərçini içib, ¬ keflənib.
Nə qəbir nişanə qalacaq, nə söz,
su üstünə yazır hər şeyi qələm,
Sürət əsri - ömür yeyən bir acgöz
tələsmək ipinə bağlıdır tələm.
Çox haqq bir nahaqqın içində azıb
Yanlışdı deyilən, qələtdir hesab.
“Bütün cümlələri təzədən yazıb”
bütün hesabları ən başdan sayaq.
Ərşin düyünündən zaval sallanır,
alimlər aludə bəla vəsfinə.
Sürətə uymaqla calaq olunur
nəfs ağacımız əsrin nəfsinə.
Qədir gecəsitək susmaq istədim
dindirdi sükutu səs tamahkarı.
əlimi ruhuma basmaq istədim
pozuldu zikrimin nizam qatarı.
Gözəllik çoxdandır timsalımızda
riya dayağına bərk zəncirlənib
əfsus, surətpərəst xəyalımızda -
şeytanın üzündə şər bədirlənib.
“Ədəbiyyat və incəsənət”
(24.10.2023)